19 Mart 2024

Prezident Almaniyada Laçın yolu məsələsinə nida qoydu – “son nöqtədə…”

Avropa, regionda təhlükəsizlik istəyən dairələr, antiterror koalisiyasının üzvləri Azərbaycana dəstək verəcəkmi; Azay Quliyev: “Qarabağda baş verə biləcək hər hansı gərginliyə görə məsuliyyət həm də ABŞ və Avropa İttifaqının üzərində qalacaq”

Xankəndi-Laçın yolunun Şuşadan keçən hissəsində QHT təmsilçilərinin başlatdığı, ekofəalların davam etdirdiyi aksiya nəticəsində artıq üç aydan çoxdur ki, ermənilər bu yolla silah-sursat daşıya bilmirlər.

Nəhayət, ötən həftə bəlli oldu ki, separatçı rejimin təmsilçiləri, qanunsuz erməni birləşmələri Turşsu-Xəlfəli yolu və digər meşəiçi yollarla Ermənistandan silah-sursat daşımaqda davam edirlər. Ən ciddi qanunsuzluğu isə bu zaman sülhməramlılar edir – silahlı erməniləri hərbi texnikalarla müşayiət edirlər. Hansı ki, 10 noyabr üçtərəfli bəyanatın tələblərinə görə, sülhməramlı kontingent qanunsuz silahlı birləşmələri tərk-silah etməli, Ermənistan isə ordu qalıqlarını Qarabağdan çıxarmalı idi.

Görünən budur ki, Ermənistan və sülhməramlılar öz üzərinə düşən funksiyaları, öhdəlikləri yerinə yetirmirlər.

Təbii ki, Azərbaycan suveren ərazilərində bu cür qanunsuzluqların davam etməsinə loyal yanaşmayacaq. Belə görünür ki, BMT qətnamələrini Azərbaycan özü icra etdiyi kimi, 10 noyabr bəyanatını da özü həyata keçirməli olacaq.

Məsələnin digər mühüm – hüquqi tərəfi isə ondan ibarətdir ki, hazırda ermənilərin yaşadığı, sülhməramlı kontingentin yerləşdiyi ərazi Azərbaycanın beynəlxalq aləm tərəfindən rəsmən tanınan sərhədləri çərçivəsindədir, suveren ərazisidir.

Hər iki kontekstdən yanaşdıqda ortada olan həqiqət, reallıq bundan ibarətdir ki, Laçın yolunun sonunda – Azərbaycan-Ermənistan sərhədində sərhəd-keçid məntəqəsi fəaliyyətdə olmalıdır. Bu, həm dövlət sərhədi deməkdir, həm də Laçın yolu ilə separatçıların, qanunsuz silahlı birləşmə üzvlərinin, terrorçuların silah-sursat, qanunsuz daşımalar həyata keçirməsinin qarşısı alınmış olacaq. Regionun təhlükəsizliyi baxımından bunun alternativi yoxdur. Ancaq məsələ ondadır ki, həm Rusiya, həm də Ermənistan buna müqavimət göstərir. De-fakto nəzarətdən kənar, terrorçuluq üçün münbit ərazi qalmasına çalışırlar.

Azərbaycan beynəlxalq antiterror koalisiyasının üzvüdür. Ona görə də sivil dünya bu məsələdə Azərbaycana mütləq dəstək bildirməlidir.

Təsadüfi deyil ki, Azərbaycan Prezidenti İlham Əliyev Almaniyada səfərdə olarkən – Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayerlə görüşündə Laçın yolunda keçirilən etiraz aksiyasına da toxunub.

Prezident İlham Əliyev Laçın yolundakı aksiyanın Ermənistanın bu yoldan qeyri-qanuni daşımalarına qarşı olduğunu bildirib.

Prezident Laçın yolunun son nöqtəsində – Ermənistan-Azərbaycan sərhədində Azərbaycanın sərhəd-keçid məntəqəsinin qurulmasının artıq labüd olduğunu qeyd edib.

Eyni zamanda Prezident dinc erməni əhalinin təhlükəsizliyi, birgəyaşayış məsələsini qaldırmaqla bəyan etmiş olub ki, məqsəd yalnız qanunsuz yüklərin, silah daşımalarının qarşısını almaqdır. Dövlət başçısı nəzərə çatdırıb ki, Azərbaycan tərəfindən müəyyən olunmuş nümayəndə martın 5-də Azərbaycanın Qarabağ bölgəsindən olan sakinlərlə görüşüb, habelə Azərbaycan Prezidentinin Administrasiyası tərəfindən Qarabağın erməni ictimaiyyəti nümayəndələri reinteqrasiya məsələləri və bir sıra infrastruktur layihələrinin həyata keçirilməsi üzrə təmasların davam etdirilməsi üçün Bakıya dəvət olunub.

Bununla dövlət başçısı çox sadə bir şəkildə izah vermiş olub ki, Laçın yolunun sonunda – Ermənistanla sərhəddə sərhəd keçid məntəqəsinin yaradılması qanunçuluğun təminatı, habelə antiterror fəaliyyətinin bir qoludur. Ən əsası, Laçın yolu ilə bağlı müzakirələrə, müxtəlif dirənişlərə Almaniyada nöqtə qoymuş oldu. O bəyan etdi ki, yolun sonunda keçid məntəqəsi qurulmalıdır. Necə ki, Prezident “Qarabağ Azərbaycandır və nida” demişdi, bundan az sonra Qarabağ Vətən müharibəsi ilə azad edildi, eynilə sərhəd-keçid məntəqəsi məsələsinə də bu cür nida qoyduğunu söyləyə bilərik.

Başqa bir yol yoxdur.

Bu prosesdə Avropa, regionda təhlükəsizlik istəyən dairələr, antiterror koalisiyasının üzvləri Azərbaycana dəstək verəcəkmi? Onlar Azərbaycanın bu haqlı tələbinin həyata keçirilməsi üçün gərəkəni edəcəklərmi?

İlyas Hüseynov: "Özəl sektorun sosial məsuliyyət təşəbbüsləri  cəmiyyətimizin rifahının qorunması üçün önəmlidir"

 İlyas Hüseynov 

Sosial Tədqiqatlar Mərkəzinin sektor rəhbəri İlyas Hüseynov “Yeni Müsavat”a bildirib ki, Prezident İlham Əliyevin Almaniya səfəri hazırkı geosiyasi reallıqlarda həm də beynəlxalq konyukturanı nəzərə almaqla mühüm əhəmiyyət kəsb edir: “Çünki Almaniya ilə Azərbaycan arasında siyasi, iqtisadi, humanitar, mədəni, enerji münasibətləri mövcuddur. Hətta statistik rəqəmlərə də nəzər salanda görürük ki, ticarət dövriyyəsi artıb. Dövriyyəni daha da genişləndirmək üçün potensial mövcuddur. Digər tərəfdən, Almaniyanın şirkətləri Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulmasında, bərpasında yaxından iştirak edə bilərlər. Bu baxımdan, məhz elə cənab Prezident İlham Əliyevin Almaniyanın bir sıra biznes dairələri ilə keçirdiyi görüş də mühüm aktuallıq kəsb edirdi. Həmçinin təhlükəsizlik məsələlərinə dair də cənab Prezident öz fikirlərini bölüşdü və Almaniya Prezidenti, həm də Almaniya kansleri ilə mühüm məqamlar müzakirə edildi. Qanunsuz şəkildə torpaq yoldan istifadə edərək bölgəyə silah-sursat daşınmasının qəbuledilməz olduğunu Prezident İlham Əliyev bəyan elədi. Prezidentin Laçın yolunda Azərbaycanın nəzarət-buraxılış məntəqələrinin qurulmasının labüd olduğunu bildirməsi isə əminlik yaradır ki, Laçın yolunda nəzarət buraxılış məntəqələrinin qurulması hər an reallaşa bilər. Azərbaycan Prezidenti Avropanın ən aparıcı dövlətlərindən birinin paytaxtından ölkəmizin haqlı mövqeyini bəyan elədi. Beynəlxalq birliyə, beynəlxalq təşkilatlara və nüfuzlu dövlətlərə mesaj göndərildi. Beynəlxalq təşkilatlar və böyük dövlətlər beynəlxalq qanunlara, konvensiyalara hörmət qoyduqlarını və terrorçuluğa qarşı mübarizəyə dəstək verdiklərini nümayiş etdirməlidirlər. Kim regionda, dünyada sülhün, sabitliyin, təhlükəsizliyin yaranmasında maraqlıdırsa, Azərbaycanın antiterror addımlarını alqışlamalıdır. Avropa miqyasında, dünyada təhlükəsizlik məsələlərinə önəm verən dövlətlərdən biri Almaniyadır. Ona görə də Almaniya da bu məsələlərdə Azərbaycanın mövqeyini müdafiə etməlidir. Onu da nəzərə almaq lazımdır ki, Azərbaycan beynəlxalq antiterror koalisiyasının da üzvüdür. Bu faktor da Azərbaycanın antiterror addımlarına münasibətdə öz təsirini göstərəcək və göstərməlidir. Antiterror koalisiyasının üzvü, terror qarşı ciddi mövqedə duran Azərbaycanın regiondakı terror yuvasına qarşı tutduğu mövqe ilə sülhə dəstək verməsi müsbət qiymətləndirilməlidir. Azərbaycan ciddi tutarlı addım atarsa, buna Avropa və dünya tərəfindən güclü siyasi dəstəklə cavab verilməlidir”.   

Milli Məclisin deputatı Azay Quliyev isə bildirib ki, Qarabağda baş verə biləcək hər hansı gərginliyə görə məsuliyyət həm də ABŞ və Avropa İttifaqının üzərində qalacaq: “Prezident Administrasiyası Qarabağın erməni ictimaiyyətinin nümayəndələrini reinteqrasiya ilə bağlı təmasların davam etdirilməsi, habelə Qarabağda infrastruktur layihələrinin reallaşdırılması məsələlərinin müzakirəsi üçün ikinci görüşə dəvət edib və görüşün yaxın günlərdə Bakıda keçirilməsi təklif olunub. Ermənilər isə şərt irəli sürərək deyiblər ki, Azərbaycan rəsmiləri ilə görüş Rusiya sülhməramlılarının vasitəçiliyi olmadan keçirilə bilməz, görüşdə siyasi məsələlər müzakirə olunmamalı və görüş yeri Bakı yox, Xocalı müəyyən edilməlidir. Özü də bu fikirlər Qarabağın hansısa qondarma xarici idarəsi tərəfindən bildirilib. Birinci, Prezident Administrasiyası səviyyəsində Qarabağ ermənilərinin reinteqrasiya və infrastruktur məsələlərinin müzakirəsi üçün Bakıya dəvət olunması çox doğru addımdır və bu bir daha onu göstərir ki, Azərbaycan dövləti Qarabağ erməniləri ilə bağlı verdiyi vədə və bəyan etdiyi siyasətə tam sadiqdir. Bu dəvət həm də o deməkdir ki, rəsmi Bakı heç bir vasitəçi və üçüncü tərəfin iştirakı olmadan öz vətəndaşları olan ermənilərlə bütün məsələləri, o cümlədən onların hüquq və təhlükəsizliyinə aid olan qayğıları müzakirə edib həll etmək əzmindədir. Məlum olduğu kimi, ABŞ və Avropa İttifaqının vasitəçiliyi ilə aparılan bütün danışıqlarda da Qarabağ ermənilərinin sonrakı taleyinə aydınlıq gətirilməsi və onlara müvafiq şəraitin yaradılması Azərbaycandan xahiş olunub. Ancaq təəccüblüsü budur ki, nə Avropa İttifaqının, nə də ABŞ-ın rəsmiləri Prezident Administrasiyasının təklifinə hələlik reaksiya verməyib. İkinci, Qarabağ ermənilərinin yalnız Rusiyanın iştirakı ilə, həm də Bakıda yox, Xocalıda görüşə razılıq verməsi, siyasi məsələlərin müzakirə olunmasından imtina etməsi vəziyyəti bütün çılpaqlığı ilə üzə çıxartdı və bu da Azərbaycanın xeyrinədir. Çünki bu cavabla bir daha sübut olundu ki, Rusiya və Qarabağdakı separatçılar barış və birgə yaşayış mühitinin formalaşmasında maraqlı deyillər.

Əgər ABŞ və Avropa İttifaqı Rusiyanın diktəsi ilə Qarabağ separatçılarının bu pozucu hərəkətinə və davranışına adekvat reaksiya verməsə, o zaman onların Cənubi Qafqazda sülhün və təhlükəsizliyin təminatında maraqlı olduqları barədə verdikləri bəyanatların səmimiliyi şübhə altına düşəcək və bu məsələdə onlara olan kövrək inam və etimad zədələnəcək. Digər tərəfdən, Azərbaycanın barış və sülh üçün atdığı addımları dəstəkləmədiyi üçün Qarabağda baş verə biləcək hər hansı bir gərginliyə və ya ermənilər tərəfindən törədiləcək təxribata görə məsuliyyət həm də ABŞ və Avropa İttifaqının üzərində qalacaq”.

Elxan Şahinoğlu: "Ermənistanda maraqlı siyasi oyun gedir"

Elxan Şahinoğlu

Elxan Şahinoğlu isə bildirib ki, qarşımızda kim olursa-olsun, Laçın yolunda nəzarət-buraxılış məntəqəsinin yaradılmasını uzatmaq olmaz: “Ermənilər eyni səhvi təkrarlamaqda davam edirlər. 2016-cı ilin aprel ayında atəşkəsi pozdular, Azərbaycan Ordusu əks-həmlə ilə cavab verdi, 2020-ci ilin iyul ayında Tovuzda mövqelərimizi atəşə tutdular, itki verdik, zərbələr endirdik və bu hadisə böyük müharibəni yaxınlaşdırdı, sentyabr ayında yenə təxribata baş vurdular, İkinci Qarabağ müharibəsi başladı. Martın 13-dən başlayaraq hər gün Ermənistan silahlı qüvvələri müxtəlif istiqamətlərdəki mövqelərimizi, o cümlədən erməni separatçıları Rusiya hərbi kontingentinin yerləşdiyi ərazidən Xocalı rayonu istiqamətindəki mövqelərimizi atəşə tuturlar. Bu təxribatlar da Azərbaycan ordusunun növbəti hədəflərinə çatmasını, Laçın yolunda nəzarət-buraxılış məntəqəsinin qoyulmasını sürətləndirməlidir. Ermənilər bilirlər ki, Azərbaycan Ordusu Laçın yolunda nəzarət-buraxılış məntəqəsi yaradacaq. Digər tərəfdən erməni icmasının nümayəndələrinə növbəti görüşü Bakıda keçirməyi təklif ediblər. Bu təşəbbüslərimizi də mövqelərimizi atəşə tutmaqla da geriyə çevirdilər. Qarşımızda kim olursa-olsun, Laçın yolunda nəzarət-buraxılış məntəqəsinin yaradılmasını uzatmaq olmaz”.

Etibar SEYİDAĞA