08 Noyabr 2024

Günel Cəfərova :Azərbaycan dünyada çox etibarlı və ciddi tərəfdaş kimi tanınır

İkinci Qarabağ müharibəsindən sonra əsas vəzifəmiz şanlı hərbi Qələbimizi siyasi müstəvidə də təsdiqləmək idi. Azərbaycan dünyada çox etibarlı və ciddi tərəfdaş kimi tanınır. Bunun təməlində həm hərbi gücümüz, həm də şanlı Qələbəmiz dayanır. Müharibədən sonra onsuz da Azərbaycan siyasətinə olan müsbət münasibət daha da artdı, yəni, bizə olan rəğbət  daha da artdı. Dövlətimizin başçısı bildirmişdir ki, son iki il ərzində həm beynəlxalq əlaqələr müstəvisində, həm ölkə daxilində biz istədiyimizə nail ola bilmişik. Müharibənin bitməsinə baxmayaraq mübarizə davam edir. Buna görə də biz mövqelərimizi daha da gücləndirməliyik. Bir çox ölkələrdə eyni zamanda Azərbaycanda kəskin qiymət artımı müşahidə edilir. Bunun qarşısının alınması üçün bir sira tədbirlər həyata keçirilir. Prezident İlham Əliyevin yürütdüyü siyasətin əsas başlıca hədəfi insanların sosial rifahının yaxşılaşdırılmasıdır. Ötən il bu istiqamətdə yürüdülən siyasət nəticəsində əhatəli sosial müdafiə tədbirləri həyata keçirilib və əhalinin sosial rifahı daha da yaxşılaşıb. Ötən il ölkədə 121,4 milyard manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 4,8 faiz çox  daxili məhsul istehsal edilib. Həm Dünya Bankı ilə, həm Avropa Yenidənqurma və İnkişaf Bankı ilə icraatda olan layihələr başa çatır. Əhalinin sosial müdafiəsi gücləndirilir. Belə ki minimum əmək haqqının 300 manatdan 345 manata qaldırılması, minimum pensiya məbləğinin 280 manata çatdırılması, müavinət və təqaüdlərin artırılması bir daha təsdiqləyir ki, Azərbaycanın sosial dövlət modeli nümunəvi və uğurludur. Ötən il sənaye və texnologiya parklarının, sənaye məhəllələrinin yaradılması istiqamətində ciddi addımlar atılıb, kimya, təkrar emal, yüngül sənaye, ixtisaslaşmış sənaye və texnologiya parklarının yaradılması davam etdirilib. Ünvanlı sosial yardımın verilməsi ilə bağlı çox böyük şəffaflaşdırma işi aparılmışdır. Özünəməşğulluq proqramı davamlı olaraq inkişaf edir. İqtisadi, siyasi gücümüz artır. Azərbaycanın ədalətə və beynəlxalq hüquqa əsaslanan mövqeyi davamlı uğurlarında əhəmiyyətli rol oynayır. Cənab İlham Əliyevin də qeyd etdiyi kimi, ölkəmizin beynəlxalq münasibətlər sistemində rolu artır, mövqeyi möhkəmlənir. Azərbaycan hər zaman dövlətlərarası münasibətlərdə əsas faktor olan etimad mühitinin qorunmasına və möhkəmləndirilməsinə xüsusi önəm verir. Bu reallıq beynəlxalq miqyasda da qeyd edilir ki, Azərbaycan sabitləşdirici, birləşdirici faktordur. Ölkəmiz yerləşdiyi coğrafi məkana uyğun olaraq dövlətləri, xalqları birləşdirir, təşəbbüsçüsü və iştirakçısı olduğu layihələrlə bu rolunu daha da möhkəmləndirir. Cənab Prezident öz müsahibəsində də qeyd etmişdir ki, ölkəmizin yerini düzgün seçməliyik, qarşıya qeyri-real xülyalarla dolu hansısa bir hədəf qoymamalıyıq. Bizim real maraqlarımız təmin edilməlidir: ”Maraqları təmin etmək üçün bizdə imkanlar var, həm siyasi, həm iqtisadi, həm hərbi, həm diplomatik istənilən imkanlar var.
Bu gün bizim qarşımızda daha mühüm məsələ durur, bu da ümummilli məsələ olan Qərbi Azərbaycan məsələsidir. Bu coğrafiya son qarışına qədər Azərbaycanın tarixi torpaqlarıdır. Möhtərəm Prezidentimiz cənab İlham Əliyev də qeyd etmişdir ki, biz Qərbi Azərbaycan həqiqətlərini beynəlxalq müstəviyə çıxarmalıyıq, çünki Qərbi Azərbaycan ərazisində xalqımızın çox zəngin mədəni -tarixi irsi var.

Günel Cəfərova – Bərdə Rayon İcra Hakimiyyəti başçısı aparatının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin məsləhətçisi