29 Mart 2024

Avropa anbarlarında qaz ehtiyatlarının həcmi 90 milyard kubmetri ötüb

Avropanın yeraltı anbarlarında qaz ehtiyatlarının həcmi 90 milyard kubmetri ötüb. Anbarların maksimal tutumu təxminən 108 milyard kubmetrdir.

AZƏRTAC xarici KİV-ə istinadla xəbər verir ki, “Gas Infrastructure Europe” (GIE) assosiasiyasının sentyabrın 10-na olan məlumatına görə, Avropanın anbarlarında qaz ehtiyatı 83,61 faiz artırılıb ki, bu da son beş ildə həmin tarix üçün orta göstəricidən 0,85 faiz çoxdur. Hazırda qaz anbarlarında 90 milyard kubmetrdən bir qədər çox yanacaq var.

Portuqaliyada qaz anbarları 100 faiz dolub. Polşada bu göstərici 99,13 faiz, Danimarkada 94,01 faiz, Fransada 93,81 faiz, İsveçdə 90,81 faiz, Belçikada 89,49 faiz, Almaniyada 87,95 faiz, İspaniyada 86,23 faiz, İtaliyada 85,41 faiz, Çexiyada 83,08 faiz, Niderlandda 82,79 faiz, Slovakiyada isə 82,04 faizdir.

Ən aşağı göstəriciyə malik beş Avropa ölkəsinə isə Rumıniya (77,87 faiz), Avstriya (70,69 faiz), Macarıstan (66,68 faiz), Bolqarıstan (66,6 faiz) və Latviya (50,9 faiz) aiddir. GIE-nin məlumat topladığı digər Avropa ölkələrində isə qaz ehtiyatlarının səviyyəsi 80 faizdən çoxdur.

Anbarların doldurulması əsasən Rusiyadan tədarükün azalması fonunda yüksək qiymətlərlə maye qaz alınması hesabına həyata keçirilir. Belə ki, iyun ayında Avropada mavi yanacağın orta qiyməti min kubmetr üçün təxminən 1240 dollar, iyulda 1850 dollar, avqustda isə 2,515 dollar təşkil edib.

Eyni zamanda, Rusiyanın “Qazprom” kompaniyası Avropa ölkələrində anbarlarının maksimuma yaxın doldurulmasına baxmayaraq, onlara payız-qış dövrünün etibarlı şəkildə keçəcəyinə zəmanət vermədiyi barədə xəbərdarlıq edib.