07 Fevral 2025

31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür

Hər il dekabr ayının son gününün Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi qeyd olunması taleyin gərdişi üzündən dünyanın müxtəlif ölkələrinə səpələnmiş soydaşlarımızın tarixi Vətənlə – müstəqil Azərbaycanla əlaqələrinin möhkəmlənməsinə, həmçinin onların bir-biriləri ilə sıx ünsiyyət qurmalarına, milli-mənəvi dəyərlərimizin, ənənələrimizin qorunub saxlanılmasına xidmət edir. Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdikdən sonra Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 1991-ci il 16 dekabr tarixli qərarı ilə dünyanın müxtəlif ölkələrinə səpələnmiş soydaşlarımızın birliyinin, həmrəyliyinin zəruriliyini nəzərə alaraq dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan etdi. Sonra bu bayramın bütün ölkədə rəsmi qeyd edilməsi barədə Azərbaycan Respublikasının Ali Soveti qərar qəbul etdi. Beləliklə, 1991-ci ildən etibarən Azərbaycanda hamımız üçün əziz bir bayram olan 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü təntənə ilə qeyd olunur. Müdrikliklə müəyyən edilən dövlət siyasəti nəticəsində dünya azərbaycanlıları ilə əlaqələr inkişaf etdirilmiş, xarici ölkələrdə diaspor təşkilatlarının formalaşdırılmasına kömək göstərilmiş, soydaşlarımızın tarixi Vətənlə bağlarının gücləndirilməsinə nail olunmuşdur. Bakıda dünya azərbaycanlılarının qurultaylarının keçirilməsi, xaricdə yaşayan azərbaycanlılarla iş üzrə dövlət qurumunun yaradılması sayına və intellektual potensialına görə dünyanın böyük millətləri ilə bir sırada dayanan xalqımızın mütəşəkkil qüvvə kimi formalaşmasına güclü təkan vermişdir. Taleyin hökmü ilə dünyanın dörd bir yanına yayılmış soydaşlarımızın mütəşəkkil qüvvə kimi formalaşmaq, öz tarixi Vətənləri ilə əlaqələrini sıxlaşdırmaq istəyinin reallığa çevrilməsi Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 30 il əvvəl başladılmış həmrəylik hərakatı ilə bağlıdır.

Ulu öndər tərəfindən 31 dekabrın dünya azərbaycanlılarının həmrəyliyi günü elan edilməsi ən yeni tariximizin mühüm siyasi hadisələrindən biri olmuşdur. Bu birliyin, həmrəyliyin istinad nöqtəsini və ana xəttini azərbaycançılıq ideyası təşkil etmişdir. Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı dünya azərbaycanlılarının birliyinin, həmrəyliyinin, vahid mərkəzdən idarə olunmalarının təmin edilməsi istiqamətində davamlı addımları şərtləndirdi. Azərbaycanı müstəqilliyimizin bərpasının ilk illərinin xaosundan, anarxiyasından, özbaşınalıqlarından, iqtisadi böhranından, informasiya blokadasından xilas edən Ümummilli Lider illər keçdikcə ölkəmizin dünyaya Günəş kimi doğacağını, güclü, qüdrətli Azərbaycanın vətəndaşı olmağımızla qürur duyacağımızı böyük inam və qətiyyətlə səsləndirdi. Azərbaycanın bu günündən həmin illərə baxdıqda keçilən yolun zənginliyinin, bütün çətinliklərə uğurla sinə gərildiyinin, ən əsası Ulu Öndərin görmək istədiklərinin real həyatda öz əksini tapdığının şahidinə çevrilirik.

Bu gün xalqımızın birliyi, həmrəyliyi ölkəmizin inkişafını daha da sürətləndirib. Tariximizə qızıl hərflərlə yazılan Vətən müharibəsində qazandığımız Zəfər həmrəyliyimizin, xal-iqtidar birliyinin bir yumruq ətrafında birləşməyimizin bariz nümunəsidir. 44 günlük müharibədə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Müzəffər ordumuz ədaləti bərpa etdi. Bu qələbə Azərbaycanın beynəlxalq mövqelərinin daha da möhkəmlənməsində, nüfuzunun yüksəlməsində mühüm rol oynadı.

Tağı İmamverdiyev
YAP Ağstafa rayon təşkilatının əməkdaşı