Sözləri Cavid Qurbanova məxsus olan “Xudayar” mahnısının bu gün təqdimat mərasimi keçirilib
Mayın 6-da Bərdə şəhər 1 nömrəli Uşaq İncəsənət məktəbində sözləri Cavid Qurbanova, musiqisi bəstəkar Elçin Atayevə məxsus olan, şəhid Xudayar Yusifzadənin əziz xatirəsinə həsr edilmiş “Xudayar” mahnısının təqdimat mərasimi keçirilib.
Tədbirdə Bərdə Regional Mədəniyyət İdarəsinin rəisi Vəsilə Möhsümova, şəhid ailələri, mahnının bəstəkarı və ifaçısı, iştirak etmişdir.
Çıxış edən regional idarənin rəisi Vəsilə Möhsümova şəhid Xudayar Yusifzadənin büstü önünə güllər düzərək çıxış edib, işğal altında olan torpaqlarımızın azad olunmasında misilsiz qəhrəmanlıq göstərən Azərbaycanın Xudayar və Xudayar kimi vətənpərvər oğullarının Vətən, dövlət və xalq qarşısında öz borclarını ödəyib qəhrəmanlıq nümunəsi yaratdıqlarını, milyonlarla insanın sevgisini, rəğbətini qazandığını, bizlərə doğma Qarabağımızı geri qazandırdıqlarını bildirib.
Regional idarənin rəisi şəhidin anası Radə Qurbanova ilə görüşərək Xudayar Yusifzadənin hər bir azərbaycanlının fəxri olduğunu dıqqətə çatdırıb. Şəhid anası Vətən uğrunda şəhid olmuş oğlunun xatirəsinə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, Azərbaycan xalqına minnətdarlığını bildirib.
Sonda “Xudayar” mahnısı ifa olunub, şəhid ailələri ilə xatirə şəkli çəkdirilib.