11 Oktyabr 2024

Ölkəmiz bundan sonra da demokratik yolda inamla addımlayacaq

Vətən müharibəsində müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə yenilməz ordumuz və “dəmir yumruq”a çevrilmiş xalqımızın əldə etdiyi tarixi qələbə yeni siyasi reallıqlar yaratdi. Bütün bu gerçəkliklər fonunda qanunvericilik sahəsində də siyasi sistemin təkmilləşdirilməsi mənafeyinə xidmət edən addımların atılması tarixi zərurətə çevrildi. Bu yolda ən mühüm addım “Siyasi partiyalar haqqında” yeni qanun layihəsinin hazırlanması oldu. Qanun layihəsinin hazırlanması prosesində dünyanın aparıcı 20 ölkəsinin təcrübəsi və Venesiya komissiyasının siyasi partiyaların fəaliyyətinin tənzimlənməsi üzrə 2010-cu və 2020-ci illərdə qəbul etdiyi tövsiyələri nəzərə alındı.

Azərbaycanda “Siyasi partiyalar haqqında” qanun 1992-ci ildə qəbul olunub və bunun üzərindən artıq 30 il keçir. Dövrümüzün  reallıqları isə nəzərə çarpacaq  dərəcədə dəyişib. Təbii ki, müasir dövrün tələblərinə uyğun olan və siyasi partiyaların hüquqlarını daha doğru ifadə edən qanunun hazırlanması bir zərurətə çevrilib. Ona görə də yeni qanun hazırlanarkən mövcud reallıqlar, həm ölkəmizin, həm də siyasi partiyaların inkişaf yolu nəzərə alınmışdır.


Cəmiyyətin siyasi sistemində dövlətlə yanaşı digər təşkilatlar da – siyasi partiyalar və ictimai birliklər fəaliyyət göstərir. Onlar bu və ya başqa dərəcədə ölkənin siyasi həyatında iştirak edirlər. Bu nöqteyi-nəzərdən yeni qanun partiyaların fəaliyyətini məhdudlaşdırmağa yox, daha da genişləndirməyə xidmət edir. Məsələn,“Siyasi partiyalar haqqında” yeni Qanuna əsasən dövlət büdcəsinin vəsaiti hesabına siyasi partiyalara maliyyə yardımı göstərilir. Həmçinin siyasi partiyaya ictimai-siyasi nəşrlərin, digər təbliğat və təşviqat materialların hazırlanması və satışı ilə bağlı olan sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa icazə verilir. Ümumilikdə isə yeni Qanunda siyasi partiyaların  maliyyə məsələsi, onun idarə olunması, partiyaların  parlament müstəvisində fəaliyyəti və s. məsələlər haqqında müddəalar əksini tapmışdır.

Mövqeyindən asılı olmayaraq bütün siyasi partiyalar üçün bərabər şərait yaradılır. Elə ona görə də 44 günlük Vətən müharibəsində-xalqın birliyə, bərbabərliyə ehtiyac duyduğu bir məqamda ölkə ərazisində fəaliyyət göstərən siyasi partiyalar da bu  prosesə qoşuldu. Azərbaycanın müstəqillik tarixində demək olar ki, ilk dəfə olaraq müxtəlif platforması və fərqli siyasi baxışları olan siyasi partiyalar iqtidar partiyası ilə olan fikir ayrılığını, hadisələrə müxtəlif yanaşma tərzini bir kənara qoyaraq, həmrəylik nümayiş etdirdi və Ali Baş Komandanın yanında olduqlarını bəyan etdilər. Bütün bunlar isə ölkəmizdə formalaşan sağlam, demokratik mühitin bariz nümunəsidir. Əminliklə deyə bilərik ki, Azərbaycan bundan sonra da demokratik yolda inamla addımlayacaq.

Aytən Məmmədli

YAP Ağstafa rayon təşkilatının məsləhətçisi