22 Dekabr 2024

Şahin Mustafayev ermənilərlə onların dilində danışmağa gedir

Qabil Hüseynli: “Erməni dilini bilməsi Şahin Mustafayevin faydalı iş əmsalını artırmış olacaq, əhaliyə təsir etmək üçün əlavə imkanlar qazandıracaq”

Sentyabrın 25-də Xocalı şəhərində Qarabağın erməni sakinləri ilə təmaslar üzrə müəyyən edilmiş məsul şəxs Ramin Məmmədovun Qarabağın erməni sakinlərinin təmsilçiləri ilə növbəti görüşündə də mühüm razılaşmalar əldə edilib. Azərbaycanın baş nazirinin müavini Şahin Mustafayevin sosial-humanitar, iqtisadi və infrastruktur məsələlərin həlli üzrə rəhbərlik etdiyi İşçi Qrupun üzvlərinin cari fəaliyyət istiqamətlərini müəyyən etmək məqsədilə Xankəndi şəhəri də daxil olmaqla, ərazidə kommunal, səhiyyə xidmətləri və digər mülki fəaliyyətlə məşğul olan müvafiq nümayəndələrlə görüşünün təşkili və birgə işçi qrupunun yaradılması barədə razılıq əldə olunub. 

Qeyd edək ki, İşçi Qrupun tərkibinə İqtisadiyyat, Əmək və Əhalinin Sosial Müdafiəsi, Kənd Təsərrüfatı, Daxili İşlər, Səhiyyə, Elm və Təhsil nazirlikləri, “Azərenerji” ASC, “Azərişıq” ASC, “Azəriqaz” İstehsalat Birliyi, Avtomobil Yolları Dövlət Agentliyi və digər aidiyyəti qurumlar daxildir. Bu İşçi Qrupu sosial-iqtisadi problemlərin həlli üçün təşkil edilib.

Şahin Mustafayevin İşçi Qrupuna təyinatı da səbəbsiz deyil. Əvvəla, o, sərhədlə bağlı danışıqlara da rəhbərlik edir. Həm də Şahin Mustafayev Ermənistanda anadan olub, müəyyən müddət İrəvan İqtisad İnstitutunda oxuyub, təbii ki, erməni dilini də yaxşı bilir. Bu, İşçi Qrupunun rəhbərinin erməni icması ilə daha faydalı işləməyə imkan verəcək.

Fikrət Yusifov: “Dövlət özü əkib-becərənə həm dəstək olur, həm də öncədən  razılaşmış şərtlərlə onun istehsal etdiyi məhsulu alır” | Kaspi.az

Fikrət Yusifov

Sabiq maliyyə naziri Fikrət Yusifov “Yeni Müsavat”a bildirdi ki, antiterror əməliyyatlarından sonra atdığımız hər addımla, on illər ərzində işğal altında qalmış və separatçı erməni başıpozuq qruplaşmaları tərəfindən idarə olunmuş ərazilərimizdə Azərbaycanın Konstitusiya hüquqlarının bərpa olunmasını təmin edirik: “Qarabağ torpaqlarımızda nəhayət ki, haqq-ədalət öz yerini tapmağa başlayır. Əslində 44 günlük savaşdakı böyük qələbəmizdən sonra belə də olmalı idi. Azərbaycan dövləti ona aid ərazilərdə qanunçuluğu bərpa etməyə borclu idi. Lakin bu addımlar 3 ilə yaxın idi ki, mürtəce qüvvələrin müqaviməti ilə qarşılaşırdı. Sonda Azərbaycan bütün dünyaya sübut etdi ki, bu addımların alternativi yoxdur və antiterror əməliyyatlarından sonra dövlətimiz bu prosesə start verdi. Baş nazirin müavini Şahin Mustafayevin İşçi Qrupuna təyinatı əlbəttə ki, səbəbsiz deyil. Bu qrupa erməni dilini və erməni xislətini yaxşı bilən birinin təyin olunması olduqca uğurlu seçimdir. İşçi Qrupun fəaliyyətə başlamasından sonra Qarabağ torpaqlarımızın ermənilər yaşayan ərazilərində və ilk növbədə Xankəndidə Azərbaycanın dövlət qurumlarının fəaliyyəti bərpa olunacaq. Bunun alternativi yoxdur”.

Qabil Hüseynli səhhətindən danışdı: “Yoldaşım müalicə edir”

 Qabil Hüseynli 

Politoloq Qabil Hüseynli isə bildirdi ki, Xankəndidə hazırda hakimiyyət boşluğu var. Bunun nəticəsidir ki, terrorçu separatçı ermənilər orada böyük benzin çənini partlatdılar: “Orada hakimiyyət boşluğunu tez doldurmaq lazımdır ki, qanunsuzluqlar, terror hərəkətləri və müxtəlif bu kimi cinayətlər böyüyüb xaosa çevrilməsin. Hesab edirəm ki, Azərbaycan baş nazirinin müavini Şahin Mustafayev və onun rəhbərlik etdiyi İşçi Qrup bir çox məsələlərin həllinə nail olacaq. Şahin Mustafayev uzun müddətdir ermənilərlə danışıqlar aparmaq təcrübəsinə malikdir. Ermənistan hökuməti ilə sərhədlərin delimitasiyası, demarkasiyası, kommunikasiyaların açılması məsələləri ilə bağlı aparılan danışıqlarda iştirak edir. Eyni zamanda Şahin Mustafayev erməni dilini də bilir. O, mənim bildiyim qədər  Ermənistanda məktəbi qızıl medalla bitirib, İrəvanda ali məktəb oxuyub. İndiki vaxtda xüsusilə erməni dilini bilmək əlavə üstünlükdür. Xankəndidə və digər yerlərdə yaşayan erməni əhalinin heç də hamısı Azərbaycan dilini, rus dilini bilmir. Ona görə də orada danışıqlarda istər-istəməz ermənilərlə onların dilində danışmaq lazım gələcək. Eləcə də Azərbaycan və rus dilini bilməyən əhali təbəqəsinə müəyyən müraciətlər etmək lazım gələcək. Ona görə də erməni dilini bilməsi Şahin Mustafayevin faydalı iş əmsalını artırmış olacaq, əhaliyə təsir etmək üçün əlavə imkanlar qazandıracaq. Erməni əhalinin Azərbaycana inteqrasiya prosesinə ciddi töhfələr verəcək”.

Aydın Hüseynov: Tarixi missiyasını uğurla başa vuran Azərbaycan Ordusu ilə  fəxr edirik - AZƏRTAC

Aydın Hüseynov

Milli Məclisin deputatı Aydın Hüseynov Bakı-xəbər.com-a açıqlamasında  deyib ki, yaradılmış yeni İşçi Qrup Azərbaycanın işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının çərçivəsində fəaliyyət göstərir və ermənilərin yaşadığı ərazilərdə əhalinin sosial müdafiəsi, təhlükəsizliyi, təhsil və səhiyyə xidmətləri, zəruri infrastruktur təminatları, işıq, qaz, su, istilik təminatları, və digər zəruri tələbatları üçün plan hazırlayıb həyata keçirəcək: “Bu, Qarabağın ermənilər məskunlaşan ərazilərində bərpa və quruculuq, reinteqrasiya prosesini sürətləndirəcək. Bu proseslər azad olunan ərazilərimizdə bərpa və yenidənqurma işlərini, o cümlədən məskunlaşmanı sürətləndirməklə yanaşı, Qarabağın inkişafında da əsaslı dönüş yaradacaq. Öz növbəsində, Ermənistanın da normallaşma prosesi çərçivəsində məsuliyyətli davranacağına və regionumuzda uzunmüddətli sülhü və sabitliyi təmin edəcək sülh sazişini imzalayacağına dərin inam yaradır”.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”