19 Mart 2024

Raqub Yunusov: ““Heydər Əliyev İli” ulu öndərə ümumxalq məhəbbətinin ifadəsidir”


Tarix sübut etmişdir ki, şəxsiyyətlərin gücü, ağlı, cəsarəti, siyasi iradəsi və müdrikliyi mənsub olduğu xalqın, onun yaratdığı dövlətin həyatında əhəmiyyətli rola malikdir. Azərbaycan xalqının tarixində taleyüklü məsələlərin həllində müstəsna xidmətləri olan tarixi şəxsiyyətlər içərisində Azərbaycan xalqının Ümummilli Lideri adını qazanmış görkəmli dövlət xadimi, dünya miqyaslı siyasətçi, parlaq şəxsiyyət Heydər Əliyevin xüsusi rolu vardır. 29 il bundan öncə, 3 oktyabr 1993-cü ildə Azərbaycan xalqı böyük səs çoxluğu ilə öz seçimini etdi və Heydər Əliyevi Prezident seçdi.

Sarsılmaz əqidəyə, möhkəm iradəyə malik bir insan olan Heydər Əliyevin həyatı və çoxşaxəli fəaliyyəti hər bir azərbaycanlı üçün əsl nümunədir. O, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu olaraq tariximizin səhifələrinə öz adını yazdı.
Ümummilli Liderin andiçmə mərasimində söylədiyi “Bu gün mənim üçün tarixi, əlamətdar bir gündür. Mənə göstərilən bu böyük etimada görə Azərbaycan vətəndaşlarına, Azərbaycan xalqına hörmətimi, məhəbbətimi bildirir və əmin etmək istəyirəm ki, həyatımın sonuna qədər xalqıma sədaqətlə xidmət edəcək və bütün fəaliyyətimi Azərbaycan Respublikasının gələcək inkişafına sərf edəcəyəm” sözləri öz təsdiqini əməli işdə tapdı. Yalnız Heydər Əliyevin Hakimiyyətə qayıdışından sonra Azərbaycan özünün geosiyasi imkanlarını gerçəkləşdirməyə başlamışdır. Ulu Öndər rəhbərlik etdiyi dövr ərzində Azərbaycanı bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından çox böyük cəsarətlə çıxara bilmiş, ölkənin gələcək inkişaf strategiyasını müəyyən edərək onun həyata keçirilməsi üçün mühüm addımlar atmışdır. Onun fəaliyyətində iqtisadi islahatlar, bazar iqtisadiyyatının qurulması, dayanıqlı iqtisadi inkişafın təmin edilməsi, dünya iqtisadiyyatına inteqrasiya prioritet olmuşdur.
O, qısa müddətdə ölkəyə investisiya axınını stimullaşdıran müasir innovativ inkişaf modelinin gerçəkləşdirilməsinə, beynəlxalq müqavilələrin imzalanmasına nail olmuş, eyni zamanda sahibkarlığa, sərbəst rəqabətə yol açan sosialyönümlü iqtisadiyyat modelinin əsasını qoymuşdur. Azərbaycanı gənclər ölkəsi, gəncləri isə Azərbaycanın gələcəyi adlandıran Ulu Öndər böyüməkdə olan gənc nəslə qayğını hər zaman önə çəkirdi. Onun gənc nəslə olan diqqət və qayğısı dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrilmişdir. Təsadüfi deyil ki, Gənclər Günü bütün MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda təntənəli şəkildə qeyd olunmağa başlanıb.
Ulu Ondərin milli-mənəvi dəyərlərimizin qorunmasında və inkişafında göstərdiyi xidmətlər misilsizdir. Tarixi, adət-ənənələri, milli fəlsəfi məfkurəni, təcrübəni və zəngin mədəniyyətimizin bütün çalarlarını özündə ehtiva edən azərbaycançılıq ideologiyasının müəllifi məhz Heydər Əliyevdir. Azərbaycançılıq ideologiyası təkcə bu dövlətin ərazisində yaşayan şəxsləri yox, eyni zamanda, bütün dünyada məskunlaşan azərbaycanlıları əhatə edən, dünya azərbaycanlılarını vahid ideologiya ətrafında birləşdirən milli məfkurəyə çevrildi.
Bu gün xalqımız əsası Heydər Əliyev tərəfindən qoyulmuş siyasi və iqtisadi uğurlarını hiss edir, onunla yaşayır və faydalanır. Əldə edilən uğurların icraçısı isə Ulu Öndərimizin layiqli siyasi varisi Möhtərəm Prezidentimiz İlham Əliyevdir.
1993 – 2003-cü illər Azərbaycan tarixinə dirçəliş, inkişaf illəri kimi daxil olub, 2003-cü ildən sonrakı dövr böyük yolun davamı kimi dəyərləndirilir. Bu gün Möhtərəm Prezidentimiz İlham Əliyevin gördüyü işlər Azərbaycanın güclü, bütün məsələlərlə bağlı öz prinsipial mövqeyi olan, müstəqil siyasi iradə nümayiş etdirən ölkə kimi tanınmasını şərtləndirib. Həyata keçirilən uğurlu siyasət Azərbaycanı yalnız regionda deyil, həmçinin beynəlxalq miqyasda da söz sahibi olan bir ölkə kimi tanıtdırdı. 44 günlük İkinci Qarabağ-Vətən Müharibəsində qazanılan möhtəşəm Qələbə bu uğurların məntiqi nəticəsidir.
Qeyd edim ki, Azərbaycan Respublikası Prezidentinin 29 sentyabr 2022-ci il tarixli Sərəncamına əsasən Azərbaycan xalqı 2023-cü ili – “Heydər Əliyev İli”ni doğma Qarabağımızın yenidən çiçəklənməsi və Böyük Qayıdışla qeyd edəcəkdir.
Ulu Öndərin Azərbaycan qarşısında xidmətləri haqqında günlərlə danışmaq, cildlərlə kitablar yazmaq olar. Bunlar artıq müxtəlif görkəmli şəxslər tərəfindən edilir və bundan sonra da daim ediləcəkdir, çünki o, bir dünya şöhrətli Azərbaycanlı, dövlət xadimi və lider kimi adını dünya tarixinə yazmışdır. Azərbaycan xalqının Heydər Əliyevə olan məhəbbəti əbədidir. Nə qədər Azərbaycan var, nə qədər bu millət var, Heydər Əliyev də var olacaq və əziz xatirəsi qəlbimizdə hər zaman əbədi yaşayacaq.
2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında dövlət başçı­sının sərəncamında da vurğulandığı kimi, ulu öndər Heydər Əliyev öz xal­qını zamanın mürəkkəb tarixi-siyasi sı­naqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qo­vuşdurmuş qüdrətli şəxsiyyətdir: “Da­vamlı yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycan ulu öndər Heydər Əliyevin həyat amalının təntənəsidir”. Azərbaycana rəhbərliyinin birinci dövründə Heydər Əliyev özünün bö­yük idarəçilik bacarığı, polad iradəsi və yüksək vətənpərvərliyi sayəsində, uzaqgörən və məqsədyönlü qərarları ilə çox qısa müddətdə respublikamızda sosial-iqtisadi, elmi-texniki və mədəni sahələrin inkişafında böyük sıçrayışa nail olmuşdur. Ulu öndərin xalqın yaradı­cılıq enerjisini bir məqsədə yönəltməklə tarixi yaddaşın bərpası istiqamətindәatdığı qətiyyətli addımlar o dövrdə milli ruhun canlanmasına xidmət göstərmiş, özünüdərki və soykökə qayıdışı təmin etmiş, müstəqil dövlət quruculuğuna aparan yolun təməl daşına çevrilmişdir.
Böyük siyasi iradəyə, sarsılmaz əqidəyə malik olan ulu öndər Heydər Əliyevin tükənməz dövlət idarəçiliyi is­tedadı onun SSRİ-nin rəhbərlərindən biri kimi çalışdığı və irimiqyaslı layihələr həyata keçirdiyi illərdə özünü bir daha parlaq surətdə təzahür etdirmişdir. Ümummilli lider bütün varlığı ilə sev­diyi və canından əziz bildiyi doğma xalqının mənafelərini daim önə çəkmiş, respublikamızın malik olduğu bütün im­kanlardan onun inkişafı üçün istifadə etmişdir. Heydər Əliyevin zəngin həyat yolu və müstəsna fəaliyyətinin bü­tün mərhələləri bir-birini tamamlayır, dövlətinə, xalqına sıx bağlılığın, milli dövlәtçilik məfkurəsinə sadiqliyin əyani təcəssümüdür.
Üzümüzə gələn 3 oktyabr ulu öndər Heydər Əliyevin 1993-cü ildə ilk dəfə müstəqil Azərbaycan dövlətinə Pre­zident seçildiyi gündür. Artıq həmin tarixdən bizləri 30 illik zaman ayırır. 30 ildə Azərbaycanın keçdiyi inkişaf yolu­na nəzər salsaq görərik ki, hər bir ad­dım torpağa, Vətənə bağlılığın fonun­da dövlətimizin, xalqımızın gələcəyinə xidmət edən qərarlarla zəngindir. Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycan yenidən qu­ruldu. Dövlətçiliyin əsasları yaradıldı. Müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyasının qəbul olunması və bütün sferaları əhatə edən köklü islahatların həyata keçirilməsi, demok­ratik, hüquqi dövlət quruculuğu, nizami ordunun yaradılması ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısında müstəsna xidmətləridir.
Ulu öndər Heydər Əliyevin dövlətimiz, xalqımız qarşısında ən böyük xidmətlərindən biri 2003-cü ildə xalqa müraciətində qarşıdakı dövrdə Azərbaycanı möhkəm təməl üzərində uğurla inkişaf etdirməyə qadir ünvanı göstərməsi oldu. 2003-cü ildə xalqın böyük əksəriyyətinin səsini qazanaraq Prezident seçilən cənab İlham Əliyev son 20 ildə ulu öndərin siyasi kursu­nu bütün istiqamətlərdə uğurla davam etdirir. Dövlətimizin qətiyyəti, Prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun gücü, qüdrəti, xalqımızın birliyi sayəsində Heydər Əliyevin şah əsəri olan güclü Azərbaycan dövləti ərazi bütövlüyünü qorumağa qadir oldu. 44 günlük Vətən müharibəsində şanlı Zəfərimiz Azərbaycanın qarşısın­da yeni imkanlar yaradır. 
Raqub Yunusov,
Bərdə Dövlət İdarəetmə və Texnologiya Kollecinin baş mühasibi, YAP fəalı.