21 Dekabr 2024

Gənclər Fondunun dəstəyi ilə layihə-“Mina təhlükəsi: Dayan! Toxunma! Məlumat ver!”

Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə Beyləqan Gənclərinin Maarifləndirilməsi və Sosial İnkişafı” İctimai Birliyi  “Mina təhlükəsi: Dayan! Toxunma! Məlumat ver!” layihəsini həyata keçirir.

   Layihə çərçivəsində  Beyləqan,  Füzuli və  Tərtər rayonlarında  yeniyetmə və  gənclərin iştirakı ilə “Mina təhlükəsindən özünü və yaxınlarını qoru” mövzusunda seminar həyata keçirilmişdir. Seminarlarda müvafiq rayon  icra hakimiyyətlərinin əməkdaşları iştirak edərək, qonaqları salamlamış, həyata keçirilən layihəni yüksək qiymətləndirmiş, seminarların postmüharibə dövründə də ciddi fəsadlar yaradan mina və  partlamamış hərbi sursatların (PHS) yaratdığı təhlükəni nəzərə alaraq  xüsusi əhəmiyyətini qeyd etmişdir.

    Layihə rəhbəri   Zaur Quliyev layihənin məqsəd və  vəzifələri haqqında məlumat vermiş, seminar iştirakçılarına uğurlar arzulamışdır.

    Layihə üzrə ekspert, mina təhlükəsizliyi üzrə  mütəxəssis Vaqif Sadıqov  qlobal miqyasda mina və Müharibənin partlamamış qalıqları, Ottava konvensiyası, müharibənin təsirlərinə məruz qalmış rayonlarda mina və müharibənin partlamamış qalıqları (MPQ) ilə çirklənmə səviyyəsi, mina və müharibənin partlamamış qalıqları  haqda ümumi məlumat (mina mifləri), mina və partlamamış hərbi sursatlarla təhlükəsiz davranış qaydaları, əsas mesajlar, xəbərdaredici işarələr, işğaldan azad edilmiş ərazilərə qanunsuz səfərlərin qarşısının alınmasında icma səviyyəli maarifləndirmə fəaliyyətləri haqqında təqdimatlar etmiş, maraqlı  müzakirələr aparılmışdır.

   Eyni zamanda layihə çərçivəsində Tərtər rayonunda yeniyetmə və gənclərin mina təhlükəsi riskini minimuma endirmək məqsədilə “Mina təhlükəsi rəsmlərdə” adlı rəsm müsabiqəsi həyata keçirilmişdir.  Rəsm müsabiqəsi zamanı  30 yeniyetmə və gənc çəkdiyi rəsmlər vasitəsilə mina və müharibənin partlamamış qalıqları haqqında düşüncələrini öz rəsmləri vasitəsilə həmyaşıdlarına çatdırmış, rəsm əsərləri haqqında məlumatlar vermişdir.

   3 yaş qrupu üzrə keçirilən müsabiqədə  münsiflər heyəti tərəfindən qiymətləndirilən ilk 3 yeri  tutan qaliblərə fəxrı fərman, hədiyyə paketı və  2 həvəsləndirici yer üzrə hədiyyələr təqdim olunmuşdur.

 Qeyd edək ki, layihənin əsas məqsədini keçmiş təmas xəttinə yaxın və müharibədən zərərçəkmiş ərazilərdə təhsil alan, yaşayan, işləyən yeniyetmə və gənclər mina və partlamamış hərbi sursatlar, eyni zamanda təhlükəli ərazilər, onların əlamətləri və təhlükəli ərazilərdə düzgün davranış qaydaları haqqında məlumatlandırmaq  təşkil edir.

İctimaiyyətlə Əlaqələr Departamenti