15 Dekabr 2024

Ölkəmizin xarici siyasəti uğurla inkişaf etdirilir

Azərbaycan beynəlxalq ictimaiyyət tərəfindən inam və etimad ünvanı kimi qəbul edilir. Uğurlu xarici siyasət nəticəsində ölkəmiz dünya dövlətləri ilə sıx əlaqələr qurub, eləcə də beynəlxalq təşkilatlar çərçivəsində fəal əməkdaşlıq edir. Azərbaycan müxtəlif beynəlxalq platformalarda aktiv iştirak edərək etibarlı tərəfdaş olduğunu təsdiqləyib.

Ölkəmiz bir sıra regional və beynəlxalq platformalara dəvət olunur, dövlətimizin başçısı sammitlərdə nüfuzlu, fəxri qonaq kimi iştirak edir. Prezident İlham Əliyevin Rusiyanın Kazan şəhərində keçirilən XVI BRICS Sammitinə dəvət olunması bir daha bu reallığı təsdiqləyir. Hazırda 10 üzvü olan BRICS 2006-cı ildə yaradılıb. BRICS Sammitində 36 ölkədən və 6 beynəlxalq təşkilatdan nümayəndə heyətləri, o cümlədən 22 dövlət başçısı və BMT-nin Baş katibi Antonio Quterreş iştirak edib. BRICS 2009-cu ildən bəri hər il rəsmi sammitlərdə toplaşan və çoxtərəfli siyasətləri əlaqələndirən vahid geosiyasi bloka çevrilib, həmçinin dünya əhalisinin təxminən yarısını və qlobal iqtisadiyyatın dörddəbirindən çoxunu təşkil edən nəhəng iqtisadi güc mərkəzinə çevrilib. BRICS qarşılıqlı hörmət, həmrəylik, bərabərlik, demokratiya, inklüzivlik, konsensus kimi fundamental prinsiplər əsasında qurulan və fəaliyyətini də həmin təməllər üzərində quran bir platformadır.

Azərbaycan Prezidentinin BRICS-in Kazan sammitinə dəvət olunması təadüfi deyil. Nəzərə alaq ki, ölkəmiz dünyada BMT-dən sonra ikinci beynəlxalq təşkilat olan Qoşulmama Hərəkatına 4 il sədrlik edib. Bundan sonra Azərbaycan bu təsisatda səmərəli fəaliyyətini uğurla davam etdirir. Həmçinin, Azərbaycan COP29-a sədrliyi dönəmində dünya enerji diplomatiyasını aktiv şəkildə formalaşdırır. Bu konteksdə, həm də BRİCS ölkələri ilə fəal dialoq aparılır və əməkdaşlıq həyata keçirilir. XVI BRICS Sammitinin “Outreach”/“BRICS+” formatının ilk plenar iclasında Prezident İlham Əliyev bu məqamları xüsusi vurğulayıb. Dövlətimizin başçısının dediyi kimi, Azərbaycan beynəlxalq münasibətlərdə çoxtərəflilik prinsipinin fəal tərəfdarıdır. Dövlətimiz bu mövqeyini bütün platformalarda bəyan edir.  BRICS Sammitinin yekun Bəyannaməsində üzv dövlətlər təşkilatın ruhuna sadiq qaldıqlarını və əməkdaşlığı bundan sonra daha da dərinləşdirmək əzmində olduqlarını bildiriblər. Sənəddə BRICS ölkələri arasında əməkdaşlığın əsas istiqamətlərinə diqqət çəkilir. Üzv dövlətlər siyasət və təhlükəsizlik, iqtisadiyyat və maliyyə, mədəni və humanitar əlaqələr sahəsində əməkdaşlığı dərinləşməsinə töhfələr verib. Bununla belə, inteqrasiyanın dərinləşdirilməsi istiqamətində hələ çox işlərin görülməsinin zəruriliyi sənəddə vurğulanıb. Hazırda iqlim çağırışlarının aktuallığı bütün dünya üzrə heç vaxt olmadığı qədər artıb. Azərbaycan COP29 konfransına ev sahibliyi hüququnu öz üzərinə götürməklə və ötən bir ildə hazırlıq prosesini uğurla keçməklə dünyanı narahat edən iqlim çağırışlarına necə böyük həssaslıqla yanaşdığını nümayiş etdirir. Kazan Bəyannaməsində BRICS-in Bakıda COP29-un uğurla keçirilməsinə sadiqliyi vurğulanıb. “Biz Azərbaycanda COP29-un uğurla keçirilməsində qərarlıyıq”, – deyə sənəddə vurğulanır.

Tağı İmamverdiyev

YAP Ağstafa rayon təşkilatının əməkdaşı