27 İyul 2024

Azərbaycanda etibardan düşən Tehran

Məlum olduğu kimi, İran bütün dövrlərdə Ermənistanın yanında olduğunu, onun maraqlarını tam müdafiə etdiyini öz əməli ilə təsdiq edib. Azərbaycan torpaqları işğal altında olduğu dövrdə İran Ermənistanla siyasi, iqtisadi-ticarət, humanitar əlaqələrini inkşaf etdirib, birgə layihələr həyata keçirilib.

30 illik işğal dövründə İran həmin ərazilərdə Azərbaycan xalqına məxsus milli mədəni irsin dağıdılmasına, məscidlərin uçurulması və təhqir olunmasına göz yumub, İrəvanda, Şuşada məscidləri bərpa etməklə, farslaşdırmaqla Ermənistanın “humanist” simasını qoruyub saxlamağa çalışıb.

işğal dövründə Qarabağ İranın narkotrafik bölgəsinə və plantasiyasına çevrilmişdi. İran logistikası işğal altındakı Azərbaycan ərazisi ilə Ermənistan üzərindən dünya bazarına maneəsiz yol tapdı. Bu illər ərzində İran dövləti əlində olan kəşfiyyat məlumatlarını Azərbaycanla mübadilə etməmiş, işğala kənardan müşahidəçi qalmışdı.

Ermənistanın Azərbaycan torpaqlarını işğal altında saxladığı dövrdə bir dəfə də olsun Araz çayı ətrafında hərbi təlim keçirməyən İran indi bunu ənənəyə çevirib. İran hakimiyyəti birinci Qarabağ müharibəsi və Vətən müharibəsi və nəhayət postmünaqişə dövründə Ermənistana mütəmadi hərbi və iqtisadi yardımlar etmiş, bu ölkəni dəstəkləyən açıq siyasi bəyanatlar vermişdir. Görünən odur ki, İranın erməni sevgisi, onun Azərbaycan əleyhinə sistemli fəaliyyəti ilə paralel inkişaf edir.

Qafanda konsulluq açan İranın xarici işlər naziri Abdullahianın “Qafanlılara demək istəyirəm ki, narahat olmasınlar, biz erməni xalqı üçün buradayıq” sözləri, ticarət dövriyyəsinin artırılması vədləri göstərir ki, Ermənistanın düşdüyü vəziyyət İranın iştahasını qabardıb.

Tağı İmamverdiyev

YAP Ağstafa rayon təşkilatının məsləhətçisi