23 Aprel 2024

Qanunsuz balıq ovu ilə məşğul olan şəxs saxlanılıb

Su Nəqliyyatında Polis İdarəsinin Neftçala Xətt Polis Məntəqəsinin əməkdaşları tərəfindən xidməti ərazidə qanunsuz olaraq balıq ovu ilə məşğul olan şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb olunması istiqamətində tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Media1.az-a verilən məlumata görə, polis və Şirvan Milli Parkının əməkdaşları tərəfindən Cənub-1 kollektorunun Salyan rayonu ərazisindən keçən hissəsində aparılan profilaktiki-nəzarət tədbirləri zamanı sintetik tordan istifadə etməklə balıq ovu ilə məşğul olan rayonun Şəkərli kənd sakini Məmməd Abbasov saxlanılıb.

Həmin şəxsdən bir ədəd taxta qayıq, uzunluğu 17 metrdən artıq olan sintetik tor və qanunsuz olaraq ovlanmış 31 ədəd balıq aşkarlanaraq maddi sübut kimi götürülüb.

Araşdırmalar zamanı saxlanılan şəxsin təbiətə 1023 manat miqdarında zərər vurması müəyyən edilib.