27 İyul 2024

İqtisadi Əməkdaşlıq Təşkilatının üzvü kimi Azərbaycan təşkilatın işində fəal iştirak edir

Önəmli iqtisadi əlaqələr

Türk dövlətlərilə münasibətlərin möhkəmləndirilməsi Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindəndir. Ölkə başçımız eyni soykökə, ortaq mədəniyyətə, dilə malik türk dövlətlərinin birləşməsinə hər zaman böyük önəm verir. Əsası 2009-cı ildə Naxçıvanda qoyulmuş Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası 2021-ci ildə İstanbul şəhərində Türk Dövlətləri Təşkilatına çevrildi. Artıq Türk Dövlətləri Təşkilatı dünyada nüfuzlu bir təşkilata çevrilmişdir. Qazaxıstanın paytaxtı Astana şəhərində Türk Dövlətləri Təşkilatının 10-cu Zirvə görüşü keçirildi. Görüşün keçirilməsi təşkilata üzv və müşahidəçi dövlətləri arasında əlaqələrin genişləndirilməsi və möhkəmləndirilməsi istiqamətində önəmli bir addımdır.

Toplantıda çıxışın edən Prezident İlham Əliyev Azərbaycan və Özbəkistan əlaqələrinə xüsusi toxunaraq bildirdi ki, Azərbaycan və Özbəkistan arasında strateji tərəfdaşlıq uğurla inkişaf edir: “Ötən il mən Özbəkistana bir dövlət səfəri və iki işgüzar səfər etmişəm. Hər səfərimdə Özbəkistanda hərtərəfli islahatların nəticələrinin, sosial və iqtisadi inkişafın şahidi oluram. Şavkat Miromonoviç Mirziyoyev yenidən Özbəkistan Prezidenti seçildikdən sonra ilk dövlət səfərini Azərbaycana edib. Bu, iki ölkə arasında qardaşlıq münasibətlərinin nə dərəcədə dərin olmasını bir daha nümayiş etdirir.”

İqtisadi Əməkdaşlıq Təşkilatının üzvü kimi Azərbaycan təşkilatın işində fəal iştirak edir. Azərbaycan ECO-nun Təmiz Enerji Mərkəzinin ev sahibi kimi rəsmi olaraq təsdiqlənib.

1964-cü ildə Türkiyə, Pakistan və İran tərəfindən “Regional İnkişaf üçün Əməkdaşlıq” kimi yaradılan təşkilat 1985-ci ildə İqtisadi Əməkdaşlıq Təşkilatı kimi yenidən formalaşdırılıb. Azərbaycan quruma 1992-ci ildə daxil olub. Ötən müddətdə Azərbaycan təşkilatda fəal rolu ilə seçilib və üzv dövlətlərlə qarşılıqlı faydalı əməkdaşlıq əlaqələri qurub. Azərbaycanın xarici siyasətində ECO-ya üzv ölkələrlə əlaqələr prioritet istiqamətlərdən birini tutur. Ulu Öndər Heydər Əliyev də ECO-nun fəaliyyətinə xüsusi önəm verirdi. Belə ki, Ümummilli Lider hələ 2002-ci ildə ECO-ya üzv ölkələrin İstanbulda keçirilmiş dövlət və hökumət başçılarının 7-ci Zirvə görüşündə təşkilatın daha səmərəli fəaliyyətinin təmin olunması məqsədilə Bakıda qurumun Tədqiqat Mərkəzinin yaradılması təklifini irəli sürüb.

Yunis Eyyubov

YAP Ağstafa rayon təşkilatının məsləhətçisi