27 İyul 2024

Ulu Öndər özü canlı bir tarix idi

Bilirik ki, Ümummilli Lider Azərbaycanın ən kasıb, geridə qalmış bir dönəmində hakimiyyətə gələrək, bu ölkənin hər sahəsini sürətlə inkişaf etdirdi. Şübhəsiz ki, bu inkişafın hər birinin elmi əsası var. Həmçinin, Ulu Öndər Heydər Əliyevin gənclərlə iş siyasəti də elmi əsaslara söykənirdi.

Ulu Öndərin hakimiyyəti dönəmində gənclərlə bağlı çox möhtəşəm tədbirlər həyata keçirildi. Əgər Ümummilli Lider Heydər Əliyev hakimiyyətinin birinci dövründə daha çox gənclərin bir kadr kimi yetişməsinə çalışırdısa, müstəqil Azərbaycana rəhbərliyi dövründə artıq onları dövlətin idarə edilməsində aparıcı qüvvə kimi görürdü. Müstəqil Azərbaycan dövlətinin gənclər siyasətinin formalaşmasında və gənc nəslin geniş fəaliyyət meydanına çıxarılmasında Ulu Öndərin təşəbbüsü və iştirakı ilə keçirilən ölkə gənclərinin I Forumu xüsusi rol oynadı.

1997-ci ildə Ümummilli Lider Heydər Əliyevin imzaladığı Sərəncamla 2 fevral Azərbaycanda Gənclər Günü kimi elan edildi. Bu, Heydər Əliyevin gəncliyə göstərdiyi diqqət və qayğının daha bir nümunəsi idi. Gənclər gününün təsis edilməsi və Gənclər və İdman Nazirliyinin təsis edilməsi ilə Ulu Öndərin bu sahəyə diqqət və qayğısı bir daha sübut olundu. Ümumiyyətlə, gənclərimizin qazandığı bütün uğurlar Ulu Öndər Heydər Əliyevin düşünülmüş və məqsədyönlü siyasətinin nəticəsidir. Ümummilli Lider daim Azərbaycan gəncliyinə diqqət və qayğı ilə yanaşmış, onların mükəmməl təhsil almaları, həyatı dərindən öyrənmələri, dünyada gedən prosesləri bilmələri üçün ciddi səylər göstərmişdir.

Qeyd edək ki, Heydər Əliyevin siyasi və dövlət xadimi kimi zəngin fəaliyyəti, Azərbaycan xalqının bütün təbəqələrində olduğu kimi, gənclərində həyatında xüsusi yer tutub və Ulu Öndər xalqımızın qəlbində daima yaşayacaq. Sonda onu da qeyd edim ki, ölkənin uğurlu gələcəyi üçün Azərbaycan gəncləri Prezident İlham Əliyevin ətrafında sıx birləşərək, Ümummilli Lider Heydər Əliyev siyasətinə dəstək olurlar. Azərbaycanın bugünkü uğurları sırasında gənclərə yaradılan şərait xüsusi olaraq göz önündədir. Gənclər bu şəraitdən səmərəli istifadə edərək öz potensiallarını nümayiş etdirirlər.

Səbinə İsgəndərli

Ağstafa rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı