27 İyul 2024

Ümumbəşəri dəyərlərlə milli-mənəvi dəyərlərin vəhdəti, sintezi bizim milli ideologiyamızın bu günü və gələcəyidir

Ulu öndər Heydər Əliyev bütün fəaliyyəti dövründə müxtəlif platformalarda çıxış edərkən bildirirdi ki, Azərbaycan on illərlə, yüz illərlə bu torpaqda yaşayan bütün insanların Vətəni olub, bundan sonra da Vətəni olmalıdır. Biz hamımız azərbaycanlıyıq, hamımızın dilimiz var, hamımız da bu azərbaycanlılığı anadangəlmə qəbul etmişik. Ümummilli lider qeyd edirdi ki, Azərbaycan xalqını əsrlər boyu yaşadan, bu günə qədər gətirib çıxaran onun gələcəyə həmişə nikbinliklə baxması olmuşdur. Kim bizim əxlaqımıza, mənəviyyatımıza, milli ənənələrimizə zidd olan yollarla gedəcəksə, o cür həyat tərzi ilə yaşayacaqsa, onların Azərbaycanda yaşamaq hüququ yoxdur. Azərbaycan xalqının potensialı – həm qəhrəmanlıq, həm döyüşkənlik, həm də intellektual potensialı böyükdür. Ən böyük potensial bizim insanların Vətənə, torpağa bağlılığı, Vətəni, torpağı sevməsi və onu qorumaq hissidir.

“Vətəndaş” sözü böyük sözdür, müqəddəs sözdür. “Vətəndaş” sözü o deməkdir ki, hər bir vətəndaş öz Vətəninə sadiq olmalıdır, onu göz bəbəyi kimi qorumalıdır və Vətəninin uğrunda, torpağının uğrunda, anasının, atasının müdafiəsi yolunda şəhid olmağa hazır olmalıdır. Ulu öndər vurğulayırdı ki, bəşəriyyət üçün sülhə, barışığa nail olmağın yolu Tanrı nuruna tapınmaqdan, mənəvi, ruhani kamillikdən keçib gedir. Azərbaycan xalqı öz tarixinə, öz milli ruhuna, öz milli ənənələrinə sadiq qalmış və bu duyğuları, bu hissləri qəlbində qoruyub saxlamışdır. Əsrlər boyu başına gəlmiş bəlaların hamısından xalqımız öz gücü, cəsarəti, qəhrəmanlığı sayəsində çıxmışdır. Gərək hamımız dərk edək ki, müstəqillik qazanmışıq, xalqımız azaddır, öz taleyini həll etmək imkanı var, Azərbaycan müstəqil dövlət kimi yaşamalı və inkişaf etməlidir. Bunun üçün hər bir kəsdə vətəndaşlıq hissi, Vətənin taleyi ilə yaşamaq hissi yüksək səviyyədə olmalıdır. Azərbaycan xalqının qəlbində milli azadlıq ruhu, müstəqillik ruhu daim yaşamışdır. Hər bir azərbaycanlı bunu anlamalı, bilməlidir. Biz bir daha müstəmləkə ola bilmərik, bir daha qul ola bilmərik. Biz azad olmuşuq, Azərbaycan xalqı azad yaşamalıdır.

Ümummilli lider bildirirdi ki, Azərbaycan vətəndaşları, Azərbaycan xalqı deyəndə, biz Azərbaycanda yaşayan bütün millətlərin birliyini dərk edirik. Azərbaycanın zəngin beynəlmiləlçilik ənənələri var. Burada həmişə bir çox millətlərin nümayəndələri yaşamışdır və bu gün də yaşayırlar. Biz bunu Azərbaycanın sərvəti sayırıq, bunu qiymətləndiririk və qoruyub saxlamaq istəyirik. Xalqımız nə qədər tez birləşərsə, Azərbaycan xalqı bir-biri ilə nə qədər həmrəy olsa, nə qədər hamının sözü bir olsa, o qədər torpaqlarımızı tez geri qaytaracağıq, azad edəcəyik ərazi bütövlüyümüzü təmin edəcəyik.

Ulu öndər vurğulayırdı ki, Azərbaycanlılar çox vətənpərvər və qonaqpərvərdirlər. Cəmiyyətimizi Azərbaycanın dövlət müstəqilliyi, milli azadlığı, milli ənənələri prinsipləri əsasında tərbiyə etmək lazımdır. Biz hamımız azərbaycanlıyıq, hamımız bir millətik. Hamımızın bir dilimiz – Azərbaycan dilimiz var, hamımız bir dinə mənsubuq, hamımız bir millətin övladlarıyıq.Azərbaycanın müstəqil yaşaması, Azərbaycanın milli azadlığı, xalqımızın öz taleyinin sahibi olması, özünün milli-mənəvi, dini dəyərlərinə sahib olması tarixi bir hadisədir. Bizim ədəbiyyatımız, mədəniyyətimiz xalqımızın milli sərvətidir və intellektual mülkiyyətidir. Bizim vətəndaşlıq borcumuz milli-mənəvi dəyərlərimizə, doğma torpağımıza, doğma ana dilimizə, böyük və zəngin tariximizə, millətimizə sadiq olmaqdan ibarətdir. Bizim ənənələrimiz, mənəvi, milli, dini dəyərlərimiz ölməzdir və bundan sonra da yaşayacaqdır. Bizim xalqımız həmişə dostluğu, qardaşlığı, mehribanlığı möhkəmləndirməyə cəhd göstərmiş, insanların dini mənsubiyyətindən asılı olmayaraq, onların arasında sülh və əmin-amanlıq, mehribanlıq əlaqələrinin olmasına çalışmışdır.

Ümummilli lider bildirirdi ki, Azərbaycan xalqını əsrlər boyu yaşadan, onu böyük bəlalardan, fəlakətlərdən qurtaran Azərbaycanın əsrlər boyu yaratdığı mənəvi dəyərlər olmuşdur. Biz Avropa qitəsinə daxilik. Amma eyni zamanda Avropa ilə Asiya arasında biz öz ölkəmizdə, öz xalqımızın tarixində, milli mədəniyyətində, tarixi köklərində və mentalitetində Şərqlə Qərbin, Avropa ilə Asiyanın sintezini təşkil edirik. Ona görə də öz tarixi missiyamızı dərk edirik və bunu həyata keçirmək üçün indiyə qədər lazımi işlər görmüşük. Mən bu gün bir azərbaycanlı kimi, özündə həm milli-mənəvi dəyərləri, həm də ümumbəşəri dəyərləri cəm edən bir insan kimi deyirəm ki, bizim xalqımızın mənəvi-əxlaqi mentaliteti onun ən böyük sərvətidir, xalqımızın milli-mənəvi dəyərləri onun milli sərvətidir.Biz tarixi köklərimizi həmişə iftixar hissi ilə qiymətləndirməliyik və tarixi köklərimizin mənasını dünyaya bəyan etməliyik, yaymalıyıq, təbliğ etməliyik, onunla fəxr etməliyik. Öz milli-mənəvi dəyərlərimizi ümumbəşəri dəyərlərlə birləşdirib, zənginləşdirib Azərbaycan xalqının ümumi dəyərlərini, mənəvi dəyərlərini yaratmalıyıq. Ümumbəşəri dəyərlərlə milli-mənəvi dəyərlərin vəhdəti, sintezi bizim milli ideologiyamızın bu günü və gələcəyidir. Azərbaycan xalqı tarixən digər dinlərə həmişə dözümlü olmuş və onlara hörmətlə yanaşmışdır. Bu, Azərbaycan xalqının milli xüsusiyyətidir. Hər bir insan üçün vətənə, torpağa sədaqət ən ülvi xüsusiyyətdir.Biz heç vaxt öz dinimizi, tariximizi, milli-mənəvi dəyərlərimizi unutmamalıyıq. Onları yaşatmaq, onlardan bəhrələnmək, ruhlanmaq həyatımızın əsas istiqaməti, gələcək işlərimizin zəmanətidir.

Emilya Rəhimova

Ağstafa rayon Mərkəzi Kitabxana Sisteminin əməkdaşı