27 İyul 2024

Ümummilli lider deyirdi: Ədaləti ədalətsizliklə bərpa etmək olmaz

Ulu öndər Heydər Əliyevin 100 illik tədbirlərini  qədirbilən xalqımız sevə-sevə qeyd etmiş oldu.Bir daha böyük şəxsiyyət Heydər Əliyevin xidmətlərinin xatırlanılması  onun xilaskar siyasi lider olması qəti olaraq təsdiqini tapdı. Xalqımız ümummulli liderə məhəbbətini nə qədər dünya var, ora qədər qəlbində yaşadacaq. Hansı ki, uzaqgörən lider buna hələ sağlığındaykən tam əmin idi. Ümummilli liderimiz belə deyirdi:Nə qədər ki, Azərbaycan xalqı var mənim adım yaşayacaq. Azərbaycan xalqı isə əbədi olacaq.  

Ümummilli liderin Azərbaycan xalqı qarşısında xidmətləri çoxşaxəli olmuşdur ki, onlardan da biri  Ədliyyə sahəsidir.Dövlət siyasətinin hüquqi əsaslarla  tənzimlənməsini həyata keçirən, dövlətimizə və xalqımıza şərəflə xidmət edən, hüquq-mühafizə orqanı statusu olan Ədliyyə Nazirliyinin formalaşdırılması və inkişafı məhz ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Azərbaycan Xalq Cümhuriyyəti dövründə yaradılan və cümhuriyyət yadiğarı olan  ədliyyə nazirliyi SSRİ dövründə ləğv olunaraq onun səlahiyyətləri  nüxtəlif dövlət orqanları arasında bölüşdürülməklə belə bir institutun fəaliyyəti məhdudlaşdırılmışdır. Müstəqil Ədliyyə nazirliyinin fəaliyyəti kölgələnmişdir. Ancaq ümummilli lider Heydər Əliyevin çox pilləli hakimiyyət yüksəlişi sayəsində 1969-cu ildə Azərbaycan dövlətçiliyinə sahib çıxması sayəsində Ədliyyə nazirliyinin  yenidən və əsaslı surətdə təsis edilməsi baş tutmuşdur.   Ümummilli Liderin Azərbaycana rəhbərlik etdiyi dövrdə, gərgin iş və prinsipial siyasi iradə nümayiş etdirilməsi hesabına baş tutmuş, 27 oktyabr 1970-ci ildə Azərbaycan SSR Ali Sovetinin qərarı ilə Ədliyyə Nazirliyi təsis edilmiş və bundan sonra dayanıqlı fəaliyyəti təmin edilmişdir. Həmin dövrdə Ədliyyə Nazirliyi məhkəmə orqanlarına təşkilati rəhbərliyi həyata keçirmiş, əhaliyə hüquqi yardımı yaxşılaşdırmış, notariat fəaliyyətinin və məhkəmə ekspertizalarının aparılmasını təmin etmiş, ümumiyyətlə, ədliyyə işi təkmilləşdirilərək onun gələcək inkişafı üçün əlverişli zəmin yaranmışdır.

Azərbaycan xalqının uzun illərdən sonra 70 illik SSRİ tabeçiliyindən çıxaraq müstəqilliyinə qovuşması yenidən milli iradənin təcəssümünə çevrilmişdir. Qurbanlar hesabına xalqımız daim arzusunda olduğu müstəqilliyinə nail ola bilmişdir. Dahi şəxsiyyət ümummilli liderimiz Heydər Əliyev necə ki, deyirdi:Müstəqilliyi qoruyub, saxlamaq onu qazanmaqdan çətindir. Doğrudanda 1990-cı illərdə şahidi olduğumuz hadisələr göstərdiki həqiqətəndə bu belədir. Ümummilli liderin uzaqgörən siyasəti, möhkəm  iradəsi , heyrətamiz ağlı sayəsində xalqımızın əldə etdiyi müstəqilliyi qorumaq mümkün olmuşdur. 1994-cü ilin iyun hadisələri, oktyabr hadisələri, 1995-ci ilin mart hadisələri müstəqil dövlətçiliyimizə qarşı bir qəsd olmuşdur ki, bunun da qarşısını Ümummilli liderimiz Heydər Əliyev qətiyyətlə almışdır. Bununla da Heydər Əliyev Azərbaycan dövlətçiliyini müstəqilliyimizə qarşı yönəlmiş qara əllərdən xilas etmişdir. Heydər Əliyev tarixə xalqının xilaskar lideri kimi daxil olmuşdur.

Müstəqillikdən sonra da Azərbaycan ədliyyəsinin inkişafı dahi öndərin daim diqqət mərkəzində olmuşdur. Qanunçuluq,ədalətin təmin edilməsi Ulu öndərimizin ən çox diqqət bəslədiyi məsələlərdəndir. Təbii ki, bu da Heydər Əliyevin xalqına qarşı bəslədiyi sevginin bariz nümunəsi hesab oluna bilər. Heydər Əliyev daim çalışırdı ki, Azərbaycan vətəndaşları tam ləyaqətli və layiqli həyat yaşaya bilsinlər. Xalqına belə sevgi göstərən lider təbii ki, ola bilməz. Ümumilli liderin ən əsas prinsipi ədaləti təmin etmək olmuşdur. Daim o, qanunçuluğun keşiyində dayanmağı bacarmışdır.

Ümummilli lider deyirdi: Ədaləti ədalətsizliklə bərpa etmək olmaz.

Ümummilli liderimizin ədaləti sayəsində müstəqillik dövrünün ilk çətin illərində tez bir zamanda ədalət bərqərar edildi. Ölkəmizdə yaranan hərc-mərcliyə son qoyuldu. İctimai-siyasi sabitlik təmin olundu. İlk addım olaraq qanunçuluq islahatı həyata keçirildi. 1995-ci il noyabrın 12-də keçirilən referendumla Heydər Əliyevin müəllifliyi ilə hazırlanmış Azərbaycan Respublikasının Konstitusiyası qəbul edildi. Hansı ki, bu konstitusiya dünyanın ən demokratik ali qanunlarından biri hesab oluna bilər. Konstitusiyamızın ən üstün cəhəti hüquq və azadlıqlarının yüksək səviyyədə təmin olunmasıdır. 10 noyabr 1995-ci il tarixində Azərbaycan Respublikasının yeni Konstitusiya layihəsini hazırlayan Komissiyanın iclasında çıxışı zamanı Ümummilli Lider  qeyd etmişdir ki: “Komissiyanın sədri kimi mən bu böyük tarixi sənədin hazırlanmasında öz şəxsi məsuliyyətimi daim dərk etmişəm, bu gün də dərk edirəm. Ona görə də bu sənədin hazırlanmasına xeyli vaxt sərf etmişəm. Haqqım var deyəm ki, çox zəhmət çəkmişəm. Hər bir kəlmənin, hər bir sözün mənasını dəfələrlə araşdırmışam, onun bu gün üçün, gələcək üçün nə qədər əsaslı olmasını dəfələrlə təhlil etmişəm. Mən çox rahatlıq hissi ilə bu layihənin altından imza atıram və bu layihəyə görə tam cavabdeh olduğumu bu gün bəyan edirəm. Hesab edirəm ki, biz Azərbaycanın bu günü, gələcəyi üçün çox böyük bir sənəd – siyasi, hüquqi sənəd yaratmışıq”.

 1993-cü ildə hakimiyyətə qayıdışından sonra Ümummilli Liderin rəhbərliyi ilə ədliyyə sisteminin inkişafını təmin edən ardıcıl və məqsədyönlü islahatlar həyata keçirilmiş, nazirliyin səlahiyyətləri genişlənmiş, dövlət siyasətinin realizə edilməsində rolu, cəmiyyətdə nüfuzu artmışdır.

Ulu Öndərin ədliyyə sahəsində apardığı məqsədyönlü siyasətin nəticəsi olaraq, 11 noyabr 2000-ci il tarixli Sərəncamı ilə Ədliyyə Nazirliyinin ilk Əsasnaməsinin təsdiq edildiyi gün 22 noyabr ədliyyə işçilərinin peşə bayramı günü kimi təsis edilmişdir.

Heydər Əliyevin hakimiyyəti dövründə ədliyyə və hüquq sferasında aparılmış islahatlar mübaliğəsiz olaraq, tarixi və millətimiz üçün taleyüklü islahatlar hesab edilə bilər. Belə ki, Heydər Əliyev tərəfindən əfvetmə institutu bərpa edilməklə, vətəndaşların dövlətə, onun rəhbərinə güvəni, ümid və etimadı artmışdır. Ümummilli Lider 1993-2003-cü illərdə 32 əfv, 8 amnistiya aktı imzalamaqla cəzanın adekvatlığı və humanistliyi məsələlərinə xüsusi diqqətlə yanaşdığını sübuta yetirmişdir. Bu məqsədlə o, eyni zamanda məhkəmə-hüquq sistemində işlək və çevik mexanizmlərin tədbiqini, habelə ədalət mühakiməsinin səmərəliliyini təmin etmişdir. Məhz onun hakimiyyəti illərində ölkəmizdə insan haqlarının müdafiəsinə dair mühüm normativ aktlar qəbul olunmuşdur.

Bu gün uğurla aparılan məhkəmə-hüquq islahatlarında Heydər Əliyevin dəst-xəttinin mövcudluğu, onun hüquqi ideyalarına sadiqlik danılmazdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Azərbaycan Respublikasında məhkəmə sisteminin müasirləşdirilməsi və “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2006-cı il tarixli Fərmanında məhkəmə sisteminin müasirləşdirilməsi işinin növbəti mərhələsinin konkret olaraq nəyə yönəlmiş olması sualı cavablandırılmışdır. Belə ki, növbəti mərhələdə sırf regionların sosial-iqtisadi inkişafı şəraitində əhalinin hüquq institutlarına və hüquqi yardıma tələbatının ödənilməsi üçün yeni məhkəmələrin yaradılması, vətəndaşların narazılıqlarına səbəb olan sui-istifadə, süründürməçilik hallarının və digər nöqsanların aradan qaldırılması, ədalət mühakiməsinin səmərəliliyinin və vətəndaşların məhkəmələrə inamının artırılması, məhkəmələrə müraciət imkanlarının asanlaşdırılması, məhkəmələrin fəaliyyətində yeni informasiya texnologiyalarının tətbiq edilməsi, məhkəmə aparatlarının strukturunun və işinin daha optimal şəkildə qurulması, habelə digər mühüm məsələlərin həlli nəzərdə tutulurdu. Bütün bunlarda, Heydər Əliyevin siyasi-hüquqi baxışlarının müsbət təsiri aşkar hiss edilirdi.

Ulu öndərin xalq qarşısında misilsiz xidmətləri heç vaxt unudulmayacaq və dahi şəxsiyyət əbədi bizlərlə yaşayacaqdır.

Nəriman İsmayılov- Bərdə rayon Qeydiyyat şöbəsinin rəisi, Kiçik ədliyyə müşaviri