23 Dekabr 2024

ÖLKƏMİZ SABİTLİK VƏ TƏHLÜKƏSİZLİK DİYARIDIR

Bu gün siyasətçilərin, siyasətşünasların diqqət yetirdikləri və müzakirə etdikləri problemlərdən biri milli təhlükəsizlik məsələləridir. Bu, əslində, bir ölkənin və ya regionun problemi deyil.  Hər bir dövlətin strateji kursunun – daxili və xarici siyasətinin hədəfləri sırasında milli təhlükəsizliyin təmin olunması müstəsna yer tutur.

Son dövrlərdə bizdən çox da uzaqda olmayan regionlarda baş verən silahlı qarşıdurmalar, anarxiya, hakimiyyət uğrunda qanlı mübarizələr, yüz minlərlə qaçqın ordusu, hətta qardaş Türkiyədə ardıcıl terror aktları və s. təhlükəsizliyin, sabitliyin hazırda nə dərəcədə əhəmiyyətli, dəyərli olduğunu bir daha göstərdi. Dünyada belə bir mürəkkəb şərait olduğu halda Azərbaycanda sabitlik və əmin-amanlıq hökm sürür. Azərbaycanda olan sabitliyinin təminatçısı Azərbaycan xalqıdır və biz bu gün təhlükəsizlik şəraitində yaşayırıq. Xalqımız dövlət siyasətini dəstəkləyir, xalq-iqtidar birliyi möhkəmlənir. Ölkəmizdə bundan sonra da təhlükəsizliyin və sabitliyin təmin ediləcəyinə şübhəmiz yoxdur. Çünki, təhlükəsizlik və sabitlik olmasa heç bir ölkə inkişaf edə bilməz.

Cənab Prezident İlham Əliyev Zəngilan rayonunun Ağalı kəndində ictimaiyyətin nümayəndələri ilə görüşdə çıxış edərkən söyləyib ki, “Bu gün dünyada gedən proseslər hər birimizin gözü önündədir. Azərbaycan sabitlik, təhlükəsizlik diyarıdır, deyə bilərəm ki, adasıdır. Bunu artıq bütün dünya görür və bilir. Əlbəttə, biz müstəqil olmasaydıq, yəni, sözün əsl mənasında, müstəqil olmasaydıq, erməni işğalına son qoya bilməzdik.”

Onu da qeyd etməliyik ki, həyatın bütün sahələrindəki inkişaf Prezident İlham Əliyevin uğurlu siyasətinin nəticəsidir. Aparılan uğurlu islahatlar ölkəmizin inkişafına, vətəndaşların rifah halının yaxşılaşdırılmasına hesablanıb. Həmçinin, müasir dövrdə Azərbaycan Cənubi Qafqaz regionunda əsas söz sahibi olan dövlət kimi çətin və mürəkkəb geosiyasi şəraitdə müstəqil xarici siyasət həyata keçirir. Bu gün Azərbaycan regionun yeganə ölkəsidir ki, düşünülmüş daxili və xarici siyasəti ilə həm inkişaf edir, iqtisadi sistemini təkmilləşdirir, həm də regional təhlükəsizliyin təmin olunması istiqamətində ardıcıl və sistemli addımlar atır.

Otuz il həsrətində olduğumuz torpaqlarımız Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz sayəsində erməni işğalından azad olundu, ərazi bütövlüyümüz bərpa edildi. 44 günlük Vətən müharibəsi həm xalqımızın gücünü, həm də mənəvi keyfiyyətlərini göstərdi. Biz 44 gün ərzində həm ərazi bütövlüyümüzü bərpa etdik, həm ədaləti bərpa etdik, həm milli ləyaqətimizi bərpa etdik.

 Hal-hazırda işğaldan azad olunan ərazilərimizdə icra olunan infrastruktur layihələr dayanmadan genişlənir. Dəmir yolları, avtomobil yolları çəkilir. Avtomobil yollarının bir çoxu altı və dörd zolaqlıdır. Zəngilanda hava limanı tikilir və bu il istifadəyə veriləcək. Artıq böyük aqropark salınıb, ilk məhsul bu il götürüləcək. Hər birimiz bilirik ki, görülən işlər asan başa gəlmir. Həyata keçirilən bərpa işləri ölkəmizi daha da gücləndirəcək.

Azərbaycan xalqı bundan sonra müzəffər xalq kimi yaşayacaq!

Etibar Hacıyev – YAP Ağstafa rayon təşkilatının sədri