29 Mart 2024

Ukraynadan dəhşətli zərbə – yüzlərlə səfərbər olunan əsgər bir raketlə öldürüldü

Ukrayna ordusunun Rusiyanın işğalı altındakı Donetsk ətrafı, Makeyevkada səfərbər olunan əsgərlərin qaldığı kazarmalara endirdiyi zərbə nəticəsində yüzlərlə insan həlak olub.

Media1.az xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə Kremlyönlü teleqram kanalları məlumat yayıb. Ukrayna ordusunun Strateji Kommunikasiyalar İdarəsi 400 nəfərin öldüyünü bildirib.

Səfərbər olunanlar Makeyevkada Kremlyovskaya küçəsindəki 19 saylı peşə məktəbinin binasına yerləşdirilibmiş. Rusiya mənbələri obyektə zərbənin yeni il ərəfəsində HIMARS kompleksindən yüksək dəqiqlikli raketlə endirildiyini təsdiqləyirlər.

Rusiyanın hərbiyönlü “Tsarqrad” telegram kanalı ölənlərin sayının “yüzlərlə ” olduğunu bildirib. Rusiyayönlü “Operatsionniye svodki” kanalı isə, 500 nəfərin öldüyünü iddia edir. Müharibəni işıqlandıran rusiyalı hərbi bloger Boris Rojin isə, yanvarın 1-i ölənlərin dağıntıların altından çıxarıldığını yazıb.

Ukrayna ordusunun Strateji Kommunikasiyalar Departamenti öz teleqram kanalında 400 nəfərin öldüyünü, daha 300 nəfərin yaralandığını iddia edir. Departamentin digər sosial şəbəkələrində xəbər dərc olunan vaxtda məlumatlar təkrarlanmayıb. Ukrayna Baş Qərargahının yanvarın 1-nə olan məlumatlarında itkilər barədə məlumat verilməyib.

Rusiya ordusu Ukrayna ilə müharibədə itkiləri açıqlamır. Pentaqon noyabr ayında Rusiya və Ukraynanın hər birinin təxminən 100.000 ölü və yaralı olduğunu bildirib.