23 Dekabr 2024

Şuşada olarkən izaholunmaz hislər keçirirsən – Əməkdar artist

Şuşa şəhərində olarkən tamamilə fərqli, izaholunmaz hislər keçirirsən.

Bunu Trend-ə Şuşada keçirilən 5-ci “Xarıbülbül” Beynəlxalq Folklor Festivalının iştirakçısı, Azərbaycanın əməkdar artisti, xanəndə Qoçaq Əsgərov deyib.

“Xarıbülbül” festivalında ilk dəfədir ki, iştirak edirəm. Amma Şuşaya üçüncü dəfə gəlirəm. Hər dəfə Zəfər yolundan keçəndə sözlə ifadə olunmayan inanılmaz hislər keçirirəm”, – Q.Əsgərov deyib.

O vurğulayıb ki, “Xarıbülbül” Beynəlxalq folklor festivalı çox gözəl təşkil edilib və ümidvar olduğunu bildirib ki, onun çıxış etdiyi konsert proqramı tamaşaçılar tərəfindən maraqla qarşılanacaq.

Qeyd edək ki, mayın 12-də Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində V “Xarıbülbül” Beynəlxalq Folklor Festivalının açılışı olub. Şuşa şəhərinin 270 illiyi ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə elan edilən “Şuşa İli”ndə keçirilən V “Xarıbülbül” Beynəlxalq Folklor Festivalı Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Şuşa Şəhəri Dövlət Qoruğu tərəfindən təşkil olunub. Mayın 14-də başa çatacaq sayca beşinci festivala xarici ölkələrdən müxtəlif folklor üslublarında çıxış edən musiqiçilər, rəqs kollektivləri, həmçinin Azərbaycanın müxtəlif regionlarından folklor kollektivləri qatılıblar.