21 Dekabr 2024

“Azərbaycanın prinsipial mövqeyi ilə Qarabağda dialoqlar başlayıb”- ŞƏRH

“Azərbaycan tərəfi dəfələrlə bildirib ki, Qarabağda yaşayan erməni əhali Azərbaycanın tamhüquqlu vətəndaşlarıdır. Azərbaycanın rəsmi nümayəndələri ilə Qarabağda yaşayan ermənilər arasında əvvəllər də təmaslar olmuşdu, Vardanyanın anti-Azərbaycan mövqeyi, radikal tezislərlə çıxış etməsi aktuallığını itirmişdi”.

Musavat.com xəbər verir ki, bu fikirləri Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin üzvü (BMTM) Esmira Cəfərova bildirib. E.Cəfərova qeyd edib ki, Vardanyanın radikal çıxışları, dialoqa meylli olmaması nəticədə Azərbaycanın Qarabağda yaşayan ermənilərlə təmaslarının kəsilməsinə səbəb olmuşdu: “Azərbaycan Qarabağda yaşayan ermənilərin taleyi ilə bağlı heç bir danışığın aparılmayacağını aydın bildirmişdi. Yerli əhali Azərbaycan vətəndaşları hesab olunur. Vardanyanın “vəzifədən” uzaqlaşdırılması ilə təmaslar bərpa olundu. Bununla da təmaslara mane olmağa çalışan qüvvələrin strategiyası uğursuzluğa uğradı. Azərbaycan prinsipial mövqeyi ilə dialoqlar başlayıb”.

E.Cəfərova ilkin reaksiyaların müsbət olduğunu vurğuladı: “Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə nümayəndəsi Toivo Klaar Xocalıda Azərbaycan hökumətinin nümayəndələri ilə Qarabağ erməniləri arasında baş tutan görüşü ümidverici adlandırıb. Görünən odur ki, Qarabağ erməniləri dialoqların baş tutmasında maraqlıdırlar. Əminəm ki, proses uğurla davam etdiriləcək. Azərbaycan istəyinə nail olacaq”.

Nigar HƏSƏNLİ