23 Dekabr 2024

Millimiz Türkiyədəki yarışı Almaniyadakından üstün tutdu

“Stolüstü tennis komandamız bu il Avropa çempionatında iştirak etməyəcək. Buna səbəb pandemiya ilə əlaqədar olaraq ötən il təsnifat mərhələsində iştirak etməməyimizdir. Avropa çempionatında iştirak etməyəcəyimizdən, avtomatik olaraq dünya birinciliyində də mübarizə aparmağımız qeyri-mümkündür”.

Bunu Oxu.Az-a Azərbaycan Stolüstü Tennis Federasiyasının mətbuat xidmətinin rəhbəri Elmar Məlikov bildirib.

O, stolüstü tennis millimizi bu il gözləyən beynəlxalq yarışların adlarını açıqlayıb:

“15-24 iyul tarixlərində Serbiyanın Novı Sad şəhərində yeniyetmə və gənclərin Avropa çempionatı keçiriləcək. Bu yarışda və Türkiyənin Konya şəhərində avqustda keçiriləcək V İslam Həmrəylik Oyunlarında komandamızın iştirakı nəzərdə tutulub. 13-21 avqust tarixlərində Almaniyanın Münhen şəhərində keçiriləcək fərdi Avropa çempionatı, demək olar ki, İslamiada ilə eyni vaxta düşdüyü üçün Türkiyədəki yarışa üstünlük veriləcək”.

Xatırladaq ki, V İslam Həmrəylik Oyunları 9-18 avqust tarixlərində keçiriləcək.