23 Dekabr 2024

Müsavat Rusiyaya etiraz etdi – səfirlik önündə piket

Müsavat Partiyası dünən Rusiyanın ölkəmizdəki səfirliyi qarşısında piket keçirib. Media1.az Musavat.com-a istinadən xəbər verir ki, bu barədə partiya başqanı Arif Hacılı məlumat yayıb.

Onun sözlərinə görə, Rusiyanın Yuxarı Qarabağda olan qüvvələrinin öz mandatına aid olmayan fəaliyyətinə, işğalçı kimi davranışlarına “Xankəndi Azərbaycandır”, “Xocalı Azərbaycandır”, “Qarabağdan əlini çək” və başqa şüarlarla etiraz olunub: “Qarabağ müharibəsində ”İsgəndər M” raketlərindən istifadə edilməsi ilə bağlı izahat tələb etdik. Piketin qətnaməsi Azərbaycan və rus dillərində ictimaiyyətin diqqətinə çatdırıldı. Müsavat Partiyası Gənclər Təşkilatı üzvləri və digər fəallarının iştirakı ilə keçirilən etiraz aksiyası öz məqsədlərinə nail oldu.

Rusiyanın Azərbaycandakı səfirliyinin qarşısında etiraz aksiyası

Yerli və beynəlxalq ictimaiyyətin diqqətini Rusiya silahlı qüvvələrinin Azərbaycan ərazisində törətdiyi özbaşınalığa bir daha yönəldə bildik. Ağır pandemiya şəraitinə baxmayaraq öz sağlamlıqlarını risk altında qoyaraq bu aksiyada iştirak edən hər kəsə xüsusi fədakarlıqlarına görə təşəkkür edirəm. Azərbaycanın ağrılı problemləri ilə bağlı etiraz aksiyalarımız yüksələn xətt üzrə davam edəcək”.