İran və Ermənistanla bir layihədə oluruq? – ilginc rəylər
3+3 formatı yenidən gündəmə gəlir; Çavuşoğludan anons; politoloq: “Bu görüşlər ideyanın reallaşmasına təkan verməyəcək”+
2020-ci ilin sonlarında – Qarabağ Zəfərimizdən sonra regionda yaranmış yeni reallıqların fonunda bölgə dövlətləri arasında əməkdaşlıq perspektivləri müzakirələri başlamışdı. Burada söhbət 3+3 formatından gedirdi. Yəni Türkiyə, Azərbaycan, Rusiya, Gürcüstan, İran və daha sonra Ermənistanın əməkdaşlığı haqda ilkin müzakirələr başlamışdı.
Lakin az sonra Ermənistanın təxribatları, ardınca İranın aqressiv mövqeyi, Gürcüstanın isə konkret mövqe bildirməməsi səbəbindən bu danışıqlar dayandı.
Bu yöndə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu yeni açıqlamalar verib. O deyib: “Biz üçtərəfli və dördtərəfli mexanizmlərlə bölgəmizdəki şəraitdən yararlanmağa çalışırıq. Türkiyə-Azərbaycan-Gürcüstan-İran üçtərəfli və dördtərəfli mexanizmləri regiona böyük üstünlük verəcək. Şimal-Cənub dəhlizi artıq bir alternativ kimi qarşımızda olmadığına görə biz Transxəzər dəhlizindən istifadəni artırmağa çalışdıq. Gələcəkdə Ermənistan da həyata keçirdiyimiz layihələrə qoşula bilər. Orta Dəhliz gələcəkdə daha əhəmiyyətli olacaq”.
Nazir əlavə edib ki, ölkəsi bölgədə baş verənlərə dərhal reaksiya verir: “Əfqanıstanda, Suriyada, Cənubi Qafqazda baş verənlər, Qarabağdakı hadisələr göstərdi ki, donmuş münaqişələr var və onlar partlayır. Türkiyə bütün regional hadisələrə reaksiya verir. Biz dünyanın daha ədalətli olmasına çalışırıq”.
İranın hazırkı davranışları fonunda bu istiqamətdə proseslər hansısa nəticə verə bilərmi?
Burada ona da nəzər salaq ki, ötən həftə İran prezidentinin Türkiyəyə səfər edəcəyi barədə məlumatlar açıqlanmışdı. İran belə bir ərəfədə Azərbaycana qarşı dəhşətli yanlışa yol verdi, səfirlikdə terror törədildi. Belə bir durumda İranla əməkdaşlıq mexanizmləri mümkündürmü? Çavuşoğlunun dedikləri perspektiv üçün nəzəri bir məsələdir, yoxsa hansısa real əsasları mövcuddur?
Xatırladaq ki, bu formatın dirçəldilməsində Rusiya tərəfi də maraqlıdır və bu barədə Rusiya XİN sözçüsü Mariya Zaxarova kifayət qədər ciddi hesab oluna bilən açıqlama yaymışdı.
Fikrət Yusifov
Sabiq maliyyə naziri, iqtisadçı alim Fikrət Yusifov bu ideyada adı keçən ölkələrin mövcud durumuna nəzər saldı: “Bütün hallarda bölgədə son bir ildə gedən proseslər bu məsələyə bir qədər ehtiyatlı yanaşmağı tələb edir. Bu gün bölgədə dediyimiz 3+3 formatında ola biləcək ölkələrin hansında sabitlik mövcuddur? Rusiyanın Ukraynaya və bütövlükdə dünyaya açdığı müharibə onun sonunu necə gətirəcək? Bu sualın cavabı aydın deyil. İranın bir dövlət kimi taleyi necə olacaq? Onun terroru maliyyələşdirən bir dövlət kimi tanınmasından sonra belə bir hökumətlə hər hansı bir işbirliyini sivil dünya necə qarşılayacaq? Elə dünyanın hər bir yerindən açılan sanksiyaların məngənəsində qalmış Rusiya ilə işbirliyini sivil Qərb necə qarşılayacaq? Türkiyədəki seçkilər və bu seçkilərdən sonra Türkiyənin özündə nələr baş verəcək? Putinin süqutundan sonra rusiyameylli Gürcüstan hakimiyyətinin taleyi necə olacaq? Ermənistanın sülh müqaviləsi imzalamamaq və sərhədləri tanımamaq kimi tərs mövqeyi bir dövlət kimi ona nə vəd edəcək? Bütün bu suallar real olaraq ortadadır və bu gün demək olar ki, onların heç birinin gerçək cavabı yoxdur. Belə olan halda, nə 3+3 formatının, nə də bir başqa formatın reallaşa bilməyəcəyi şübhəli görünür. Ancaq yuxarıda qoyulan suallara cavab tapıldıqdan sonra çox da uzaq olmayan gələcəkdə bu layihələrin reallaşması baş tutacaqdır. Çünki bu layihələr yüz milyardlarla dəyərində dövriyyənin region üzərindən baş verməsi üçün şərtdir və unutmayaq ki, bu layihələr həm də Amerika, Avropa Birliyi və Çinin kim nəhənglərin maraqlarına xidmət edən layihələrdir”.
Elxan Şahinoğlu
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu indiki şərtlər daxilində bu ideyanın reallaşmasını real görmür: “İndiki şərtlər altında 3+3 ideyasının reallaşması problematikdir. Türkiyə, əlbəttə, bu ideyanı irəli sürüb və bunun reallaşmasına çalışır. Amma burada bir neçə səbəb var ki, buna əngəldir. Birincisi, Gürcüstan hələ buna razılıq bildirməyib. Çünki ərazisinin bir hissəsi hələ ki Rusiyanın nəzarəti altındadır. Gürcüstan bu platformaya qatılmayacaq. İkincisi, Ermənistanla Azərbaycan arasında münasibətlər tənzimlənməyib. Sülh sazişi hələ imzalanmayıb. Ən nəhayət, üçüncü səbəb Azərbaycan-İran münasibətləri gərgindir. İkitərəfli əlaqələr diplomatik səviyyədə dondurulub. Bu şərtlər daxilində “3+3” ideyasının reallaşması mümkün görünmür. Hətta şimal-cənub nəqliyyat dəhlizi də İran-Azərbaycan gərginliyi fonunda sual altında qalıb. Gərək regional barışıq əldə olunsun ki, 3+3 ideyasını hərəkətə gətirmək mümkün olsun. Əlbəttə, indi müəyyən səviyyədə görüşlər keçirilə bilər. Moskva da çalışır ki, “3+3” formatı çərçivəsində xarici işlər nazirləri görüşsün. Belə görüşlər, əlbəttə, mümkündür. Amma bu görüşlər ideyanın reallaşmasına təkan verməyəcək”.
Akif Nağı
Azad Vətən Partiyasının sədri Akif Nağı hər iki formatın Azərbaycana sərf etdiyi düşüncəsindədir: “Müasir dünyada münasibətlər sisteminin “ağ-qara”ya bölünməsi yoxdur. Hətta sərt düşmənlər də müəyyən çərçivələr daxilində əməkdaşlıq edirlər. O baxımdan, Azərbaycanla İranın münasibətlərinin gərginləşməsi mənfi təsirini göstərir, amma əməkdaşlığı da istisna etmir. Hər iki formatda Azərbaycanın iştirakı sərfəli ola bilər. Biz İkinci Qarabağ müharibəsindən sonra regionda sabitliyin bərqərar olmasında maraqlıyıq, hərbi əməliyatların yenidən başlanması problemlər yarada bilər. Rəsmi Bakı yarımçıq qalmış bəzi məsələlərin də dinc yolla nizama salınmasında maraqlıdır. Bütün bunlar Türkiyə tərəfindən gələn təkliflərə müsbət yanaşılmasını şərtləndirir. Türkiyə Azərbaycanın maraqlarına zidd təşəbbüslər etməz. İran region əməkdaşlığında maraqlıdır. Onlar Rusiyanın olduğu prosesə həvəslə qoşulur, ziyan çəkməyəcəklərini bilirlər. Ermənistan bu formatlardan qaçır, amma əgər qoşularsa, digər dövlətlərin də təzyiqi altında region üçün hərəkətlərdən çəkinər. Bu da Azərbaycanın qane olduğu məqamlardandır. Torpaqlarımız işğalda olanda sülh deyib müharibəyə hazır olmuşuq, indi isə müharibə deyib daha çox sülhə çalışmalıyıq”.