01 Mart 2024

Səməd Vurğunun şəxsi avtomobili Qazaxda – Foto

Böyük Azərbaycan şairi Səməd Vurğunun şəxsi avtomobili Azərbaycana gətirilib. Sözügedən avtomobil hazırda Qazaxdadır.

Tribunainfo.az xəbər verir ki, bu barədə məlumatı şairin qohumu vəkil Səməd Vəkilov verib. O bildirib ki, avtomobil indiyə kimi Gürcüstanın Sadaxlı kəndində olub:

“Səməd Vurğun bu avtomobili uzun illər idarə edib. Ancaq onun xüsusi sürücüsü də olub. Bu avtomobili Aleksey adlı sürücü idarə edib. Ancaq Səməd Vurğun özü də idarə etdiyi vaxtlar olub. Aleksey Səməd Vurğunun ölümünə qədər bu avtomobilin sürücüsü olub. Səməd Vurğun dünyasını dəyişəndən sonra Aleksey avtomobilin açarlarını qoyub və bildirib ki, Səməd Vurğundan sonra mən özümə sığışdırmaram ki, kimisə avtomobildə gəzdirim”.

S.Vəkilov bildirib ki, S.Vurğundan sonra avtomobili onun xalası oğlu uzun illər idarə edib:

“Bu avtomobili Səməd Vurğun xalası oğlu Hüseynəli Bayramova hədiyyə edib, professor Adilxan Bayramovun atasına. Onların ailəsində olub avtomobil. Avtomobilin texniki pasportu da olduğu kimi qalır.
Bu avtomobil Səməd Vurğunun Qazaxdakı ev muzeyində saxlanılacaq”.

Nigar