27 İyul 2024

Gənclərimiz ölkəmizin zəfərlərə doğru irəliləməsinə öz töhfələrini verməyə çalışırlar

2 Fevral Azərbaycan Gəncləri Günüdür. Hər bir əlamətdar hadisə keçilən yolun təhlilini bir zərurət kimi qarşıya qoyur. Azərbaycanı gənclər ölkəsi, gəncləri isə Azərbaycanın gələcəyi kimi dəyərləndirən Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra gənc nəslə diqqət dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrildi. Müxtəlif dövlət orqanlarının gənclərlə iş sahəsindəki fəaliyyətini əlaqələndirmək məqsədilə Ümummilli Liderin 1994-cü il 26 iyul tarixli Fərmanı ilə Gənclər və İdman Nazirliyi yaradıldı. Ümummilli Liderin gənclərlə bağlı imzaladığı bir çox sənədlər respublikanın ictimai-siyasi həyatında gənclərin daha fəal iştirakı üçün şərait yaratdı, gənclər siyasətinin məqsəd, prinsip və istiqamətlərini, habelə təşkilati-hüquqi əsaslarını müəyyən etdi.  Dahi şəxsiyyət Heydər Əliyev daim bu çağırışı etmişdir ki, Azərbaycan gəncliyi vətənpərvər, müasir dünyagörüşünə malik gənclikdir. Azərbaycanın gələcəyi indiki gənclərə nəyi və necə öyrətməyimizdən asılıdır. Ümummilli Lider bildirmişdir ki, hər bir gənc Azərbaycanın dövlət müstəqilliyini möhkəmləndirmək, inkişaf etdirmək, yaşatmaq üçün çalışmalıdır və öz xidmətlərini göstərməlidir.

Müasir, müstəqil Azərbaycanın intensiv inkişafını təmin edən fundamental faktorlardan birini də cəmiyyətin ən dinamik təbəqəsi qismində çıxış edən gənclərin potensialından səmərəli istifadə təşkil edir. Gənclər siyasəti ölkədə həyata keçirilən inkişaf siyasətinin mühüm tərkib hissəsidir. Azərbaycan gəncliyi ictimai həyatın bütün sahələrində aktiv fəaliyyəti ilə seçilir və siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayır. Gənclərin fəaliyyəti üçün dövlətin yaratdığı geniş imkanlar nəticəsində bu təbəqə cəmiyyətin aparıcı qüvvəsinə çevrilmişdir və gəncliyimiz ölkəmizin gələcəyi uğrunda inamlı addımlar atmaqdadır. Gənclər siyasəti sahəsində atılan addımlar və qəbul olunan qərarlar Prezident İlham Əliyevin gələcəyə hesablanmış uğurlu siyasətinin təcəssümüdür.

Dövlət başçısı İlham Əliyevin 2020-ci ildə Davos Dünya İqtisadi Forumu çərçivəsində “Strateji baxış: Avrasiya” mövzusunda keçirilən panel iclasında ona ünvanlanan “Azərbaycanda gənclərin sayı çoxdur və onlar küçəyə çıxsa və eşidilmələrini tələb etsə, İlham Əliyev onlara nə deyər” sualına cavabını xatırlatmaq istərdik.  Prezident İlham Əliyev bu suala cavab olaraq bildirmişdir ki, gənclərin nə istədiklərini dinləyərdi. Lakin fakt ondan ibarətdir ki, Azərbaycan gəncləri küçələrdə deyil, gənclər universitetlərdə, məktəblərdədir, gənclər startup biznesindədir, gənclər hökumət məsələlərinə fəal cəlb olunublar.  Dövlət başçısı onu da əlavə etmişdir ki, dünyanın müxtəlif yerlərində gənclərin küçələrdə olması onları nəyinsə qane etmədiyinə görə baş verir. Azərbaycanda biz həmişə sözümüzə əməl edirik. Biz heç vaxt yerinə yetirə bilməyəcəyimiz məsələləri dilimizə gətirmirik və insanlarımızın həyat standartları ildən-ilə daha da yaxşılaşır. Cənab İlham Əliyevin bu fikirləri Azərbaycan gəncinin dünəni, bu günü və gələcəyi ilə bağlı atılan addımların ümumi mənzərəsini təqdim edir. 1996-cı il fevralın 2-də keçirilən Azərbaycan Gənclərinin I Forumunda Ulu Öndər Heydər Əliyev gənclər qarşısında tarixi bir vəzifə qoymuşdur: “Hər bir Azərbaycan gənci hər şeydən çox, hər şeydən artıq müstəqil Azərbaycanın bu günü, gələcəyi haqqında düşünməlidir.”

Dahi şəxsiyyət Heydər Əliyev Azərbaycanın bu günü üçün elə bir möhkəm təməl yaratdı ki, bu gün ölkəmiz həmin təməl üzərində ən möhtəşəm uğurlara imza atır. Qalib xalqın qalib Lideri İlham Əliyev ata vəsiyyətini yerinə yetirdiyi, Ümummilli Liderin görmək istədiyi Azərbaycanı yaratdığı üçün özünü xoşbəxt hiss edir. Bu gün harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı, xüsusilə gənclərimiz öz potensial imkanlarından maksimum istifadə edərək qalib Azərbaycanın yeni-yeni zəfərlərə doğru irəliləməsinə öz töhfələrini verməyə çalışırlar.

Yunis Eyyubov

YAP Ağstafa rayon təşkilatının əməkdaşı