15 Dekabr 2024

İranın artıq NÜVƏ SİLAHI var – SENSASİON DETALLAR

Yəhudi analitikə görə, artıq qarşısıalınmaz reallıq var və onları yalnız dərinə nüfuz edən xüsusi bombalarla dağıtmaq mümkündür; rəsmi Tehran isə İsrailin son hücumundan sonra nüvə silahı yaratmaq planı olmadığını bəyan edir

“Düşünürəm ki, İranın atom silahı problemi artıq həll edilə bilməz. Biz çox gecikmişik”. “Yeni Müsavat” xəbər verir ki, bunu məşhur israilli jurnalist və analitik Dmitri Dubov Haqqın.az-a deyib. Onun sözlərinə görə, İranın onlarla nüvə obyekti var və onlar bütün ölkəyə səpələnib: “Hər bir belə obyekt yaxşı möhkəmləndirilib və yerin dərinliklərində yerləşir. Onları yalnız dərinə nüfuz edən xüsusi bombalarla dağıtmaq olar. İsraillilər çətin ki, ABŞ-ın dəstəyi olmadan bunu edə bilsinlər. Amerikalılar isə bir sıra səbəblərdən bu işdə bizə kömək etməyə tələsmirlər”.

Bu səbəbə o hesab edir ki, İranın nüvə proqramının tamamilə məhv edilməsi ssenarisi qeyri-mümkün missiyalardan biri kimi görünür: “Mənə elə gəlir ki, biz İranın öz nüvə silahını yaratması ilə barışmalıyıq. Biz indi yalnız ayətullahların rasionallığına arxalana bilərik və ümid edirik ki, onlar müasir dünyada atom silahlarının hücum üçün istifadə edilmədiyini başa düşürlər. Bu faktorun sırf çəkindirici mənası var. İran nüvə çətiri hesabına öz regional ambisiyalarını həyata keçirmək istəyir. Nüvə dövləti olmaqla o, öz təsirini Yaxın Şərqə və digər regionlara daha asan yaya biləcək”.

Doğrudanmı Tehranın nüvə silahına malik olması artıq faktdır? Belə olan surətdə Azərbaycan və Türkiyənin reaksiyası nə olacaq? Cavab olaraq nə vaxtsa Azərbaycan öz ərazisində nüvə başlıqları yerləşdirə bilərmi? Çünki Türkiyədə artıq var. Onu da qeyd edək ki, İranın dini lideri Əli Xameneinin kütləvi qırğın silahlarının yaradılmasının islama görə haram olması haqda fətvası olduğu deyilir.

“İsrailin hücumlarından sonra İran nüvə və müdafiə doktrinasına yenidən baxmalıdır”. Bunu İran parlamentinin üzvü Məhəmməd Rza Səbagian deyib. “Sionist rejim və ABŞ-ın təcavüzünə cavab olaraq, təcavüzkarların da malik olduğu müdafiə silahlarını əldə etməyi nəzərdən keçirməli, ölkəmizin müdafiə və nüvə doktrinasına yenidən baxılmalıdır”, – deputat bildirib.

Qeyd edək ki, İsrailin İrana son hücumunda onun nüvə obyektlərinə zərbə endirilmədiyi açıqlanıb. Bu faktın özü təsdiq edir ki, İranın ən azı belə obyektləri mövcuddur. Lakin nüvə bombasına malik olması israilli analitikin açıqladığı sensasion fikirdir. “İranın İsrail Müdafiə Qüvvələrinin (IDF) zərbəsindən sonra heç bir şəkildə nüvə silahı yaratmaq və ya hərbi doktrinasını dəyişmək planı yoxdur”. Bu barədə İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmail Baqai bildirib. “Kütləvi qırğın silahları ilə bağlı mövqeyimiz çox aydındır və dəyişməz olaraq qalır: ölkəmizin ali dini-siyasi hakimiyyətinin fətvasına və sağlam düşüncəyə əsaslanaraq, biz nüvə proqramımızı hərbi istiqamətə keçirmək fikrində deyilik”, – diplomat bildirib.

Ramil Məmmədli: Ermənistan davamlı şəkildə Azərbaycana qarşı terror,  diversiya aksiyaları həyata keçirir - AZƏRTAC

Ramil Məmmədli

Hərbi ekspert Ramil Məmmədlinin “Yeni Müsavat”a bildirdiyinə görə, İran bu iddiaları birmənalı şəkildə rədd edir və MAQATE də bu ölkəyə dəvət edilir. Ekspert Tehranın belə bir silaha malik ola biləcəyini istisna etmir: “Dünyada hərbi eskalasiyaların genişlənməsi riskləri artdıqca ölkələr müdafiə imkanlarını gücləndirir. Hazırda əksər ölkələr hərbi sənaye kompleksini inkişaf etdirməyə çalışır, potensialını gücləndirir. İran da təbii ki, bu istiqamətdə addımlar ata bilər. Bu ölkənin yerləşdiyi coğrafiya, qonşuluğunda Əfqanıstan, Pakistan kimi dövlətlərin varlığı, terror təhlükəsi ilə hər zaman üzləşməsi, Qərbdən sanksiyalara məruz qalması, proksi qüvvələrinə verdiyi dəstəklə Yaxın Şərqdə silahlı mübarizəni davam etdirməsi əlbəttə ki, İranı daha da vacib addımlara getməyə vadar edir. Ona görə də Tehran fikirləşir ki, onun niyə də nüvə silahı olmasın?! Əgər düşmənlərin varsa, onun da ola bilər. Xüsusən də hazırda nüvə müharibəsi ritorikası artıb, ölkələr bir-birini təhdid edirlər və belə vaxtda İranın nüvə silahına sahiblənmək istəyi realdır. Amma hazırda onların bu bombaya malik olduqlarını söyləmək çətindir”.

Emil SALAMOĞLU,
“Yeni Müsavat”