09 Dekabr 2024

“Siyasi partiyalar haqqında” yeni Qanunun qəbulu dövrün tələbidir

Azərbaycan demokratik, hüquqi dövlətdir. Ölkəmiz bu dəyərlərə sadiqliyini sözdə deyil, əməldə nümayiş etdirir. Azərbaycanın 2001-ci ildə dünyanın nüfuzlu təşkilatı olan Avropa Şurasına tamhüquqlu üzv qəbul olunması da deyilənlərin təsdiqidir. Bu fikir daim önə çəkilir ki, atılan addımlar hansısa təşkilata, dövlətə xoş gəlmək  deyil, Azərbaycanın uğurlu  gələcəyi üçündür.  Ən əsası iqtisadi və siyasi islahatların vəhdətliyinin qorunması davamlı inkişafın təmin edilməsində əsas amildir.

Hər dövrün yeni tələbləri olduğu üçün islahatlar prosesi qaçılmazdır. Bu gün geniş müzakirə edilən yeni “Siyasi partiyalar haqqında” Qanun da dövrün tələblərini özündə ehtiva edir. Qanunun qəbul edilməsini şərtləndirən amillər geniş təhlil olunur. Ölkəmizdə demokratik cəmiyyətin varlığını təsdiqləyən bütün amillər bərqərar olunub ki, bunlardan da biri çoxpartiyalı sistemin yaradılmasıdır.

Bir mühüm məqamı da xüsusi qeyd etməliyik ki, tarixi Zəfərimizin reallıqları bütün sahələrdə, o cümlədən demokratik islahatlar sahəsində yenilikləri, təkmilləşməni bir zərurt kimi ortaya qoyub. Azərbaycan yenilikçi  ölkə olaraq daim dövrün tələblərini düzgün dəyərləndirməyə səy göstərir. Milli Konstitusiyamıza, bu və ya digər sahələrin inkişafında əhəmiyyətli rol oynayan Qanunlarımıza əlavə və dəyişikliklərin edilməsi də deyilənlərin təsdiqidir.

Artıq qüvvədən düşmüş “Siyasi partiyalar haqqında”  Qanun 30 il bundan əvvəl – 1992-ci il 3 iyun tarixində qəbul edilmişdir. Ölkədə formalaşan yeni siyasi konfiqurasiya qanunvericilik sahəsində də siyasi sistemin təkmilləşdirilməsi üçün Milli Məclis tərəfindən lazımi addımların atılmasını zəruri etmişdir. Bu baxımdan Milli Məclisdə təmsil olunan bütün siyasi partiyaların nümayəndələri “Siyasi partiyalar haqqında” yeni Qanun layihəsinin hazırlanması üçün Milli Məclisin sədrinə müraciət etmişlər.

Sözügedən Qanun qəbul etdiyi dövrün reallıqlarına tam cavab versə də ötən 30 ildə ölkəmizin böyük uğurlu yol keçdiyi göz önündədir. Bu uğurlar “Siyasi partiyalar haqqında” qanunun qəbul olunduğu 1992-ci ildən bu günədək sənədə 27 dəfə əlavə və dəyişikliyin edilməsində özünün aydın ifadəsini tapıb. Artıq yeni Qanunun qəbuluna zərurət yarandı.

“Siyasi partiyalar haqqında” Qanun layihəsinin hazırlanması zamanı  Venesiya Komissiyasının 2010-cu ildə qəbul etdiyi “Siyasi partiyaların fəaliyyətinin hüquqi tənzimlənməsi barədə vəziyyət”,  24 ölkənin təcrübəsi (Almaniya, ABŞ, Fransa, İsveç, İspaniya, Niderland, İtaliya, Avstriya, Türkiyə, Polşa, Bolqarıstan, Çexiya, Macarıstan, Latviya, Litva, Estoniya, Rusiya, Gürcüstan, Qazaxıstan, Ukrayna, Belarus, Tacikistan, Özbəkistan və Ermənistan) nəzərdən keçirilib.  Ölkədə fəaliyyət göstərən  partiyalardan 47-si  Milli Məclisə yazılı formada  250-dən çox təklif təqdim etmişdir.

“Siyasi partiyalar haqqında” yeni Qanunda diqqət çəkən biri-birindən əhəmiyyətli məqamlar var ki, onların hamısı ümumilikdə partiyaların normal fəaliyyətinə geniş imkanlar yaradacaq. Siyasi partiyaların fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində atılan addımlar davamlılığı ilə diqqət çəkir.

Etibar Hacıyev

YAP Ağstafa rayon təşkilatının sədri