23 Dekabr 2024

Ukrayna ordusu Xarkovda daha 700 kv.km-lik ərazini azad edib

Ukrayna qüvvələri əks-hücum əməliyyatlarının gedişində Xarkov vilayətində və ölkənin cənubunda təxminən 700 kvadratkilometr ərazini azad edib.

Media1.az Ukrayna mediasına istinadən xəbər verir ki, bu barədə Ukrayna SQ Baş qərargahın Baş əməliyyat idarəsinin rəis müavini general Aleksey Qromov məlumat verib.

Onun sözlərinə görə Xerson istiqamətində bəzi ərazilərdə Ukrayna bölmələri on kilometrlərlə dərinliyə irəliləyib, bir sıra yaşayış məntəqələrini azad edib.

Xarkov istiqamətində Ukrayna qüvvələri 20-dən çox yaşayış məntəqəsini azad edib və Rusiya ordusunun müdafiə xəttinə 50 km dərinliyə qədər girib.

“Hazırda Xarkov və Yujnobuj istiqamətində Ukraynanın nəzarətinə qaytarılan ərazinin ümumi sahəsi 700 kvadrat kilometrdən çoxdur”, – deyə Qromov bildirib.

Baş Qərargah nümayəndəsi həmçinin Belarusun bu gün başlayan hərbi təlimlərinə cavab olaraq, Ukrayna ordusunun sərhədyanı rayonlarda təlimlər keçməyə başladığını söyləyib. Həmin təlimlərdə ordu, Milli Qvardiyanın, Milli Polisin və Dövlət Sərhədinin bölmələri iştirak edir.