24 Dekabr 2024

Qərb Azərbaycanda nə etmək istəyir? – mübhəm gediş

ABŞ səfirliyinin uzun fasilədən sonra siyasi partiyalarla təmasa keçməsi suallar yaradıb

Qərb Azərbaycanla bağlı siasətini aktivləşdirir. ABŞ səfiri uzun müddətdən sonra ölkənin aparıcı KİV rəhbərləri ilə görüşdü, səfirliyin siyasi məsələlər üzrə nümayəndəsi bir neçə müxalifət partiyaları ilə təmasa keçib. ATƏT-in KİV azadlığı üzrə nümayəndəsi Tereza Ribeyro aprelin 26-da Bakıda jurnalistlərlə görüşlər keçirib. Bu arada ABŞ səfirlərini Bakıya yığır. Eyni zamanda Qərb Qarabağ məsələsində təşəbbüsü ələ almağa başlayır. Son 4 ay yarımda Avropa İttifaqının təşkilatçılığı ilə Azərbaycan və Ermənistan liderləri Brüsseldə iki dəfə görüşüblər. Baş verənlər siyasi ekspertlər və politoloqlar tərəfindən müsbət hal kimi qarşılanır, yoxsa Rusiyanın qızışdırılması, aqressivləşdirilməsi baxımdan təhlükəli proses kimi qiymətləndirilir?

Politoloq Anar Əliyev “Yeni Müsavat”a bildirdi ki, Qərb, xüsusilə də ABŞ və onun Qərbi Avropa müttəfiqləri yenidən Cənubi Qafqazda, Azərbaycanda fəallaşmağa başlayıblar: “Əsasən də insan hüquqları, söz azadlığı istiqamətində müxtəlif tədbirlər keçirməklə Azərbaycandakı proseslərdə iştirakçılığını nümayiş və təmin etdirməyə çalışırlar. ABŞ səfirinin çox uzun müddətdən sonra ölkənin aparıcı KİV nümayəndələri ilə görüşü, eyni zamanda siyasi partiya nümayəndələri ilə görüşlərin keçirilməsi, bundan əlavə, ATƏT-in xüsusi nümayəndəsinin KİV-in azadlığı mövzusunda media təmsilçiləri ilə görüşlər keçirməsi Qərbi Avropa dövlətlərinin, Avropa institutlarının Azərbaycanın son illər həyata keçirdiyi müstəqil xarici siyasəti, müstəqil davranışı xoş qarşılamamalarının nəticəsidir. Eyni zamanda bu addımlar Azərbaycana müəyyən mənada təzyiq etmə vasitəsi kimi qiymətləndirilməlidir. Hesab edirəm ki, xüsusilə son aylar Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən sonra Azərbaycanın heç bir halda Rusiyaya qarşı mövqe tutan dövlətlərin sırasında yer almaması, ABŞ-ın və NATO müttəfiqlərinin anti-Rusiya siyasətində alətə çevrilməməsi Qərb texnoloqları tərəfindən ciddi narazılıqla qarşılanır. Bunun əvəzi olaraq Azərbaycana ciddi təzyiqlərin ediləcəyi gözlənilirdi. Azərbaycanın Qarabağ bölgəsində ermənilər vasitəsilə Azərbaycana təzyiq etmək imkanlarını müəyyən qədər itirmiş Qərb ənənəvi alətlərdən, rıçaqlardan istifadə etməklə söz azadlığı kimi, seçkilər, demokratiya, siyasi partiyalarla bağlı müəyyən mənada mücərrəd problemlərin mövcud olması istiqamətində fikirlər səsləndirməklə mövcud hakimiyyətə təsir etmək istəyir. Hakimiyyətin xarici siyasətində müəyyən korrektələr edilməsinə nail olmaq istəyirlər”.

Xəbərlər - Publika.az

Anar Əliyev 

Ekspert hesab edir ki, Azərbaycan dövlətinin xüsusən 2020-ci ilin sonlarında yaratdığı yeni reallıqlar fonunda Azərbaycan cəmiyyətində mövcud hakimiyyətə qarşı birmənalı böyük inamın formalaşdığı indiki şəraitdə söz azadlığı, siyasi azadlıqlar kimi metodlardan yararlanmaqla hakimiyyətə təsir etməyə nail ola bilməyəcəklər: “Qərbin istifadə etdiyi metodlarla hakimiyyətə qarşı xalq narazılığını formalaşdırmaq və bununla da hökumətin siyasətinə təsir etmək imkanları qazanmaq mümkün olmayacaq. Qərbin planlarından biri də Rusiya ilə Azərbaycan arasında münasibətləri pozmaqdır”.

Oqtay Qasımov: “Hərəkat liderləri sırasında agentlərin olmadığını deyə  bilmərəm” - VİDEO,FOTOLAR

 Oktay Qasımov

Politoloq Oktay Qasımov isə bildirdi ki, Qərbin, xüsusən də ABŞ-ın Cənubi Qafqaza, əsasən də Azərbaycana baxışlarında son dövrlər ciddi dəyişikliklər müşahidə edilməyə başlayıb. Əlaqələrin, səfərlərin intensivləşməsi müşahidə edilir. Bu aktivləşmənin təməli keçən il Avropa İttifaqı Şurasının sədri Şarl Mişelin Cənubi Qafqaz ölkələrinə səfərindən sonra başlayıb: “Biz son dövrlər Avropa İttifaqının Cənubi Qafqaz üzrə nümayəndəsinin Azərbaycanla təmaslarının artdığını görməkdəyik. Eyni zamanda paralel olaraq ABŞ-ın aktivləşməsi prosesi getməkdədir. ABŞ-ın Cənubi Qafqazın üç ölkəsindəki səfirlərinin Bakıda toplantısının keçirilməsi, səfirliyin uzun müddətdən bəri siyasi partiyalarla dayandırdığı görüşlərin yenidən bərpa edilməsi prosesini görürük. Həmçinin ATƏT-in xüsusi nümayəndəsinin KİV-lə görüşünü də bu sıraya aid edə bilərik. Azərbaycan müstəqilliyini qazandıqdan bəri Qərb strukturları, o cümlədən ABŞ-la kifayət qədər intensiv münasibətlər qurub. Bu münasibətlər nəticəsində neft müqavilələrində Qərbin böyük neft şirkətləri iştirak etdi və edir. Azərbaycan ATƏT-də, Avropa Şurasında rəsmən təmsil olunur. Avropa İttifaqı ilə Azərbaycan arasında sıx münasibətlər yaradılıb. Yəni Qərbin Azərbaycanda aktivləşməsi bu baxımdan qeyri-adi qarşılanmamalıdır. Burada ən çox diqqət çəkən ABŞ-ın Bakıdakı səfirliyinin aktivləşməsidir. 2016-cı ildə Donald Tramp hakimiyyətə gəldikdən sonra ABŞ dünya ölkələri ilə bağlı bu siyasətdən bir qədər imtina etmişdi. Co Bayden hakimiyyətə gələndən sonra Trampın yürütdüyü bu siyasəti dəyişməyə başladı. Ona görə də Amerikanın yenidən dünya ölkələrinin daxili siyasətinə aktiv müdaxilə etməyə başladığını müşahidə edirik. Bunun ən bariz nümunəsi Ukraynada baş verənlərdir”.

O ki qaldı Qərbin Azərbaycanla əlaqələrinin intensivləşməsinin Rusiya tərəfindən necə qarşılanacağına, ekspert dedi ki, Azərbaycan Qərb strukturları ilə illərdir kifayət qədər ciddi əlaqələrə malikdir. Bu əlaqələr Rusiyaya qarşı deyil. Bunu Moskva uzun illərdir görür və qəbul edir. İndi isə Azərbaycan 44 günlük savaşdan sonra regionda yeni reallıq yaratmış bir dövlətdir. Bu faktor da nəzərə alınmalıdır: “Digər tərəfdən, Cənubi Qafqazda bir geopolitik mübarizə getməkdədir. Artıq Ukrayna savaşından sonra ciddi şəkildə Rusiyaya qarşı beynəlxalq bir koalisiya yaradılıb. Bölgədə tərəflərin nüfuz savaşı davam etməkdədir və bu da Cənubi Qafqazda da kəskin durum yaradır. Azərbaycan onu hesablayır ki, burada hansı tərəfin marağı nədən ibarətdir. Öz siyasətini də buna uyğun olaraq müəyyənləşdirir. Ölkənin təhlükələrdən qorunması üçün bunlar lazımdır. Azərbaycan öz maraqlarını müdafiə edir. Rusiya ola bilsin ki, bu proseslərdən məmnun olmaz. Amma diqqət edirsiniz ki, son vaxtlar Rusiyadan da Azərbaycana çoxtərkibli nümayəndə heyətləri gəldi və ən yüksək səviyyədə görüşlər keçirdi. Bu da Azərbaycanın Rusiyaya verdiyi önəm və onunla münasibətlərin saxlanmasında maraqlı olduğunun göstəricisidir”.   

Ekspert hesab edir ki, Azərbaycan Qərbin təzyiq etməsi üçün mövcud olan bəhanələri aradan qaldırmalıdır: “Siyasi islahatları, demokratik islahatları özümüzün maraqlarımıza uyğun şəkildə aparmalıyıq. Qərbin bəhanələrini əlindən almalıyıq”.