29 Mart 2024

Cəmiyyətə xidmət nümunəsi olan dahi şəxsiyyət

Dünya yarandığı dövrdən tarix yazanlar, tarix haqqında danışanlar hər zaman olmuşdur. Yazanlardan fərqli olaraq tarixi yaradanların sayı isə azdır. Çünki tarix yaratmaq tarix yazmaqdan qat-qat çətin və məsuliyyətlidir.Ulu öndərimiz Heydər Əliyev də tarix yaradan, xalqa inam, ruh verən dahi şəxsiyyətlərdəndir.

Dirçələn xalqı dünya arenasına çıxarmağa çalışan, Azərbaycan adını dövlətlər siyahısına daxil edən ümummilli liderin siyasətinin əsası milli maraqlarımız üzərində qurulmuş, dünyaya inteqrasiya yolu ilə irəliləməyi hədəf götürmüşdür.

Ümummilli Lider Heydər Əliyev zamanında gəlməsəydi, xalqın haqq səsi olmasaydı, kim bilir, ümmanlarda kimlər yurdumuzu tufanlara , bataqlıqlara sürükləyəcəkdi. Onun möhkəm iradəsi, dərin zəkası sayəsində gəmimizin sükanı düzgün istiqamət aldı, namərd əllərə keçməkdən, düşmənə baş əyməkdən xilas oldu.

Memarı olduğu və tarixə “Əsrin müqaviləsi” kimi daxil olmuş neft müqaviləsinin imzalanması, Bakı-Tbilisi-Ceyhan neft kəməri və Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin çəkilişi Ümummilli Lider Heydər Əliyevin qətiyyətli mövqeyinin, uzaqgörənliyinin nəticəsi kimi reallığa çevrildi. Heydər Əliyev hakimiyyətdə olduğu müddətdə dünyanın 15 ölkəsinin 33 nəhəng şirkəti ilə 21 neft sazişi imzaladı. Məhz onun uzaqgörən siyasəti nəticəsində ölkəmizə xarici sərmayədarların axını başladı.

Heydər Əliyevin həyata keçirdiyi hər bir siyasət xalqın rifahının yaxşılaşdırılmasına, onlara xoş yaşayış və güzəran təqdim edilməsinə yönəlmişdi.Onun insanlara verdiyi dəyər, insanlığa göstərdiyi dərin hörmət göz önündə idi.

Bu gün Heydər Əliyev ideyaları, Prezident İlham Əliyevin siyasəti müasir müstəqil Azərbaycan dövlətinə möhtəşəm nailiyyətlər qazandırır. Şübhəsiz ki, çoxəsrlik dövlətçilik tarixində heç vaxt bu qədər qüdrətli olmayan Azərbaycan hər birimizin – dünya azərbaycanlılarının sonsuz qürur və iftixar mənbəyidir. Bu nailiyyətlərin əsasını qoyan ulu öndər Heydər Əliyevin ideyaları əbədi var olacaq!

Tağı İmamverdiyev

YAP Ağstafa rayon təşkilatının məsləhətçisi