27 İyul 2024

2 fevral – Azərbaycan Gəncləri Günüdür

Ulu Öndər Heydər Əliyevin 1997-ci il fevralın 2-də imzaladığı Fərmana əsasən, hər il fevralın 2-si Azərbaycan Gəncləri Günü elan edilib. Həmin vaxtdan etibarən bu gün MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə Azərbaycanda təntənəli şəkildə qeyd edilməyə başlanıb. Bu sahədə də Azərbaycan bir çox ölkələri qabaqlayıb. Belə ki, Azərbaycanda Gənclər Günü təsis edildikdən xeyli sonra gənclərin işləri üzrə nazirlərin ümumdünya konfransının (1998-ci il avqustun 8-12-də) tövsiyəsi əsasında BMT Baş Məclisinin 1999-cu il 17 dekabr tarixli qətnaməsi ilə 12 avqust – Beynəlxalq Gənclər Günü elan edilib. Gənclərimiz Ümummilli Lider Heydər Əliyevin onlara ən böyük hədiyyəsi olan bu günün təsis edilməsinin 27 illiyini qalib ölkənin məğrur və qürurlu vətəndaşları kimi böyük ruh yüksəkliyi ilə qeyd edirlər.

Gənclərə həmişə böyük diqqət və qayğı ilə yanaşan, onların problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə xüsusi önəm verən, bu siyasəti müasir müstəqil Azərbaycan dövlətinin fəaliyyətinin ən mühüm istiqamətlərindən biri kimi dəyərləndirən Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu dövlət gənclər siyasəti ölkə gəncliyinin inkişafında dərin izlər buraxıb. Ulu Öndər Heydər Əliyev gənclər sahəsində dövlət siyasətinin uğurla həyata keçirilməsi məqsədilə bu sahənin zəruri qanunvericilik bazasının formalaşdırılmasını təmin edib. Gənclərin sosial, iqtisadi və sair problemlərinin həllinə yönələn, onların öz qabiliyyətlərinin inkişaf etdirmələrinə kömək edən fərman və sərəncamlar, qanunlar və Dövlət proqramları gənc nəslin mütəşəkkil qüvvə kimi formalaşmasına, onların mənəvi-ideoloji cəhətdən tam yetkinləşməsinə, sosial problemlərinin həllinə, faydalı məşğulluğunun təmin olunmasına müsbət təsir göstərib.

Ulu Öndərin gənclərə etimadı bu gün təsdiqini tapmaqdadır. Hazırda ölkəmizdə gənclər siyasəti keyfiyyətcə yeni mərhələsini yaşayır. Prezident İlham Əliyev Ulu Öndərin gənclər siyasətinə sadiqliyini qərarları ilə təsdiqləyir. Gənclərin mənəvi inkişafı, vətənpərvərlik tərbiyəsi, xarici ölkələrdə təhsili, sosial müdafiəyə ehtiyacı olanların problemlərinin həlli istiqamətində görülən işlər, gənclər təşkilatlarının formalaşması və inkişafı üçün yaradılan şərait və imkan bu sahəyə böyük diqqətin nəticəsidir.

2003-cü ildən sonrakı dövrdə Prezident İlham Əliyev gənclər siyasətinin inkişaf istiqamətini mövcud ənənələr əsasında daha da təkmilləşdirdi. Azərbaycan gəncliyi ilə bağlı Dövlət proqramları qəbul edildi, 2007-ci il “Gənclər ili” elan olundu, 2011-ci ildə Gənclər Fondu yaradıldı, 2013-cü ildə ölkədə ilk dəfə “Gənclər üçün Prezident Mükafatı” təsis olundu, Azərbaycan gənclərinin İnkişaf Strategiyası təsdiqləndi. Gənclər siyasətində milli və dövlətçilik maraqlarının prioritet olması 2020-ci ilin 44 günlük Vətən müharibəsində həlledici rol oynadı. Müharibədə əsas missiyanı məhz Ali Baş Komandan İlham Əliyevin prezidentliyi dövründə yetişən gənclər yerinə yetirdilər.

Azərbaycan gəncliyi ona göstərilən diqqət və qayğını yüksək dəyərləndirməklə yanaşı, məsuliyyətini də dərk edir və Prezident İlham Əliyevin müəyyənləşdirdiyi strateji vəzifələrin uğurla həyata keçirilməsinə, respublikamızın dinamik inkişaf edən qüdrətli dövlətə çevrilməsi prosesinə töhfəsini verməyə çalışır.

Azərbaycan gəncləri üçün ən həlledici sınaqlardan biri də 2020-ci il sentyabrın 27-də başlayan və noyabrın 10-dək davam edən Vətən müharibəsi oldu. Rəşadətli Azərbaycan Ordusunun sıralarında Vətən uğrunda mətanətlə vuruşan qəhrəman gənclərimiz adlarını xalqımızın ən yeni tarixinə qızıl hərflərlə yazdılar. Məhz onların rəşadəti sayəsində qazanılan bu Şanlı Zəfər sayəsində Azərbaycan ərazi bütövlüyünü bərpa etdi, xalqımız otuz illik həsrətdən sonra tarixi torpaqlarına qovuşdu.

İnamla demək olar ki, ölkəmizdə gənc nəslin problemlərinin həlli, onların cəmiyyət həyatında iştirakının təmin olunması üçün həyata keçirilən bütün zəruri tədbirlər Azərbaycan gəncliyini daha işıqlı sabaha aparacaq. Bu yolda gənclərimizin ən böyük himayəçisi və dəstəkçisi məhz Azərbaycan Prezidenti İlham Əliyevdir. Dövlətimizin başçısının “Mənim gənclərə xüsusi münasibətim var, mənim ürəyim sizinlədir. Siz bütün işlərdə mənə arxalana bilərsiniz. Mən də sizə arxalanıram”, – sözləri dövlətimizin gənclərə etimadının, gənclərin isə Prezidentə məhəbbətinin və dəstəyinin bariz təzahürüdür.

Bəli, bu gün gənclərimiz öz sahəsində, fəaliyyətində inamla çalışırlar. İndi gənclərimiz, idmançılarımız beynəlxalq tədbirlərdə və yarışlarda iştirak edərkən tamamilə başqa bir həvəslə çıxış edirlər və bizim müzəffər xalq olmağımızın həqiqətini bir daha təsdiqləyirlər.

Emilya Abdullayeva

Ağstafa rayon Mərkəzi Kitabxana Sisteminin əməkdaşı