24 İyul 2024

Strateji tərəfdaşlıq uğurla inkişaf edir

Noyabrın 9-da Özbəkistanın paytaxtı Daşkənddə İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 16-cı Zirvə toplantısı keçirilib. Toplantıda təşkilata üzv ölkələr arasında iqtisadi-ticari, investisiya, nəqliyyat-kommunikasiya və humanitar əməkdaşlığın daha da genişləndirilməsi məsələləri müzakirə olunub. İqtisadi Əməkdaşlıq Təşkilatının üzvü kimi Azərbaycan bu təşkilatın işində fəal iştirak edir. Həmçinin Azərbaycan ECO-nun Təmiz Enerji Mərkəzinin ev sahibi kimi rəsmi olaraq təsdiqlənib.

Azərbaycan və Özbəkistan arasında strateji tərəfdaşlıq uğurla inkişaf edir. Ötən il Prezident İlham Əliyevin Özbəkistana bir dövlət səfəri və iki işgüzar səfər olmuşdur. Şavkat Miromonoviç Mirziyoyev yenidən Özbəkistan Prezidenti seçildikdən sonra ilk dövlət səfərini Azərbaycana edib. Bu, iki ölkə arasında qardaşlıq münasibətlərinin nə dərəcədə dərin olmasını bir daha nümayiş etdirir.

Azərbaycanın Mərkəzi Asiya ölkələri, o cümlədən Özbəkistanla ikitərəfli və çoxtərəfli əməkdaşlığın inkişafı ölkəmizin xarici siyasətinin vacib istiqamətlərindən biridir. Azərbaycan-Özbəkistan əlaqələri 31 il ərzində diplomatik əməkdaşlıqdan strateji münasibətlərə qədər böyük inkişaf yolu keçib. Bu dövr ərzində Azərbaycan və Özbəkistan arasında çoxlu sayda əməkdaşlıq sənədi imzalanıb. Ölkələr isə ikitərəfli müstəvidə və beynəlxalq təşkilatlarda bir-birini dəstəkləyir. Bu gün Azərbaycan və Özbəkistan bir çox sahələrdə, o cümlədən siyasi, iqtisadi, energetika, nəqliyyat, kənd təsərrüfatı sferalarında geniş formada əməkdaşlıq edərək iki ölkə arasında qarşılıqlı münasibətlərin dərinləşməsinə təkan verməkdədir. Azərbaycanla Özbəkistanı bir-birinə ayrılmaz tellər bağlayır. Azərbaycanın türk dövlətlərinə qardaşlıq münasibətinin təməli mənəviyyata söykənən möhkəm dayaqlar üzərində qurulub. Bu münasibət qarşılıqlı maraqdan öncə genetik hisslərə söykənir, tarixi bağlılıqlara dayanır.

Prezident İlham Əliyevin Özbəkistana səfəri, iki dövlət arasında olan əlaqələrin genişləndirilməsi, qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın gücləndirilməsi baxımından mühüm əhəmiyyətə malikdir. Eyni zamanda Prezident İlham Əliyevin Daşkənd şəhərində keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 16-cı Zirvə toplantısında iştirakı, tədbir çərçivəsində keçirdiyi bir sıra mühüm görüşlər Azərbaycanın artan nüfuzunu, ölkəmizə verilən önəmi bir daha təsdiq etdi.

Canpolad Yusifov

YAP Ağstafa rayon təşkilatının sədr müavini