27 Dekabr 2024

Azərbaycan xalqının Qələbəyə töhfələrinin miqyası genişdir

Azərbaycan xalqının ümumilikdə 600 mindən çox oğul və qızı 1941-1945-cı illərdə İkinci Dünya müharibəsində iştirak edib. Müharibə illərində göstərdikləri igidliyə görə 170 mindən çox əsgər və zabitimiz müxtəlif orden və medallarla təltif edilib. Azərbaycanlı çağırışçı və könüllülərdən formalaşdırılan 77-ci, 223-cü, 271, 396-cı, 402-ci və 416-cı milli atıcı diviziyaları Qafqazdan Berlinədək şanlı döyüş yolu keçib. Xalqımızın qəhrəman övladları Moskva, Leninqrad, Kiyev, Stalinqrad, Simferopol, Odessa və irili-xırdalı digər yüzlərlə yaşayış məntəqəsi uğrunda rəşadətlə döyüşüblər. Qəhrəman azərbaycanlılar Polşa, Çexiya, Yuqoslaviya və digər ölkələrin azad olunmasında da yaxından iştirak ediblər.

Faşizm üzərində Qələbədən 78 il keçir. Bu Qələbədə Azərbaycan xalqının payı, töhfələri daim xüsusi qeyd edilir. Ümummilli Lider Heydər Əliyev Azərbaycanın xidmətlərini belə çəciyyələndirmişdir: “Bu qələbənin çalınmasında Azərbaycanın xüsusi rolu bir də ondan ibarətdir ki, Azərbaycan Respublikasının nefti o vaxtlar həmin müharibənin uğurla aparılması üçün ən mühüm amillərdən biri olmuşdur. Həmin dövrdə Sovetlər İttifaqında çıxarılan neftin 70 faizi Azərbaycanda hasil edilirdi. Bu qədər neft Azərbaycan neftçilərinin fədakar əməyi sayəsində istehsal olunurdu. Şübhəsiz, nəticə çıxarmaq çətin deyil ki, əgər Azərbaycan nefti olmasaydı, motorlar müharibəsi, texnika müharibəsi o qədər uğurlu və müvəffəqiyyətli ola bilməzdi. O vaxtlar Azərbaycan alimləri tərəfindən yüksək keyfiyyətli benzin, kerosin və başqa neft məhsulları ixtira olunaraq, respublikamızda istehsal edilirdi.” Ümummilli Lider, həmçinin bildirmişdir ki, İkinci Dünya müharibəsinin veteranları bizim qızıl fondumuzdur: “Onlar hər cür qayğıya və hörmətə layiqdirlər. Azərbaycanın bütün ictimaiyyəti, bütün Azərbaycan xalqı bilməlidir ki, İkinci Dünya müharibəsinin veteranları bizim ən əziz, ən mötəbər insanlarımızdır. Onlara qayğı göstərmək, hörmət etmək, onların bütün problemlərini həll etmək bizim dövlətimizin və hər bir dövlət orqanının, hər bir namuslu Azərbaycan vətəndaşının borcudur.”

İkinci Dünya müharibəsinin veteranları xalqımızın fəxridir. Onların müharibə illərində göstərdiyi qəhrəmanlıq bu gün də böyük hörmətlə xatırlanır, həlak olanların  xatirəsi ehtiramla yad olunur. Böyük Qələbənin qazanılmasından 78 il ötsə də, İkinci Dünya müharibəsində misilsiz şücaət göstərmiş xalqımızın, onun igid oğullarının xidmətləri daim xatırlanır. İkinci Dünya müharibəsi xalqımızın qəhrəmanlıq ənənələrinin davamıdır. Ön cəbhədə, arxa cəbhədə ata-babalarımızın göstərdikləri hünər, igidlik nümunələri gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi üçün əhəmiyyətli olmaqla yanaşı, həm də onların döyüş ruhunun formalaşmasında böyük önəm daşıyır. Azərbaycan gəncləri vətənpərvərlik hisslərinin böyüklüyünü, torpağa, xalqa bağlılıqlarını 44 günlük İkinci Qarabağ müharibəsində nümayiş etdirərək 30 illik işğala son qoydular, ərazi bütövlüyümüzü və tarixi ədaləti bərpa etdilər. Bu tarixi Zəfər Azərbaycan xalqının necə qəhrəman, yenilməz və məğrur xalq olduğunu bir daha dünyaya nümayiş etdirdi.

Emilya Rəhimova

Ağstafa rayon Mərkəzi Kitabxana Sisteminin əməkdaşı