20 İyul 2024

Tarixi görüş

18 fevral 2023-cü il tarixdə Münxen Təhlükəsizlik Konfransı çərçivəsində “Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması” mövzusunda plenar iclas keçirilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tədbirdə iştirak ediblər.

Münxen Təhlükəsizlik Konfransının sədri Kristof Heusgenin moderatorluq etdiyi plenar iclasda Gürcüstanın Baş naziri İrakli Qaribaşvili, Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan, ATƏT-in Baş katibi, Münxen Təhlükəsizlik Konfransı Şurasının sədr müavini xanım Helqa Maria Şmid də iştirak ediblər.

Azərbaycan Prezidenti İlham Əliyev çıxış edərək bildirib ki, Azərbaycan uzun illər ərzində müasir daşımalar və logistika infrastrukturunun yaradılmasına yatırımlar edib. İndi isə Mərkəzi Asiyadan daşınan yüklərin Azərbaycan vasitəsilə Avropaya yönəldilməsi əlavə imkanlar açır. Lakin bildiyiniz kimi, bizim öz müharibəmiz olub. 44 gün çəkmiş müharibə iki ildən bir az çox əvvəl baş vermişdir. Biz müharibənin nə olduğunu bilirik. Onun xalqlar üçün nə dərəcədə dağıntılar və əziyyətlər gətirdiyini bilirik. Buna görə, biz təbii ki, istəyirik Avrasiyada sülh bərqərar olunsun. Hesab edirəm ki, Azərbaycan və Ermənistan uzun müddət çəkmiş toqquşmadan uzaqlaşmanı nümayiş etdirməli, qarşılıqlı ədavət və düşmənçiliyə son qoymalıdırlar. Hazırda biz Ermənistan ilə Azərbaycan arasında sülh sazişi üzərində çalışırıq. Ümid edirik ki, biz bu işi gec yox, tezliklə tamamlayacağıq. Düşünürəm ki, bu, ciddi tarixi fikir ayrılığına malik olan ölkələrin bir araya gəlməsi və düşmənçilik səhifəsinin bağlanmasında yaxşı nümunə ola bilər. Amerikalı və Avropa İttifaqından olan tərəfdaşlarımızla ünsiyyət zamanı, habelə Dövlət katibi Blinken tərəfindən baş nazir Paşinyanla təşkil edilmiş bugünkü üçtərəfli görüşdən mənə aydın oldu ki, biz hamımız regionda vəziyyətə iki istiqamətli yanaşmanın zəruri olmasını başa düşürük. Birincisi, Azərbaycanla Ermənistan arasında sülh danışıqları istiqaməti, ikincisi, Azərbaycanın Qarabağdakı erməni əhalisi ilə əlaqələri. Sadəcə, məlumat üçün sizə bildirim ki, Dağlıq Qarabağ (Naqorno Karabax) sözü artıq qüvvədən düşüb, əslində bu, rus sözüdür, “naqorno” dağlıq deməkdir və Azərbaycanda Dağlıq Qarabağ kimi inzibati vahid yoxdur. Ona görə də mən tərəfdaşlarımızdan xahiş etmək istərdim ki, Azərbaycanın suverenliyinə və Konstitusiyasına hörmət etsinlər. Bir məsələni də unutmaq olmaz ki, baş nazirin istinad etdiyi 2020-ci il noyabr tarixli üçtərəfli Bəyanat, əslində, de-fakto Ermənistan tərəfindən kapitulyasiya aktıdır. Biz müharibə apardıq, müharibənin nəticələri beynəlxalq ictimaiyyət və Ermənistan cəmiyyəti tərəfindən qəbul olunub. Bunun ən yaxşı göstəricisi Ermənistan əhalisinin baş nazirə verdiyi yeni mandatdır və bu, sülh naminə mandat idi. Ona görə də biz gələcəyə baxmalıyıq. Düşünürəm ki, biz gələcəyə və bu günə baxsaq, sessiyadan əvvəl müzakirə etdiyimiz kimi, bu gün tarixi gündür. Çünki ilk dəfədir ki, müstəqil dövlətlərin 3 lideri bir araya gəlib, – sovet dövründə belə hallar olub, – biz bu fürsəti əldən verməməliyik. Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması ilə əlaqədar olaraq bir neçə platformamız var. Onlardan biri Brüssel formatı adlandırdığımız platformadır. Dünən Avropa İttifaqı Şurasının Prezidenti cənab Şarl Mişellə görüş zamanı biz bir daha Brüssel prosesinə sadiq olduğumuzu təsdiqlədik. Bu gün isə Dövlət katibi Blinken tərəfindən təşkil olunmuş üçtərəfli görüş zamanı biz, həmçinin Brüssel prosesini və üçtərəfli formatı müzakirə etdik. Hesab edirəm ki, bu formatın üçtərəfli olduğu, yəni, Aİ, Azərbaycan və Ermənistan arasında olduğu barədə ümumi bir anlaşma vardır. Bizim torpaqların azadlığı uğrunda apardığımız müharibənin nəticəsi əsas amilin həvəs olduğunu göstərdi. Silah vacibdir, taktika da vacibdir, planlaşdırma çox vacibdir. Lakin ən önəmli olan həvəsdir. Azadlıq istəyən xalqı işğal etmək mümkün deyil. Necə ki, biz 28 il gözlədik, onlar da gözləyə bilərlər. Lakin gün gələcək, onlar öz torpaqlarına qayıdacaq, işğalçını vurub çıxaracaq və öz bayraqlarını onlara aid olan bütün tarixi binalara sancacaqlar. Nəcəfova Lamiyə- Bərdə rayon Heydər Əliyev Mərkəzinin mühəndisi