19 Mart 2024

Ağstafada “Heydər Əliyev ili” çərçivəsində tədbir keçirilib

13 mart 2023-cü il tarixində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə Yeni Azərbaycan Partiyası (YAP) Ağstafa rayon təşkilatı və “Ağstafaçay Hidroqovşaq İstismar idarəsi” Ərazi Partiya Təşkilatının birgə təşkilatçılığı ilə “Ulu Öndər Heydər Əliyevin Meliorasiya və su təsərrüfatının inkişafında rolu” mövzusunda tədbir keçirilib.

Tədbirdə ilk öncə Ulu öndər Heydər Əliyevin, torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş qəhrəman Vətən övladlarının və qardaş Türkiyədə baş vermiş zəlzələ nəticəsində həlak olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan Ağstafaçay Hidroqovşaq İstismar idarəsinin rəisi Rövşən Lətifov qeyd edib ki, ulu öndər Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə yorulmaz fəaliyyət göstərərək qəlblərdə daim sevgi, xatirələrdə əbədiyaşarlıq qazanıb. Heydər Əliyev siyasətinin müvəffəqiyyətlə həyata keçirilməsi müstəqilliyimizi möhkəmləndirir, beynəlxalq aləmdə Azərbaycanın rolunu və nüfuzunu artırır.  Bu gün müstəqil və demokratik Azərbaycan hərtərəfli inkişaf edir.

Tədbirdə geniş məruzə ilə çıxış edən YAP Ağstafa rayon təşkilatının sədri Etibar Hacıyev bildirib ki, uzun illərdən bəri suvarma əkinçiliyi diyarı olan Azərbaycanda böyük zəhmət və külli miqdarda vəsait hesabına kollektor drenaj şəbəkələrindən, nasos stansiyalarından, su anbarlarından ibarət geniş və mürəkkəb meliorasiya, su təsərrüfatı kompleksi fəaliyyət göstərir. Bu kompleksin əsas hissəsi ulu öndər Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi illərdə onun şəxsi təşəbbüsü və yaxından köməyi ilə yaradılmışdır. Ölkəmizdə meliorasiya və su təsərrüfatını inkişaf etdirmədən kənd təsərrüfatı məhsullarının yetişdirilməsinin mümkün olmadığını böyük uzaqgörənliklə qeyd edən Ümummilli lider ölkədə meliorasiya və su təsərrüfatının inkişafına xüsusi əhəmiyyət vermişdir. Bu sahənin əhəmiyyətini yüksək qiymətləndirərək onun inkişafını daim diqqətdə saxlamış, aparılan bütün işlərlə şəxsən maraqlanmışdır. Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir, ölkənin su və meliorasiya təsərrüfatının daha da möhkəmləndirilməsi istiqamətində ardıcıl tədbirlər görülür. Bu da ondan irəli gəlir ki, meliorasiya və su təsərrüfatı həmişə olduğu kimi, bu gün də ölkəmizin regionların sosial-iqtisadi inkişafında mühüm əhəmiyyətə malikdir.

Tədbirdə çıxış edən digər natiqlər – “Ağstafaçay Hidroqovşaq İstismar idarəsi” Ərazi Partiya Təşkilatının fəalı Tamam İsayeva, “Ağstafaçay Hidroqovşaq İstismar idarəsi” Ərazi Partiya Təşkilatının sədri Sənan Quliyev, YAP Ağstafa rayon təşkilatının məsləhətçisi Aytən Məmmədli çıxışlarında Ulu öndər Heydər Əliyevin xalqımız qarşısında misilsiz xidmətlərindən bəhs ediblər.

Sonda YAP Ağstafa rayon təşkilatının ictimai-siyasi həyatında fəal iştirakına görə bir qrup meliorasiya işçiləri Fəxri Fərman ilə təltif ediliblər.