25 Sentyabr 2022

Rusiyanın Ukrayna uğursuzluğu – “Wall Street Journal”

ABŞ-ın “Wall Street Journal” qəzetində redaksiya heyəti adından “Rusiyanın Ukrayna uğursuzluğu” başlıqlı məqalə dərc olunub. Novator.az saytı məqaləni ingilscədən çevirib təqdim edir.

Rusiyanın Ukraynada apardığı müharibə, deyəsən, Kiyevin xeyrinə ciddi dönüş götürüb. Bunu Rusiya prezidenti Vladimir Putinin son təhdidlərindən, onun kosmik silahlar uğrunda mübarizəni gücləndirməsindən də görmək olur.

Moskva fevralda Ukraynaya hücuma keçəndə müharibəni tez bir zamanda qələbə ilə başa çatdıracağını düşünürdü. Ancaq münaqişə uzandı və hazırda Ukrayna öz ərazilərini geri qaytarmaq uğrunda cəbhə bölgəsində ciddi hərbi əməliyyatlarını davam etdirir.

Rusiya silah-sursat ehtiyatını xərcləməyə məcbur olub. Qərb müasir silahlarda istifadə olunan kompüter çiplərinin və digər komponentlərin Rusiyaya satılmasına yasaq qoyduğundan Moskva ağıllı silahların ehtiyat hissələrini bərpa etməkdə çətinlik çəkir.

Nəticədə Kreml dünyanın ən fırıldaqçı dövlətlərindən ikisinə – İranla Şimali Koreyaya üz tutmalı olub.

Sentyabrın 5-i ABŞ-ın kəşfiyyat rəsmiləri mətbuata bildiriblər ki, Pxenyan təchizat çatışmazlığı ilə mübarizə apara bilməsi üçün Moskvaya yardım edir.

Ötən ay isə İran mollalarının Kremlə pilotsuz uçuş aparatları verməsi xəbəri yayılmışdı. Halbuki Rusiya dünya gücü statusuna iddialıdır və o, silah bazarında alıcı yox, satıcı olmalıdır.

Putinin xaricə enerji satışını daha da azaldacağı və Ukraynanın Qara dənizdən taxıl ixrac etməsinə verdiyi razılığa yenidən baxa biləcəyi haqda sentyabrın 7-də səsləndirdiyi təhdidlər də əslində Kremlin narahatlığından xəbər verir.

Bu yaxınlarda Rusiya Avropaya “Şimal axını-1” qaz kəməri vasitəsilə gerçəkləşdirdiyi təbii qaz tədarükünü dayandırıb. Putin Avropanı qazsız qoyacağı, üstəlik, neft və neft məhsullarının Avropaya ixracını da dayandıracağı ilə hədələyir. O, soyuq qış ayları ərəfəsində avropalı liderlərə siyasi təzyiqi gücləndirməyə çalışır. Amma bu məhdudiyyətlər Kremlin enerji satışından əldə etdiyi gəlirləri, müharibəni maliyyələşdirmək imkanlarını da zəiflədə bilər.

Dünya Rusiyanı ərzaq qıtlığı yaratmaqda günahlandırmasın deyə Putin bu yay Ukraynadan taxıl ixracına icazə verdi. İndi Kremlin rəhbəri Qərbi hiyləgərlikdə suçlayır. Rusiya prezidenti 7 sentyabr çıxışında bildirib ki, Qərb taxıl sövdələşməsindən inkişaf etmiş ölkələri ərzaqla təmin etmək məqsədilə yararlanıb.

Putin bilir ki, ərzaq bazarı qlobal məsələdir və ixrac müqaviləsinin məqsədlərindən biri də təklifi artırmaqla ərzaq qiymətlərini aşağı salmaqdır. O, bununla kasıb ölkələrdəki istehlakçılara kömək etdiyini də anlayır. Putin yaxşı bilir ki, Ukraynadan taxıl ixracına mane olsa, yaranan problemlərə görə məsuliyyət həqiqətən onun üzərinə düşəcək.

Ola bilsin, ABŞ Putinə belə bir xəbərdarlıq da edib: əgər o, Ukrayna taxılının ixracına mane olsa, taxıl daşıyan gəmilərin dənizdə müşayiət edilməsi məsələsi nəzərdən keçiriləcək.

Buna bənzər plan 1980-ci illərdə həyata keçirilib. İranın doğurduğu təhdidlərə görə Qərb ölkələrinin gəmiləri Fars körfəzində neft daşıyan gəmiləri müşayiət edib. İndi Rusiya ordusu canlı qüvvə və təchizat baxımından problem yaşadığı bir vaxtda Putin dinc müşayiət missiyası həyata keçirən Qərb gəmilərinə meydan oxuya bilməz.

Ukraynada müharibə hələ bitməyib. Yəni Putin öz qəddarlığını və qəsbkarlığını gücləndirə də bilər. Ancaq Moskvanın qara-qışqırığı və hiddəti göstərir ki, Ukraynanın müqaviməti, xaricdən Kiyevə verilən dəstək təsirsiz ötüşməyib.

Çağdaş silahların davamlı tədarükü Putinin Ukrayna və NATO-nun şərq cinahı ilə bağlı planlarına son qoyulması baxımından çox vacibdir. Tək Ukrayna təzyiq altında deyil, Rusiya da təzyiq altındadır.