Kukla teatrları bir səhnədə toplaşdılar – Fotolar
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində, Azərbaycan peşəkar milli teatrının 150 illiyi ilə əlaqədar Azərbaycan Dövlət Kukla Teatrı silsilə tədbirlər həyata keçirir. Bunlardan biri də Mədəniyyət Nazirliyinin dəstəyi ilə 13-17 iyun tarixlərini əhatə edən “Kukla teatrları həftəsi”dir.
Media1.az Musavat.com-a istinadən xəbər verir ki, iyunun 13-də Azərbaycan Dövlət Kukla Teatrında tədbirin təntənəli açılış mərasimi keçirilib.
Mədəniyyət Nazirliyi təmsilçilərinin, ədəbiyyat və incəsənət, teatr xadimlərinin iştirak etdiyi sənət bayramı ev sahiblərinin təqdimatında “Nağılvari” adlı tamaşa çələngi ilə başlayıb. Ardınca teatr həftəsində təmsil olunan kollektivlərin yaradıcılıq yoluna qısa nəzər olan videoçarx təqdim edilib.
Tədbir teatr həftəsinin ilk qonaq kollektivi – Gəncə Dövlət Kukla Teatrının təqdimatında “Ana qaz” tamaşasının (R. Rza) nümayişi ilə davam edib.
Sonda Azərbaycan Dövlət Kukla Teatrının direkrotu, Əməkdar mədəniyyət işçisi Rəşad Əhmədzadə gəncəli kuklaçılara Fəxri diplom və xatirə hədiyyəsi təqdim edib.
Xatırladaq ki, ölkəmizdə fəaliyyət göstərən kukla teatrlarının yaradıcılıq əlaqələrini daha da genişləndirmək, təcrübə mübadiləsinə nail olmaq, qarşılıqlı səfərlərin yeni mərhələsinə keçmək və bölgə teatrlarının yaradıcılıq imkanlarını paytaxt teatrsevərlərinə təqdim etmək məramlı teatr tədbiri ölkənin bütün kukla teatrlarını əhatə edir.
Tamaşa həftəsində nümayişlər Azərbaycan Dövlət Kukla Teatrının böyük səhnəsində “açıq qapı” formatında reallaşır. Burada əsas məqsəd səhnə nümunələrinin bütün teatrsevərlər üçün əlçatan olmasıdır.
Sənət bayramında iştirak edən qonaqlar arasında Beynəlxalq Teatr İnstitutunun Səudiyyə Ərəbistanındakı ofisinin rəhbərliyi, Birləşmiş Ərəb Əmirliklərində Fuceyra Beynəlxalq Monodram Festivalının təşkilat komitəsi təmsilçiləri də var.