23 Dekabr 2024

Prokuror Elmar Vəliyevi güllələyən Yunis Səfərova ömürlük həbs cəzası istədi

Gəncənin keçmiş icra başçısı Elmar Vəliyevə qarşı sui-qəddə ittiham olunan Yunis Səfərov və daha 11 nəfərin işi üzrə məhkəmə araşdırması davam edir.

Media1.az Musavat.com-a istinadən  xəbər verir ki, işə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə baxılır.

İttihama görə Yunis Səfərov və daha 11 nəfərə qarşı qəsdən adam öldürməyə cəhd, terror, qanunsuz silah saxlama da daxil olmaqla, 30-a yaxın maddə ilə ittiham irəli sürülüb.

Təqsirləndirilən 12 nəfərdən ikisi tutularkən polislərə müqavimət göstərdiyi üçün öldürülüb. Onların ailə üzvləri məhkəmədə hüquqi varis qismində iştirak edir.

Sonuncu prosesdə dövlət ittihamçısı çıxış edib.

Prokuror Yunis Səfərovun ömürlük azadlıqdan məhrum edilməsini istəyib.

Prokuror digər təqsirləndirilən şəxslərə isə 15-20 il arası azadlıqdan məhrum etmə cəzası təyin edilməsini istəyib.

Qeyd edək ki, həbs edilənlərdən yalnız Yunis Səfərov özünü qismən təqsirli bilərək deyir ki, Elmar Vəliyevin Gəncə camaatına göstərdiyi pis münasibətə görə onu öldürmək istəyib. Digər şəxslər isə özünü təqsirli bilmir.