08 Dekabr 2024

Ukrayna müharibəsində kritik dönəm – Cəmi bir həftədən sonra…

Rusiyanın Ukraynaya hərbi təcavüzünün bir ili yaxınlaşır. Hərbi analitiklər isə ildönümə qədər yerdə qalan bir həftənin qarşı duran tərəflər üçün kritik olacağını proqnoz edirlər. Xüsusən də Rusiya rəhbərliyi bir ilin tamamına konkret hərbi uğurla gəlməyə çalışır. Çünki məhz fevralın 24-dən sonra Rusiya cəmiyyəti Putindən soruşmağa başlayacaq ki, müharibə niyə ikinci ilə keçdi və daha neçə il sürəcək. 

“Bu, çox sayda itkilərlə nəticələnən bir tükəndirmə müharibəsidir”.

Bu sözləri ABŞ-ın Birləşmiş Qərargah Rəisləri Komitəsinin rəisi general Mark Milli Rusiyanın Donbasdakı hücumlarını şərh edərkən deyib.

“Onların (rusların – red.) rəhbərliyi və mənəvi durumu yaxşı vəziyyətdə deyil. Böyük çətinliklərlə qarşılaşırlar. Onların döyüşdə uğur qazanıb-qazanmayacağı hələ məlum deyil. Amma bu döyüş davam edir. Bu, regionda tədricən tükəndirmə döyüşüdür”, – Milli bildirib.

Amerikalı general hesab edir ki, Ukraynaya hərbi müdaxilənin bir illiyi ərəfəsində Moskva strateji, taktiki və əməliyyat planında məğlub olub: “Vladimir Putin Ukraynanı tez bir zamanda məğlub edə biləcəyini düşünməkdə yanılıb. İndi NATO və onun müttəfiqləri hazırlığın pik səviyyəsindədir Rusiya isə qlobal ”izqoya” çevrilib. Dünya Ukraynanın cəsarəti və möhkəmliyindən ilhamlanmağa davam edir. Bir sözlə, Rusiya uduzub – onlar strateji, əməliyyat və taktiki cəhətdən uduzublar. Döyüş meydanında çox böyük bədəl ödəyirlər”.

Millinin qənaətincə, Putin müharibəni dayandırmağa qərar verənədək beynəlxalq ictimaiyyət Ukraynaya özünü müdafiə etmək üçün lazım olan avadanlıq və imkanlarla dəstək olmağa davam edəcək.    

Öz növbəsində Pentaqonun rəhbəri Lloyd Austin deyib ki, Ukraynanın döyüş meydanında təşəbbüsü ələ keçirmək üçün real şansları var. Onun sözlərinə görə, NATO-nun Ukraynaya tədarük elədiyi hər bir sistemlə bağlı Ukrayna əsgərləri təlim keçəcək.

ABŞ müdafiə naziri onu da bildirib ki, Rusiyanın Ukraynaya təcavüzündən təxminən bir il sonra hadisələr heç də Rusiya prezidenti Vladimir Putinin planlaşdırdığı kimi inkişaf etmir. “NATO indi əvvəlkindən daha vahid və sarsılmazdır”, – Pentaqon rəhbəri vurğulayıb və əlavə edib ki, Rusiya cəbhəyə çoxlu sayda yeni çağırışçı göndərir, lakin onlar zəif təlim keçib və zəif təchiz olunublar, ona görə də Rusiyanın bu qədər böyük itkiləri var.

Boris Yeltsinin prezidentliyi dövründə Rusiyanın son maliyyə nazirlərindən olan Mixail Zadornov isə “Forbes”ə müsahibəsində bildirib ki, Rusiya iqtisadiyyatı Qərbin sanksiyalar təzyiqinə və Ukrayna ordusu ilə uzun sürən döyüşlərə tab gətirməyəcək və çökəcək.

Əli Orucov: “Siyasi təşkilatların xaricdən maliyyə dəstəyi alması  yolverilməzdir”

Əli Orucov: “Müharibənin uzanması qüvvələr balansını Qərbin xeyrinə dəyişir”

“Hazırda Rusiya ÜDM-in təxminən 4%-ni orduya ayırır, lakin Vaşinqtonun müdafiə sektoruna ayırdığı xərclərlə müqayisədə bu, ABŞ-ın hərbi büdcəsinin yalnız 1/10-i qədərdir. Ukraynaya silah tədarük etməyə başlayan ölkələrin resurslarını və münaqişə uzanarsa, onların yarada biləcəkləri resursların ümumi həcmini toplasaq, inanın ki, bunlar tamamilə müqayisəolunmazdır”, – deyə o əlavə edib.

Lakin Ukrayna üçün də qismən bəd ssenari proqnoz edənlər var. Məsələn, İsraildə nəşr olunan “The Jerusalem Post” qəzeti yazıb ki, Ukrayna yalnız ərazilərin itirilməsini qəbul etdiyi təqdirdə Rusiyanı məğlub edə biləcək.

“Əgər bu, Ukraynaya öz ölkəsinin böyük əksəriyyətinə nəzarəti saxlamağa imkan verərsə, bunu elə əsaslı qələbə saymaq olar”, – nəşr vurğulayıb.

Məqalədə deyilir ki, Ukraynanın digər qələbə cəhdləri fəlakətə səbəb ola bilər, çünki Rusiya tərəfinin nüvə silahından istifadə edib-etmədiyini heç kim bilmir.

O zaman belə çıxır ki, Rusiya hər dəfə nüvə təhdidini işə salıb hardansa torpaq qoparacaq, suveren ölkələrin ərazisini işğal edəcək?

Müharibənin ildönümünə tərəflər hansı nəticələrlə gedir, Rusiya və Ukrayna müharibədən necə çıxacaq? Putin doğrudanmı son anda nüvə düyməsinə basa bilər: bu ehtimal getdikcə artır, yoxsa azalır?

AMİP liderinin köməkçisi, politoloq Əli Orucov bildirdi ki, Rusiyanın Ukraynaya təcavüzü Putinin ən böyük səhvi idi. Onun gəldiyi qənaətə görə, Rusiya prezidenti ölkəsinin gücünə və nüvə şantajına həddindən artıq arxayın olub belə bir avantüraya getməklə həm özünü, həm də Rusiyanı çıxılmaz vəziyyətə salıb: “Deyərdim ki, Rusiya prezidenti Qərbin qurduğu Ukrayna toruna düşdü. Şimal qonşumuz dünyanın yenidən bölüşdürülməsi və ya ikiqütblü düzənin qurulmasını xarici siyasətinin prioriteti sayırdı və bu istiqamətdə də hətta hərbi gücdən istifadədən də çəkinmirdi. Kremlin belə aqressiv və böyük ambisiyaları təbii ki, Qərbin planlarına uyğun deyildi. Eyni zamanda, bu siyasət ABŞ və müttəfiqlərini qıcıqlandırmaqla yanaşı, həm də ciddi təhlükə yaradırdı. Xüsusən də Şərqi Avropa Moskvanın real təhlükəsi və təsirinə məruz qalırdı.

Türkiyənin Qarabağdakı “gözü” - Monitorinq Mərkəzinin 2 ili: ümid  doğruldumu...

Rövşən Məhərrəmov: “Ruslar iki yerdə hakimiyyəti dəyişməli idilər, amma…”

Odur ki  Moskvanı durdurmaq vacib faktora çevrildi. Bu gün də ABŞ və müttəfiqləri çox gözəl anlayır ki, əgər Rusiya Ukraynada uğur qazansa, bu dünya düzəninin köklü surətdə dəyişməsinə gətirib çıxarması ilə yanaşı,  Vaşinqtonun maraqlarına ciddi zərbə vuracaq. Ona görə də tərəflər arsenallarında nə varsa döyüş meydanına səfərbər edirlər. Məncə, NATO səfərbərlikdə hərbi maliyyə potensialını müharibənin həlledici mərhələsinə saxlayırdı ki, həmin dönəmədək Rusiya zəifləyib, taqətdən düşsün. Təsadüfi deyil ki, NATO Kiyevə ağır silahlar, raket qurğuları və s. kimi ən müasir döyüş texnikasının tədarükünü genişləndirir. Hətta hərbi təyyarələrin tədarükü müzakirədədir.

Belə olan halda Rusiyanın məğlubiyyəti qaçılmaz olur. Müharibədən əvvəl Rusiya ictimaiyyətinın 70-80 faizi  Ukraynaya təcavüzü dəstəkləyirdisə, artıq bu kəskin şəkildə azalıb. Putinə qarşı daxili  etirazlar getdikcə artmaqdadır. Nə qədər repressiv üsullarla bunun qarşısı alınmağa çalışılsa da, narazılıqlar artıq orduya da sirayət edib.  Heç kim mənasız müharibəyə görə ölmək yaxud da əlil olmaq istəmir. Hətta “Vaqner”çilərlə ordu arasında qarşıdurma hərbi əməliyyatlara öz mənfi təsirini göstərir. Putinin iki yolu qalır: ya vabank gedib ən böyük itkilərlə nəyin bahasına olursa qalib gəlmək, ya da əlverişli razılaşmaya gəlmək. Əks təqdirdə Putinin hakimiyyətdə qalması çox çətin olacaq. Müharibənin uzanması isə qüvvələr balansını Qərbin xeyrinə dəyişir. Fikrimcə, NATO Rusiya və Putinizm dövrünü birdəfəlik və kökündən həll etməkdə israrlıdır”.

Hərbi Polisin sabiq rəisi, ehtiyatda olan polkovnik Rövşən Məhərrəmov Moskvanın öz məqsədlərinə çata bilmədiyini qeyd etdi: “Bu suala cavab verərkən öncəliklə 2014-cü ilə qayıdaq. O zaman bilirsiniz ki, Rusiya asanlıqla Ukraynanın bir sıra ərazilərini işğal etdi. Həmin vaxt Ukrayna ordusu çox zəif idi və demək olar ki, ordunun döyüş səviyyəsi yox idi. O dövrə qədər müdafiə nazirləri olan şəxslər silah-sursatı, hərbi texnikaları başqa dövlətlərə satmışdılar. Sovetlər dağılandan sonra Rusiyanın ardınca ikinci dövlət idi ki, çoxlu sayda silah, hərbi texnika ona qalmışdı. Ruslar Ukrayna ordusunun güclənməsini heç cür qəbul edə bilmirdilər. Bütün gücü Ukrayna ordusunu zəiflətməyə yönəltmişdilər. Krımın işğalından sonra son 9 ildə həm də Amerika, eləcə də, NATO Ukrayna ordusunun gücləndirilməsi ilə məşğul oldular. Artıq Ukraynanın yüksək döyüş qabiliyyətinə çatdırılmış bir ordusu var. Amma hava hücumundan müdafiə sistemləri zəifdir. Bunu savaşın gedişatında gördük. Hava məkanını qabatmaqda çətinlik çəkirlər. Baxmayaraq ki, Amerika başda olmaqla Avropa ölkələri ən yüksək səviyyədə dəstək verirlər. İndi o məsələ müzakirə olunur ki, Ukraynanı F-16-larla təmin etsinlər.

Analitiklər müşahidə edib, Ukrayna xalqının möhkəm, döyüş qabiliyyətinin yüksək olduğunu deyirlər. Ukraynalılar öz ölkələrini qorumaq üçün savaş aparırlar. Müharibə başladığı ilk üç gündə ruslar 2 yerdə hakimiyyəti dəyişməli idilər. Amma bu baş tutmadı. Kiyevə kimi rus qoşunları gəlmişdi. Lakin Ukrayna ordusu həmin qüvvələrin böyük bir hissəsini məhv etdi. Ruslar bu gün də çoxlu sayda itkilər verir. Əlbəttə, Ukrayna tərəfinin də itkiləri az deyil. Ukraynanın işğalı Avropa üçün çox böyük təhlükədir. Onun üçün də Kiyevin məğlub olmasına heç cür imkan verməyəcəklər. Bu müharibə dayanmayacaq. Britaniya tərəfi uzaqmənzilli ballistik raketləri vermək üçün danışıqların aparıldığını bəyan edib. Bu da baş tutarsa, Rusiyanın bir sıra əraziləri vurula bilər ki, bunun da nəticələrinin necə ağır olacağını təsəvvür edin. Rusların silahları çox köhnəlib. Demək olar ki, təzə heç bir dəyişiklik yoxdur”.

Hərbi ekspert fevralın 24-nə qədər Rusiya tərəfinin yeni ərazilər işğal etmək üçün bütün gücünü səfərbər edəcəyini proqnozlaşdırır: “Putin xalqına hesabat verməlidir. Yəni bir ildə nələr edib. Hansı ki, bu gün hələ o hesabatı verə bilmirlər. Rusiya müharibə çağırışçılarının sayını getdikcə artırmaqdadır. Amma onları lazımı səviyyədə təmin edə də bilmirlər. Silah qıtlığı da hiss olunur. İnanıram ki, Ukrayna öz sərhədlərini bərpa edəcək. Lakin bu müharibə dayanmayacaq. Bu yalnız Putinin dəyişdirilməsi və ya bir sıra hallar baş verəcəyi təqdirdə ola bilər. Kreml onsuz da məğlub olub, sadəcə tam şəkildə bu baş tutmayıb. Bu da olmayacağı təqdirdə savaşın tam bitəcəyi real görünmür.

Ukrayna ordusu Krım ərazisində əməliyyat keçirəcəyi halda hesab edirəm ki, nüvə silahından istifadə oluna bilər. Yaxud da bu uzaqmənzilli ballistik raketlərlə Rusiya əraziləri vurulacağı təqdirdə mümkündür. Amma bunun da nəticələri çox ağır ola bilər. Avropa ölkələri sona qədər Ukraynanı silah-sursat, hərbi texnika ilə təmin edəcəklər. Bununla da Rusiyanı tam şəkildə zəiflədəcək. Burada onsuz da əsas məqsəd Rusiyanı tam şəkildə zəiflətməkdir”.

Cavanşir ABBASLI