Yazıçı MEDİA-da şöbə müdiri oldu
Əməkdar jurnalist, yazıçı Natiq Məmmədli Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyində Media subyektləri və jurnalistlərlə iş şöbəsinin müdiri təyin olunub.
Bu barədə o, facebook hesabında bildirib:
“25 illik jurnalistlik fəaliyyətimdə yeni, daha məsuliyyətli mərhələyə qədəm qoyuram. Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyində Media subyektləri və jurnalistlərlə iş şöbəsinin müdiri kimi fəaliyyətə başlayıram. Bu keçdiyim həyat yoluna, təcrübəmə və peşəkarlığıma göstərilən böyük etimaddır. Yeni düşüncəli, vətənpərvər, intellektual komandanın üzvü kimi bu etimadı doğrultmaq üçün səylərimi əsirgəməyəcəyəm. Məsuliyyəti dərk etmək və vicdanla çalışmaq – mənim köhnə prinsipimdir, yeni işimdə də ona sadiq qalacağam”.
Natiq Məmmədli əmək fəaliyyətinə 1996-cı ildən “Yeni Azərbaycan” qəzetində müxbir kimi başlayıb, sonradan həmin qəzetin şöbə müdiri, baş redaktorun müavini vəzifələrində çalışıb.
2005-2006 “Gün-səhər” qəzetində Baş redaktorun müavini olub. 2006-2010-cu ildə Azadlıq Radiosunun Web qrupun rəhbəri işləyib. 2010-2015-ci illərdə “Kaspi” qəzetinin Baş redaktoru olub. 2015-ci ildən Sputnik-Azərbaycan Beynəlxalq İnformasiya Agentliyi və Radiosunun Milli versiyanın baş redaktoru vəzifəsində çalışıb.
Bir sıra bədii əsərlərin müəllifidir. Tarix üzrə fəlsəfə doktorudur.