27 May 2024

Ukraynada və Makeyevkada ölən yüzlərlə çağırışçı eyni vilayətdən olub

Xəbər verildiyi kimi rus qoşunlarının işğalı altındakı Makeyevkada Ukrayna ordusunun kazarmaya endirdiyi zərbə nəticəsində yüzlərlə rus əsgəri ölüb. Həmin əsgərlər 44-cü alayın tərkibinə daxil edilən çağırışçılar olub.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, Rusiya Müdafiə nazirliyi hələ ki, 63 nəfərin öldüyünü təsdiqləyib. Lakin müstəqil qaynaqlar, hətta Kremlyönlü telegram kanalları ölənlərin sayının qat-qat artıq olduğunu bildirirlər.

Zərbə səfərbərliklə çağırılan əsgərlərin yerləşdiridldiyi peşə məktəbinin binasına endirilib.

Ukrayna kanallarında ölənlərin əsasən Samara vilayətindən olan çağırışçılar olduğunu xəbər edir. Rəsmi olaraq, regional hakimiyyət orqanları hələ ki, bu məlumatı təsdiq və ya təkzib etməyiblər.

Lakin artıq “Vkontakte” sosial şəbəkəsində “Mobilizasiya | Samara Region 2022” adlı qaynar xəttin və telefon nömrəsinin elanı verilib. Zəng edənlər hərbçinin tam adını, doğum ilini və şəxsi nömrəsini göstərməlidirlər, lakin şərhlərdə məlumatın şəxsi nömrə olmadan da əldə edilə biləcəyini qeyd edirlər.

Həmçinin, qrupun abunəçilərindən biri yanvarın 3-də, saat 12:00-da, Tolyattidəki Qələbə Parkında – “həlak olanların xatirəsinə” toplaşmağı təklif edib.

Qeyd edək ki, bundan əvvəl, dekabrın 30-da vilayətdə 44 və 45-ci alaylara göndəriləcək çağırışılar üçün bağlamaların hazırlanması ilə bağlı məlumat yayılmışdı. Orada birbaşa olaraq hərbçilərin yerini göstərilməsə də, təşkilatçıların həm də Makeyevkadakı uşaqlar üçün də hədiyyə hazırladığı bəlli olmuşdu.