23 Dekabr 2024

Vaşinqton “Ay-ulduzla” münasibətləri qorumaq xətti seçdi

Ermənilərin “soyqırım” sevinci cəmi 4 gün çəkdi…

Aprelin 28-də ABŞ Dövlət Departamenti və eyni zamanda Pentaqon Türkiyənin könlünü almağa yönəlik açıqlamalar yayıblar. ABŞ dövlət katibi Entoni Blinkenin özü də şəxsən açıqlama yayaraq, prezident Baydenin işlətdiyi “soyqırım’’ ifadəsinin Türkiyəni hədəf almadığını bəyan edib. O deyib ki, aprelin 24-də ABŞ prezidenti Co Bayden Osmanlı imperiyasında baş verən hadisələr və ”erməni genosidi” haqda danışarkən günahı Türkiyənin üzərinə qoymağa cəhd etməyib. 

Bütün bunlarla eyni gündə Blinken Azərbaycan Prezidenti İlham Əliyevə də telefon açaraq, onunla danışıb. İnformasiya məkanına ard-arda düşən bu xəbərlər Türkiyə, Azərbaycan və Ermənistan mediasında geniş müzakirələrə səbəb olub.

Türkiyə və Azərbaycan informasiya məkanlarında bu proses məmnuniyyət və ABŞ-ın yeni administrasiyasının geri çəkilməsi kimi qəbul edilsə də, Ermənistanın xəbər məkanında tam əks proses müşahidə olunmaqdadır. ABŞ prezidentinin 24 aprel günü “erməni genosidi’’ ifadəsini işlətməsini, dövlət katibi Blinkenin isə Ermənistanın baş naziri Nikol Paşinyana zəng edərək, Azərbaycan rəhbəri ilə danışmamasını günlərdir özlərinin qələbəsi kimi qeyd edən ermənilər qəflətən ideoloji silahlarını itiriblər. Azərbaycan politoloqları 28 aprel günü okeanın o tərəfindən gələn açıqlamaları Ermənistan üçün ‘”soyuq duş’’ effekti sayırlar. Məsələn, politoloq Elxan Şahinoğlu hesab edir ki, ABŞ dövlət katibinin İlham Əliyevlə məhz indi danışması ermənilərə soyuq duş effektidir: “Çünki ermənilər neçə gündür ki, ABŞ prezidenti Co Baydenin ”erməni soyqırımı” ifadəsini işlətməsini toy-bayram edirlər. Halbuki bu gün Dövlət Departamentinin açıqlamasında xüsusi qeyd edilib ki, prezidentin “soyqırım” ifadəsinin Türkiyə Cumhuriyyətinə aidiyyəti yoxdur. Oxşar açıqlama Pentaqondan da yayınlanıb. Ayrıca, Entoni Blinken telefonda İlham Əliyevin Amerika prezidentinin “erməni soyqırımı” ilə bağlı bəyanatının Azərbaycan hakimiyyəti və cəmiyyəti tərəfindən narahatlıqla qarşılandığı sözlərini də dinləməli olub. İlham Əliyevin dilindən “Türkiyə Azərbaycanın yaxın dostu və müttəfiqidir, postmüharibə dövründə bölgəmizdə çox önəmli və müsbət rol oynayır” sözlərini eşidən Blinkenə izah edilib ki, Türkiyə əleyhinə atılan istənilən addım Azərbaycan əleyhinə atılan addım kimi dəyərləndirilməlidir”.

O, bunları da deyib: “Telefon danışığında ABŞ-ın dövlət katibinin ikitərəfli münasibətlərinin inkişafına toxunaraq əlaqələrin daha da möhkəmləndirilməsinin önəmini bildirməsi, enerji təhlükəsizliyi, regional təhlükəsizlik sahələrində əməkdaşlığı qeyd etməsi, Cənub Qaz Dəhlizi layihəsinin uğurla icra edilməsinin əhəmiyyətini vurğulaması və Azərbaycanın Əfqanıstanda sülhməramlı missiyada iştirakını yüksək qiymətləndirməsi Vaşinqtonun Azərbaycana verdiyi dəyəri göstərir. Təsadüfi deyil ki, Entoni Blinken İlham Əliyevə bu il də ”Azadlığa Dəstək Aktı”na 907-ci düzəlişin müvəqqəti dayandırıldığını bildirib. Əlbəttə, ədalətli olardı ki, bu düzəliş ümumiyyətlə ləğv edilsin. Ancaq mühafizəkar və ermənipərəst Konqresdən bunu gözləmək əbəsdir. Ağ Evin illərdir düzəlişi dondurması da bizim üçün kafidir”.

Aydın Mirzəzadə: "O uşaqdan popkorn almaq lazım idi..."

Aydın Mirzəzadə

Milli Məclisin deputatı Aydın Mirzəzadə “Yeni Müsavat”a şərhində bildirdi ki, “Azadlığa Dəstək Aktı”na 907-ci düzəlişin 1 il müddətinə dayandırılmasını diplomatik kanallarla da Azərbaycana elan edə bilərdilər, amma birinci dəfədir ABŞ dövlət katibi birbaşa Azərbaycan Prezidentinə zəng edərək bu barədə məlumat verir. Aydın məsələdir, dövlət katibi bilirdi ki, bu zəng zamanı bir çox məsələlər müzakirə ediləcək və elə də olub: “Hiss edilir ki, ABŞ rəhbərliyi 24 apreldə ehtiyatsız elan etdiyi bir ifadənin çox ciddi nəticələrinin olduğunun fərqindədir. Artıq neçənci Amerika rəsmisidir ki, Türkiyə ilə münasibətlərin vacib olduğunu, Türkiyə ilə hərbi müttəfiq olduqlarını, həmin ifadə ilə əslində Türkiyənin ittiham edilmədiyi barədə məlumatlar verir. Türkiyə birincisi, dünya siyasətində ciddi bir oyunçudur. İkincisi, Türkiyəsiz NATO kifayət qədər zəifləmiş olur, onun cənub xətti artıq boş qalır, Türkiyəsiz NATO Şərq dünyasına ciddi təsir etmək imkanlarına malik deyil. Eyni zamanda Türkiyə ətrafında təkcə türkdilli dövlətlər deyil, həmçinin bir çox nüfuzlu Şərq dövlətləri, o cümlədən Afrika, Asiya ölkələri də müttəfiqliyi özləri üçün uğur sayırlar. Azərbaycan ilk gündən Türkiyənin yanında olduğunu bəyan edib. Ona görə də ABŞ bir tərəfdən Türkiyə ilə münasibətləri yumşaltmağa çalışır, digər tərəfdən ABŞ administrasiyasında üçüncü şəxsin Azərbaycan Prezidentinə zəng edərək bir sıra məsələləri müzakirə etməsi Amerikanın Azərbaycanın nüfuzuna verdiyi bir qiymətdir”.

Deputat qeyd etdi ki, Azərbaycan sıradan bir ölkə deyil. Azərbaycan Avropa dəyərlərini vacib sayan bir Şərq ölkəsidir. Azərbaycan neftdən gələn gəlirlərini artıq insan kapitalına çevirən və öz həyatının nizamlanmasında bir çox uğurlar qazanan ölkədir. Azərbaycan öz gücünə torpaqlarını işğaldan azad etmiş və bu gün dünyaya öz haqqını qəbul etdirən bir ölkədir. Bu baxımdan Amerika Azərbaycanla münasibətləri uydurma “erməni soyqırımı” məsələsinə səhv münasibətinə görə itirmək istəmir: “Əksinə, ABŞ bu münasibətləri saxlamaq və gücləndirmək istəyir. Buna görə də Azərbaycanla əlaqələr qurulur, məsələlər müzakirə edilir. Burada həm siyasi əlaqələr vacibdir, həm hərbi-texniki əməkdaşlığın qorunması və genişləndirilməsi məsələsi var. Burada həmçinin işğaldan azad edilən torpaqlarda Amerika şirkətlərinin iştirakına şərait yaratmaq məsələsi var. Burada Amerika şirkətləri ciddi iştirak edə və gəlir əldə edə bilərlər.

Hər halda, ABŞ-ın bu addımı atması təqdirəlayiqdir. Hesab edirəm ki, 24 apreldəki səhv bəyanatdan  sonra ABŞ-ın Türkiyə və Azərbaycanla münasibətləri qorumaq, möhkəmləndirmək istiqamətində addımları alqışlanmalıdır. Çox istərdik ki, bu, qısa müddətə hesablanmış siyasi gediş olmasın. Çox istərdik ki, Amerika Türkiyə və Azərbaycanla münasibətlərin onun xarici siyasətində nə qədər böyük əhəmiyyətə malik olduğunun fərqində olsun”. 

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”