16 Sentyabr 2024

“Azərbaycan oyaqdır, sərvətinə dayaqdır!”

Etirazçıların tələbləri yerinə yetirilməyincə Şuşa-Xankəndi yolunda  aksiyalar davam edəcək

Artıq 12-ci gündür ki, ölkəmizin vətəndaş cəmiyyəti, qeyri-hökumət təşkilatlarının, ekoloqlarının və gənc fəalların Şuşa-Laçın yolunda Azərbaycanın təbii sərvətlərinin qeyri-qanuni istismarı, həmçinin ekoloji vəziyyətlə bağlı ilkin monitorinq məqsədilə respublikamızın dövlət qurumlarının nümayəndələrinin və mütəxəssislərin əraziyə girişinə maneçilik törədilməsinə qarşı etiraz aksiyası davam edir. Ermənistanla sərhəddə Laçın istiqamətində ayrıca sərhəd və gömrük nəzarəti postlarının yaradılması, Rusiya sülhməramlılarının komandanı Andrey Volkovun gəlməsi, Azərbaycan ərazisinə qanunsuz silah daşınmasının qarşısının alınması da aksiyaçıların tələbləri sırasında yer alır.

2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində, xüsusilə “Qızılbulaq” qızıl və “Dəmirli” mis-molibden yataqlarına yerində baxış, faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb.

Təbii ki, aksiya iştirakçılarının tələbləri yerinə yetirilməyincə tədbir davam edəcək. Fasiləsiz dinc aksiyanın iştirakçıları vətənpərvərlik ruhunda mahnılar, həmçinin “Qarabağ”, “Xudayar” təsnifləri və digər musiqilər ifa edirlər. Tədbirdən hazırlanan videoçarxlardan göründüyü kimi, aksiyaçıların Laçın və Xankəndi istiqamətində əllərində Azərbaycan bayrağı və üzərində müxtəlif şüarların yazıldığı plakatlarla etiraz səsləri daha da ucalır. Xüsusilə gənc fəallar Azərbaycan, rus və ingilis dillərində dayanmadan səsləndirdikləri şüarlarla ekoloji terrorun dayandırılmasını tələb edirlər. Belə ki, ekoloqlar, vətəndaş cəmiyyəti nümayəndələri və gənc könüllülər “Azərbaycan oyaqdır, sərvətinə dayaqdır!”, “Azərbaycan vahiddir, sərvətinə sahibdir!”, “Ekoloji cinayətə son!”, “Stop ekoterror!”, “Берегите природу!” “Экоциду нет! Мониторингу да!” şüarlarını səsləndirməklə beynəlxalq ictimaiyyətin diqqətini Qarabağda təhlükəli ekoloji vəziyyətə yönəltməyə çalışırlar.

Rusiya sülhməramlı kontingentinin Qarabağda müvəqqəti yerləşdirildiyi ərazidə azərbaycanlıların dinc aksiyası ilə bağlı Ermənistan mediası saxta xəbərlər yaymaqda davam edir.

Təbii ki, etrirazçıların bu tələbləri yerinə yetirilməyincə aksiyalar davam edəcək. Burada qeyri-adi heç nə yoxdur. Çünki ətraf mühitin qorunması ilə bağlı Şuşa-Laçın yolunda keçirilən etiraz aksiyası beynəlxalq konvensiyalara və Azərbaycanın ərazi bütövlüyü prinsiplərinə uyğundur.

Təəssüf ki, sosial şəbəkələrin erməni seqmenti və erməni mətbuatı Xankəndinin “blokadası” və “ərzaq qıtlığı” ilə bağlı yalan məlumatlar yayır, separtaçı rejimin tör-töküntüləri, hətta Ermənistanın rəsmi şəxsləri məsələ ilə bağlı həqiqətdənkənar, uydurma fikirlər səsləndirirlər. Hətta bu ölkənin baş naziri Nikol Paşinyan da bu qaraqışqırığa qoşularaq bildirib ki, guya Laçın yolunun “bağlanması” səbəbindən Qarabağda ərzaq qıtlığı yarandığından humanitar vəziyyət son dərəcə gərginləşib. Şübhəsiz, istər bu ölkənin mətbuatında yazılanlar, istərsə də N.Paşinyanın dedikləri xəstə erməni təxəyyülünün məhsuludur və qətiyyən həqiqəti əks etdirmir. Çünki aksiya başlayan gündən Şuşadan keçən Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus təminat avtomobillərinin hərəkət etməsinə normal şərait yaradılır. Belə ki, təkcə dekabrın 22-də sülhməramlıların 5 təminat avtomobili Laçın yolundan keçib. Həmçinin aksiya iştirakçıları Laçın-Xankəndi yolundan Beynəlxalq Qırmızı Xaç Komitəsinə məxsus avtomobillərin Xankəndidən Laçın istiqamətinə maneəsiz keçməsinə şərait yaradıblar.

Aksiya iştirakçıları bildirirlər ki, təşəbbüskarlar olaraq aksiyanı davam etdirmək və miqyasını genişləndirmək niyyətindədirlər. Yəni, onların tələbləri yerinə yetirilməyənədək, Rusiya sülməramlılarının rəhbəri etirazçılara müsbət cavab verməyənədək aksiyalar davamlı olacaq və daha da genişlənəcək. Bir sözlə, ermənilər və onların havadarları bilməlidirlər ki, aksiya iştirakçılarının söylədikləri kimi, “Azərbaycan oyaqdır, sərvətinə dayaqdır”.