27 İyul 2024

Nəcib əməllərin davamçısı Səməd Pirməmmədli

Əsrarəngiz gözəlliyi ilə seçilən Şərur-Dərələyəz Qəzasının Çivə kəndi Azərbaycan tarixinə çox görkəmli şəxsiyyətlər bəxş etmişdir. Bu şəxslərin içərisində  Xalq qəhrəmanı Balo bəy Vəkilov, körkəmli dövlət xadimləri İlyas bəy və Qəzənfər bəy, Tofiq bəy  Vəkilovlar,  Azərbaycanın  ilk hüquqşünaslarından olan, Teymur bəy Vəkilov, Abbas bəy Vəkilov, Həsənalısultan bəy Vəkilov, dünya şöhrətli jurnalist Leyla Vəkillini  nümunə gətirmək olar. Çivə kəndi haqqında danışarkən 1918-1920-ci il tarixində Balo bəy Vəkilovun rəhbərliyi ilə konullü taborun yaradılması və ermənilərə qarşı müqavimət hərakatının təşkil olunmasındakı müstəsna rolunu qeyd etməmək mümkün deyil.

QHT.az xəbər verir ki, bu cür gözəl ən-ənələri olan Çivə kəndinin sonrakı dönəmlərdə də layiqli övladları həmişə öz davranışları ilə diqqət çəkiblər. Bu gün haqqında söhbət açdığımız Səməd Məmmədovda bu cür ən-ənələri yaşadan şəxslərdəndir. Gəlin haqqında söhbət açdığımız qəhrəmanımzı tanıyaq.

Məmmədov (Pirməmmədli) Səməd Abbas oğlu 17 mart 1948-ci il tarixdə Qərbi Azərbaycanın  Dərələyəz mahalının Çivə kəndində anadan olub. İ.Stalinin qərarı ilə  Qərbi Azərbaycandan Azərbaycan türklərinin Deportasiya edilməsi nəticəsində Səməd Pirməmmədli atası Abbas nənəsi Şəhrəbanu və anası Xanım bacısı  Bilqeyis, dayıları Cabbar və Zülfüqarla birlikdə Şərur rayonunun  Düdəngə kəndinə köç ediblər. Bir neçə il Düdəngə kəndində yaşadıqdan sonra atası Abbas müəllimlə birlikdə Çivə camaatının kompakt yaşadığı Bərdə rayonu İmirli kəndinə köç ediblər. 3 yaşında 1951-ci ildə anası Məhərrəmova xanım Kazım qızı avtomobil qəzasında həyatını itirib. Onu da qeyd edək ki, Səməd Pirməmmədlinin anası Gəncəli Musa pəvlavanın nəslindəndir. Səməd Pirməmmədli  Nənəsi Şəhrəbanu və  dayısı Cəbbarın himayəsində böyümüşdür. İlk orta təhsilini  Bərdə rayonu  İmirli kəndində bitirmişdir. Sonra isə peşə məktəbində tam orta təhsilini başa vurmuşdur. 1968-ci ildə yenidən öz doğulduğu Dərələyəz mahalına qayıdaraq bir neçə il  orta məktəbdə müəllim işləmişdir. Bundan sonra  1971-ci ildə paytaxt Bakıya gəlmişdir. İki ilə yaxın Bakı şəhərində müxtəlif işlərdə işləmişdir.  1973/1976-cı illərdə  tarixində  Bakı Yerli Sənaye Texnoloji texnikomunun  Faydalı qazıntı yataqlarının açıq istismarı  fakultəsində  dağ mexaniki ixtisası üzrə  təhsil almışdır. 1978-ci ildə istehsalatda sex rəisi vəzifəsində çalşımışdır.  1981-ci ildə isə Bakı Şəhəri İstilik Şəbəkəsində anbar müdüri sonra isə Maddi Texniki Təchizat şöbəsinin rəisi vəzifəsində çalışmışdır. Ümummili Lider Heydər Əliyevə xüsusi rəğbəti olduğundan “Heydər baba” MMC-nin yaranmasında təşəbbüs göstərmişdir. 1994-cü ildə “Heydər baba” MMC-də direktoru vəzifəsini daşımışdır. 1995/1998-ci illərdə Bakı Şəhəri Təsərrüfatlararası Maddi-Texniki Təchizat idarəsi rəisi işləmişdir. Xarici ölkələrdən Azərbaycana Neft şirkətinə, zavodlara, müxtəlif növ avadanlıqlar, materiallar, fəhlə geyimləri gətirilməsi, çatdırılmasında fəal iştirak etmişdir. 1999-cu ildə “Azərsukanal təmir” İstehsalat birliyində, İstehsalat kommersiya və material Texniki kompleksləşdirmə bazasının rəisi olub. 2001-ci ildə Bakı şəhəri xüsusi ixtisas tikinti Quraşdırma idarəsində  Baza müdüri  vəzifəsində işləyib.

Bu yuxarıda sadalananlar onun rəsmi vəzifəsi olmuşdur. Vəzifə karyerasına çətinliklərlə gəlsə də heç vaxt bu çətinlikləri öz xarakterinə yansıtmamış həmişə ətrafa pozitiv enerji vermişdir. Öz doğma yurdu Dərələyəzə bağlı vətənpərvər el ağsaqqalı olmuşdur. Elindən, kəndindən olan qohum əqrəbəya, dostlara kənd əhalisinə, imkanı olduğu qədər yardım göstərmişdir. 1970-ci illərdə Bakıya qohumlar arasında ilk evi olanlardan idi. Xəstəxanaya gələnlərə, ali məktəbə hazırlaşanlara, xeyir işləri olanlara, daim diqqət, qayğı göstərmiş, xərcləri qarşılanıb. Hüzür məclislərinə, kasıblara, işsiz olanlara təmənnasız yardım göstərmişdir. Yaşadığı yerdə qonşulara təmənnasız kömək etmiş yol, su, qaz, işıq çəkdirmiş, xeyriyyəçilik işlərində həmişə öndə olmuşdur. Səməd Pirməmmədli təvəzökarlığı ilə başqalarından fərqlənmişdir.

Qeyd edək ki, bu məqalə ötən ay dünyasını  dəyişən Səməd Pirməmmədlinin fəaliyyətinə  həsr edilmiş kiçik bir tövhədir. Əməllərin oğlun Möhübbət Səmədoğlunun nümunəsində yaşayır. O, indi Dərləyəz icmasında doğma yurda qayıtmaq üçün bütün gücü ilə çalışır.

Ruhun şad olsun Səməd müəllim! Əməllərin daimi yaşayacaq!

Pərvanə Fərhadqızı