18 Oktyabr 2024

Vətən səmasının parlaq ulduzu

İkinci Qarabağ müharibəsində torpaq uğrunda can qoyan, mərdliklə döyüşüb şəhidlik zirvəsinə ucalan daha bir qəhrəmanımız Elkiyar Məmmədovdur. Astara rayonunun Ərçivan qəsəbəsində dünyaya göz açmış bu Vətən sevdalısı sinəsini yanar od edib düşmənin bağrını çatladanda ömrünün 22-ci ilini yaşayırdı. Qaldı ki, doğma Azərbaycana, xalqına olan sevgisi lap uşaq yaşlarında onun ürəyinə hakim kəsilmişdi. Elə bu ilahi sevgi ilə boy atan Elkiyarın müstəqil həyatda birinci məqsədi erməni dığalardan Vətəninin qisasını almaq olur.

E. Məmmədov Vətən qarşısında borcunu ödəmək üçün 2010-cu ildə ordu sıralarına yollanır. Bakı şəhərində yerləşən “N” saylı hərbi hissədə xidmət etsə də, xəyalı gecə-gündüz döyüş bölgələrində dolaşır. Əsgər olduğu vaxtda komandirlərin verdiyi bütün tapşırıqları layiqincə yerinə-yetirir, hərbi hissənin keçirdiyi təlimlərdə həmişə uğur qazanır və Vətən üçün yararlı övlad olduğu tam bilinir. Əzəli, əbədi Qarabağımız düşmən tapdağında olduğu günlərdə Vətənə sipər, yağıya çəpər qeyrətli igidlərə ehtiyac duyulduğu halda əsgərlikdən sonra da orduda qalmaq istəyir. Hələ dığalardan alacağı öcü də qalırdı. MAXİ rütbəsində sürücü kimi cəbhə bölgəsi Füzulidə xidmətini davam edir. Elkiyarın Qarabağ torpaqların azadlığı naminə bu mərdanə, cəsarətli addımlarını yaxınları bəyənirlər. Adəti üzrə nümunəvi xidməti, cəsurluğu, sədaqəti onu zabitləri, əsgərlərin sevimlisinə çevirir. Hamı Elkiyarı hər an Vətən uğrunda canını, qanını fəda etməyə hazır olan qeyrətli oğul bilirlər.

2020-ci il sentyabrın 27-də başlanan İkinci Qarabağ müharibəsində Elkiyar Məmmədov haqq savaşımıza əlinə silah alıb qeyrətli oğullar cərgəsində birinci gedir. Ən ağır döyüşlərdə qartal tək düşmənin üstünə şığıyır. Cəmi dörd gün olduğu müharibə meydanlarda çoxlu sayda erməni dığasını məhv edir. 30 oktyabrın Xocavənd rayonunda son nəfəsinə qədər döyüş-döyüşə, şərəfli şəhidlik zirvəsinə yüksəlir. Onun şəhidliyi Vətən sevgisinin hər şeydən uca olduğunu bir daha göstərir.

Qısa ömrünü doğma Azərbaycan üçün yaşayan Astaranın igid oğlu dövlət tərəfindən “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə” medallara layiq görülür.

Bəli, şəhidlər ölməz, Vətən bölünməz. Elkiyar cismən aramızda olmasa da mənən xalqın qəlbində yaşayır. Üstəlik qalxdığı zirvədən yer üzünü səadətə çağırır…

Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü