27 Dekabr 2024

Status “gorbagor” oldu, bəs Moskva üçün? – İki fərqli rəy

Azərbaycan 44 günlük Vətən müharibəsi ilə nəinki ərazilərini işğalçılardan təmizlədi, həmçinin Qarabağın statusu məsələsinin üstündən birdəfəlik xətt çəkdi. Prezident, Ali Baş Komandan İlham Əliyevin dili ilə desək, “status gorbagor oldu”. Son olaraq, ölkə başçısı Şuşaya səfəri zamanı bir daha status məsələsində bu cümləni işlədib.

Amma Qarabağın statusu məsələsində hələ də müəyyən narahatlıqlar qalmaqdadır. Bu da Rusiya ilə bağlıdır. Düzdür, hazırda Kreml bu məsələni “yeşiyin uzaq küncünə atıb”. Bir sözlə, prezident Vladimir Putin hələ ki, status hayında deyil. Amma onun 10 noyabrdakı məlum bəyannamədən sonra Qarabağın statusu məsələsi ilə bağlı işlətdiyi bir cümlə də var. Demişdi ki: “Bu məsələ gələcək hakimiyyətlərin və proses iştirakçılarının işidir”. Yəni sanki Moskva bu məsələni gələcəyə ötürür.

Bunu Bakıya qarşı Kremlin əlində ehtiyat təzyiq aləti saymaq olarmı? Yəni nə vaxtsa Moskva onu “yeşik”dən çıxarıb işə sala bilərmi? Ümumiyyətlə, bu məsələni gündəmdən tamam çıxarmağımız üçün nə qədər vaxtımız var və əsas nələri etməliyik?

Bu suallar ətrafında müxtəlif fikirlərə rast gəlirik. Milli Cəbhə Partiyasının sədri, deputat Razi Nurullayev bildirdi ki, Azərbaycan üçün Qarabağın statusu məsələsi zibil qutusuna atılıb: “Mənə elə gəlir ki, istər bu il, istər gələn il, istərsə də, on il sonra bu məsələ qaldırılacaqsa, Ermənistanla Azərbaycan arasında uzunmüddətli sülhə və stabilliyə nail olmaq mümkün olmayacaq. Əgər Rusiya Qarabağla bağlı stabilliyin yaranmasını, Azərbaycanla Ermənistan arasında münaqişənin həllini istəyirsə, status məsələsini birdəfəlik zibil yeşiyinə tullamalıdır. Yox əgər yenə də Qarabağ kartını əlində saxlayaraq, regionda bundan bir riçaq kimi istifadə etmək istəyəcəksə, o zaman artıq bu qəbuledilməz olacaq. Bu baxımdan Azərbaycan indi bütün vasitələrlə çalışır və çalışmalıdır ki, status məsələsi həm də Rusiyanın əlində riçaq kimi qalmasın. Daha bunu indi dondurub, bir neçə il sonra yenidən başımıza bəla kimi işə salmasın.

Razi Nurullayev vəd etdiyi adları çəkdi: Rövnəq Abdullayev, Cahangir  Əsgərov...

Razi Nurullayev: “Rusiya Azərbaycanla Ermənistan arasında münaqişənin həllini istəyirsə…”

Onun üçün də düşünürəm ki, Azərbaycan bütün instansiyalarda, mərhələlərdə indiki ritorikasını və qətiyyətini saxlamalıdır ki, status məsələsi olmayacaq, bu məsələ müzakirə edilə bilməz və status məsələsinin qaldırılacağı yerlərdə iştirakdan Azərbaycan tərəfi birmənalı şəkildə imtina etməlidir. Ermənistan tərəfin status məsələsini qaldırdığı iclaslarda, toplantılarda həmin yeri tərk etməliyik. Bəri başdan Azərbaycan bundan sonrakı toplantılarda, qarışıqlı görüşlərdə əvvəlcədən razılaşdırmalıdır ki, Ermənistan tərəfi status məsələsini dilinə gətirməsin. Bu Azərbaycanın keçilməz, qırmızı xətti olmalıdır. Biz bunu bütün danışıqlarda, görüşlərdə qırmızı xətt kimi göstərməsək, bu məsələnin bizim üçün heç zaman gündəmdə ola bilməyəcəyini hər nöqtədə, vergüldə vurğulamasaq, o zaman bu bizim üçün problemə çevrilə bilər. Hazırda Azərbaycanın qətiyyətli mövqeyi doğrudur. Bizim üçün status-kvo məsələsi, təmas xətti yoxdur. Azərbaycanın ərazi bütövlüyü bərpa olunub və orada yaşayan ermənilər Azərbaycan pasportları ilə qanunlarımıza əməl edərək yaşaya bilərlər. Bundan artıq heç nəyi rəva görə bilmərik. Ermənistan da birmənalı olaraq başqa nəyəsə ümid etməsin”.

Jurnalist Əziz Əlibəyli mətbuat katibi təyin olundu | KONKRET

Əziz Əlibəyli: “Putin də status ifadəsindən əbədi imtina etdi…”

Sosial Tədqiqatlar Mərkəzinin mətbuat xidmətinin rəhbəri, beynəlxalq münasibətlər üzrə şərhçi Əziz Əlibəyli fərqli düşüncəyə sahibdir: “10 noyabr sazişindən sonra bir sıra nüanslar dəyişib, o cümlədən Rusiyanın ifadələrində. Amma əlbəttə, bunları Rusiyanın mövqeyinin dəyişməsi kimi qiymətləndirmək lazım deyil. Qarabağla bağlı həll edilməsi hələ ki, çətin olan əsas məsələ xalqların birgəyaşayışı ilə bağlı olan nüanslardır. İkinci fərqlilik isə şübhəsiz ki, sülhmərmalılara Azərbaycan xalqının münasibəti ilə bağlıdır. Birinci məsələnin həlli üçün sırf bölgə rus sülhməramlılarına əmanət edildi. Rusiyanın Türkiyə ilə qlobal əməkdaşlıq müstəvisinin verdiyi bir sıra ciddi üstünlüklərində Qarabağa yansıması orda yaranan hazırkı statusu doğurdu. Rusiya üçün isə onsuz da əvvəlcədən müharibənin nəticələri məlum idi. Ona görə 10 noyabrdan sonra Moskvadan verilən açıqlamalardakı status ifadəsi erməni cəmiyyəti üçün verilən mesaj idi. O mesaj da əsas tərəfdaşın, torpaq sahibinin xoşuna gəlmədiyi üçün etiraz doğurmağa başladı. Biz ona görə Moskva görüşündə təkcə 10 noyabr sazişinə sadiqlik görmədik, eyni zamanda, ermənilərin iddia etdiyi status məsələsini də birdəfəlik bağladı. Burda digər bir məsələ, Türkiyənin mövqeyi ilə ABŞ-Fransa ikilisinin yaratmaq istədiyi Minsk Qrupu vasitəsilə yeni müzakirələrə cəhd üçün addımlarla bağlıdır. Rusiyaya artıq status adı altında Qafqazda ABŞ-ın müdaxilə edəcəyi bir münaqişə lazım deyil. Buna görə Putin də status ifadəsindən əbədi imtina etdi”.

Cavanşir ABBASLI,
“Yeni Müsavat”