29 Mart 2024

Novruzda Azərbaycana niyə az turist gəldi – açıqlama

Ceyhun Aşurov: “Nəzərə almaq lazımdır ki, quru sərhədlər bağlıdır”

“İran vətəndaşlarının Ermənistana axını azalıb. Ermənistana səfər iranlılara getdikcə baha başa gəlir”.

Bu barədə Ermənistan Turizm Federasiyasının sədri Mexak Apresyan Novruz bayramında ölkəyə gələn iranlıların sayının azalmasına münasibət bildirərkən deyib.

“Səbəb İranda inflyasiyanın olması, dramın dollar və avroya nisbətdə möhkəmlənməsidir. Bu, Ermənistanın turizm məhsulunun bahalaşmasına və ölkəyə səfərin qiymətinin artmasına səbəb olur”, – Apresyan bildirib.

Onun fikrincə, səfərlərin sayının azalması məhz bununla bağlıdır. Apresyan qeyd edib ki, 2022-ci illə müqayisədə rəqəmlər xeyli azalıb. Onun sözlərinə görə, İran vətəndaşlarının passivliyi təkcə Ermənistana səfərlərdə özünü göstərmir. İrandan digər xaricə ölkələrə gedən turist axını da aktiv deyil.

Bəs Azərbaycanda durum necədir? Novruz tətili günlərində Bakıda və bölgələrdə nədənsə az turist gözə dəydi.

Bu il azərbaycanlılar harada dincəlmək İSTƏYİR?

Turizm eksperti Ceyhun Aşurov “Yeni Müsavat”a açıqlamasında qeyd etdi ki, təkcə Azərbaycanda deyil, dünyada da pandemiyadan sonra turizm sektorunda bərpa dövrüdür. Mütəxəssis xatırlatdı ki, 20220-ci ilin may ayında 217 turizm destinasiyasında məhdudiyyətlərin tətbiq olunması ilə turizm sənayesi dayanmışdı ki, nəticədə turizm sahəsində 320 milyonluq iş yerinin təxminən 1/3-i, yəni 100 milyonu risk altına düşdü: “Bu, ciddi rəqəmdir. 2022-ci il  turizm sahəsi üçün bərpa dövrü idi. Azərbaycanda pandemiyadan öncəki dövrlə müqayisədə ötən il turizm sahəsi 50 faiz özünü bərpa etdi. Ölkəyə gələn xarici vətəndaşların sayı 1, 6 milyon olub. Bu isə pandemiyadan öncəki rəqəmin təxminən 50 faizinə bərabərdir. Dünyada isə turizm sahəsinin təqribən 60 faizi bərpa olunub. Azərbaycanda xüsusilə daxili turizmdə aktivlik müşahidə olundu. Regionlarda hotellər, evlər, qonaqlama yerləri demək olar ki, tam dolu olur. Xarici ölkələrə getməyə üstünlük verən vətəndaşlar daxili bazara yönəlmişdi”.

Mütəxəssis qeyd etdi ki, proqnozlar nikbindir: “Ümid edirik ki, 2023-cü ildə turizm sahəsi canlanacaq. Ümumdünya Turizm Təşkilatının ekspertlərinin proqnozlarına görə, bu il turizm sektoru pandemiyadan öncəki vəziyyətin təxminən 80 faizini bərpa edə bilər. Nəzərə almaq lazımdır ki, quru sərhədlər bağlıdır. Sevindirici haldır ki, müəyyən məhdudiyyətlər aradan qaldırılır. Turistlərin əksəriyyəti Azərbaycana quru sərhədlərindən keçirdi. Turist sayına təsir göstərən digər amil inflyasiyadır. Hər turistə görə qiymət təxminən 50 faiz artıb. Düşünürəm ki, məhdudiyyətlər aradan qaldırıldıqdan sonra turizm sahəsi özünü tam bərpa etməyə başlayacaq. Səyahət artıq ehtiyacdır. Azərbaycan vətəndaşları daha çox daxili regionlara yaxud yaxın ölkələrə səyahət edirlər. Bu il yaxın ərazilərə qısamüddətli, yəni daha qənaətli turlara üstünlük veriləcəyi proqnozlaşdırılır. İqtisadi, siyasi və s. baxımdan sabit şəraitdə 2023-cü ilin turizm üçün daha aktiv il olacağı gözlənilir. Yeri gəlmişkən, insanlar daha çox təbiət qoynunda səyahət etməyə üstünlük verir. Eyni zamanda birgünlük turların sayı artıb. Qiymətlər uyğun olduğu üçün tələbat var. Qeyd etmək lazımdır ki, uzunmüddətli tətil günlərində tələbat artdığı üçün regionlarda qiymətlər artır. Qiymətlər əhalinin hər bir kateqoriyası üçün əlçatan olmasa da, hotellər, evlər dolu olur. Sevindirici haldır ki, kənd evlərinin sayı artıb. Bu istiqamətdə müəyyən işlər görülür. Bu, xarici turistlər üçün də əlverişli fürsət yaradır”.

Nigar HƏSƏNLİ