23 Dekabr 2024

Rusiya daha bir ölkəni coşdurur: İki dövlət arasında yeni münaqişə toxumu səpilir – TƏHLİL

Rusiyanın Ukraynanı öz caynağına almaq üçün hərbi müdaxilə ssenarisini davam etdirdiyi şəraitdə digər regionlardakı basdırılmış “minalar” da üzə çıxır.

Bu isə dünyanın sabitlik və təhlükəsizlik oxundan çıxmasına gətirib çıxarır – həmin “minalar” partlasa da, partlamasa da.

Rusiya Prezidenti Vladimir Putinin SSRİ formatlı yeni quruluşu bərqərar etmək sevdası keçmiş sosialist düşərgəsindən olan Serbiyada da ehtirasları hədsiz coşdurur.

Bütün dünya Rusiyaya qarşı birləşib etirazın müxtəlif formalarında səsini ucaltsa da, Serbiya əlahiddəlik göstərir.

Əsasən də serb millətindən olanlar coşur və Rusiyaya dəstək aksiyaları keçirirlər, bu isə Bosniya və Herseqovinanın tərkibindəki, əhalisi əsasən serblərdən ibarət Serb Respublikasında (paytaxtı Banya-Luka – red.) millətçi təmayülləri qızışdırır.

Bir sözlə, Ukraynadakı müharibə Balkan regionunda güclü qütbləşdirici təsirlərə malikdir.

Yuqoslaviyanın dağılması zamanı Balkan yarımadası millətlərarası münaqişənin qanlı nəticələrinə şahidlik edib, o zamandan səpilən toxumlar isə kök saldığından onu tamamilə qurutmaq mümkün olmayıb.

Rusiyanın bu regiondakı kəşfiyyat özəkləri də indi “qocalmış ağacı” budayırlar ki, o, yeni “pöhrələr” versin.

Rusiya Ukrayna savaşında informasiya müharibəsini qura bilməyib, amma əvəzində Balkan regionunda Qərbə qarşı manipulyasiya xarakterli bəyanatları körükləyir və aldadıcı manevrlərlə rəylər yaradır.

Həmçinin qonşu Serbiyadakı rusiyayönümlü münasibətin əsas səbəbi də güclü anti-NATO əhval-ruhiyyəsilə yanaşı, bir çox serbin Rusiyanı alternativ olaraq görməsindən qaynaqlanır.

Rusiyanın Ukraynaya təcavüzünün coşdurduğu hisslər Serbiyanın Avropa İttifaqı yolundakı addımlarına da böyük zərbədir və Belqradın bu ittifaqa üzvlüyə can atmasını tormozlayır.

Moskva isə belə gərginlikdən məmnundur və bunu Kremlin Qərbə qarşı revanşının bir forması kimi təsəvvür edir.

Təsvir etdiyimiz qara rənglərdən, təəssüf ki, qara nəticələr çıxarmaq üçün əsaslar daha çoxdur: ən azından, iki ölkə arasında münaqişə qaçılmaz hala gəlir – Serbiya ilə Bosniya və Herseqovina arasında.