15 Dekabr 2024

Qalibiyyətimizin simvolu — Zəfər parkı

Bakıda yaradılmış Zəfər Parkı Vətən müharibəsində qazanılan tarixi qələbəni tərənnüm edir. Bu möhtəşəm abidə Zəfər Gününü və xalqımızın sarsılmaz birliyini təcəssüm etdirir. Memorial abidənin ətrafında Qarabağ xalçalarındakı naxış və bəzək elementlərini əks etdirən yaşıllıq salınıb. Əraziyə girişdə 44 tağ elementindən istifadə edilib. Tağlar Qələbəyə aparan rəmzi yolun başlanğıcını tərənnüm edir. Park və abidə Vətən uğrunda canlarından keçmiş qəhrəman oğullarımızın əziz xatirəsinə böyük ehtiramın ifadəsidir. Tağın üst hissəsindəki ağac elementi böyüyən Azərbaycan, pöhrələnmə, firavanlıq, yeni həyata və Qələbəyə aparan simvolik yol təsəvvürü yaradır. “Dəmir yumruq” Zəfərin əsasında dayanan Lider, Xalq, Dövlət və Ordu birliyinin rəmzidir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və oğulları Heydər Əliyev Zəfər parkının açılışında iştirak ediblər. Cənab Prezidentin açılışda xalqa müraciət edib. “İndi Ermənistanın bəzi Qərb havadarları Ermənistandan “sülh göyərçini” düzəltmək istəyirlər. Sanki bu 30 illik işğal olmayıb, dağıntılar olmayıb, vəhşilik olmayıb, Xocalı soyqırımı olmayıb. Məscidlərimizin, qəbirlərimizin dağıdılması, bütün Qarabağın, Şərqi Zəngəzurun viran edilməsi sanki olmayıb. Yəni, bunu unutdurmaq, dünya ictimaiyyətinə unutdurmaq istəyirlər. Amma biz heç vaxt bunu unutmayacağıq və Azərbaycan xalqı heç vaxt bunu unutmamalıdır, bizdən sonra gələn nəsillər bu tarixi bilməlidirlər və heç vaxt unutmamalıdırlar. Necə ki, biz Qarabağı 30 il ərzində unutmamışdıq, necə ki, 30 il ərzində xalqımız bir nöqtəyə vuraraq bu Qələbəni yaxınlaşdırırdı. Bundan sonra da bu tarixi yaddaş heç vaxt yadımızdan çıxmamalıdır”.

Prezident İlham Əliyev xalqa müraciətində Vətən müharibəsində qazanılan tarixi qələbə, qələbədən sonra keçilən yol, regionda hazırkı vəziyyət haqqında fikirlərini ifadə edib. Dövlət başçısının dediyi kimi, 44 günlük Vətən müharibəsi bizim şanlı tariximizdir, parlaq Qələbəmizdir. Biz həm Birinci Qarabağ müharibəsinin, həm İkinci Qarabağ müharibəsinin, eləcə də antiterror əməliyyatının şəhidlərinin qanını döyüş meydanında aldıq, öz ərazi bütövlüyümüzü, suverenliyimizi bərpa etdik. Qırx dörd gün ərzində Azərbaycan Silahlı Qüvvələri ancaq və ancaq irəli gedirdi. Hər gün, hər saat irəli gedərək döyüş meydanında 300-dən çox şəhər və kəndimizi işğalçılardan azad etdik və düşməni kapitulyasiya aktının imzalanmasına məcbur etdik. Qırx dörd gün ərzində şəhərlərimizin, kəndlərimizin azad edilməsi Ordumuzun gücünü, hərbçilərimizin peşəkarlığını, fədakarlığını, xalqımızın əzmini bütün dünyaya nümayiş etdirdi.

Torpaqlarımız 30 il ərzində işğal altında olsa da, Azərbaycan xalqı və Azərbaycan rəhbərliyi bu işğalla heç vaxt barışmırdı. Bununla bağlı Prezident İlham Əliyev müraciətində qeyd edib: “Baxmayaraq ki, Ermənistanın arxasında duran bir çox dövlətlər bizim bu işğalla barışmağımız üçün müxtəlif üsullardan istifadə edirdilər. Azərbaycan xalqı yaxşı xatırlayır, böyük dövlətlər, bu məsələni – Ermənistan-Azərbaycan münaqişəsini guya həll etməyə çalışan vasitəçilər dəfələrlə bəyan edirdilər ki, bu münaqişənin hərbi həlli yoxdur. Onu demək istəyirdilər ki, biz bu işğalla barışaq. Onların planlarında məsələni həll etmək yox, işğala son qoymaq yox, Azərbaycan torpaqlarını erməni işğalının altında əbədi saxlamaq idi. Biz bunu görürdük, bilirdik. İllər keçdikcə, hər bir danışıqlar dövrü uğursuzluqla başa çatdıqca həm Azərbaycan rəhbərliyi, həm Azərbaycan xalqı bunu əyani şəkildə görürdü. Biz isə bu vəziyyətlə barışa bilməzdik. Hələ 2003-cü ildə ilk dəfə Azərbaycan Respublikasıkasının Prezidenti vəzifəsinə seçiləndə mən bəyan etmişdim ki, nəyin bahasına olursa-olsun, biz öz ərazi bütövlüyümüzü bərpa edəcəyik, Azərbaycanın ərazi bütövlüyü, suverenliyi danışıqlar mövzusu olmayacaq və həyat bunu göstərdi.

Tağı İmamverdiyev
YAP Ağstafa rayon təşkilatının əməkdaşı