23 Dekabr 2024

Azərbaycanın beş maddəlik təklifinə Ermənistan “altı” ilə cavab verdi: Nələr gözlənilir? – TƏHLİL

Ermənistan Azərbaycanla münasibətlərin normallaşması üçün rəsmi Bakının təqdim etdiyi beş maddəlik baza prinsipini özündə ehtiva edən təkliflərinə altı təkliflə cavab verib.

Bu barədə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan məlumat verib.

Onun sözlərinə görə, İrəvanın altı bəndlik cavabı prinsipcə Azərbaycanın maraqlarına qarşı yönələn tezislər üzərində qurulmayıb.

Azərbaycanın sərhədlərin delimitasiya və demarkasiya prosesi ilə bağlı istinad etdiyi xəritələr, görünür ki, İrəvan tərəfindən qəbul edilib. Çünki Qriqoryan deyib ki, bütün xəritələr, tarixi faktlar məlumdur və Azərbaycanın da bu xəritələrlə tanış olmaq imkanı var. Sözsüz ki, Qriqoryan burada daha çox erməni təbliğatının məhsulu olan təhrif edilmiş xəritələrdən söz aça bilər, amma onun “bütün” sözünü işlətməsi Bakıya danışıqlarda üstünlük təmin edən manevrlər üçün geniş imkanlar verəcək.

Ermənistan burada da Azərbaycanın suverenliyini tanıdığını elan edir və Qriqoryan 1992-ci ildə MDB çərçivəsində qəbul edilən qarşılıqlı tanınmanı gündəmə gətirir. Lakin İrəvan Qarabağ mövzusunda yenidən nala-mıxa vurur və statusdan danışır, hərçənd ki, budəfəki status fərqli motivlərdə təqdim edilir.

Qriqoryanın Qarabağdakı ermənilərin hüquqlarının və təhlükəsizliyinin təmin edilməsinin yedəyində status mövzusunu ikinci planda təqdim etməsi belə deməyə əsas verir ki, İrəvan bulanıq sularda balıq tutmaq üçün cəhdlərini hələ də yerə qoymayıb. Bu isə əslində Ermənistan xalqının könlünü almaq üçün metodun tərkib hissəsi kimi qələmə verilə bilər.

Onsuz da rəsmi Bakı Qarabağdakı ermənilərə Azərbaycan yurisdiksiyası altında hüquqlar tanıyacağını bəyan edir və Qriqoryanın bu səpkidə açıqlaması da Bakının təməl maraqlarına qarşı çıxış edən tezis halına gələ bilməyəcək.  

Bununla belə, Qarabağa dair Ermənistanın təklifi ərazi münaqişəsi yox, hüquqi-təhlükəsizlik məsələsi kontekstində gözə çarpır ki, bunun özü də Ermənistanın ağıllı olmaq üçün bəlli məsafə qət etdiyinin nişanəsidir.

Ermənistan bilir ki, Azərbaycan status məsələsinin üzərindən xətt çəkib və bunu ölkənin hüquq sistemində təsbit edib (Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarının yaradılması kontekstində).

Bu isə beynəlxalq hüquq üçün də keçərlidir, çünki yerli ərazi-idarəetmə sistemi beynəlxalq hüquqda həmin ölkənin yurisdiksiyası kimi tanınır və beynəlxalq hüququn prinsipləri ilə hər-hansı ziddiyyət təşkil etmir.

Üstəgəl, Ermənistan əgər indiki mülayim mahiyyətindən ayrılıb özünü revanşizmin zirvəsinə dırmaşdırmağa çalışsa, bunun daha ağır bədəli olacaq.

Digər mövzu anklavlar məsələsidirsə, hazırda əlamətlər bunu deyir ki, bu, sülh sazişinə dair baza prinsiplərinin üzərində inşa ediləcək bəndlər çərçivəsində müzakirə üçün aktuallıq qazanacaq.